BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Şahdağlıların dilləri ölürmü?

Şahdağlıların dilləri ölürmü?

Yeddi etnik qrupdan yalnız birinin dilində ibtidai dilöyrənmə təşkil olunub. Niyə?

 

1 avqust 2022-ci il

 

1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən təsis edilib. Həmin Fərman latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğu nəzərə alınaraq imzalanıb.

Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili öz mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması Azərbaycan dilinin möhkəmlənməsinə, dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib... Lakin Azərbaycan həm də multikultural, çoxmillətli ölkədir. Və belə bir gündə, mövzunun aktuallığını nəzərə alaraq, Azərbaycanın şimal-şərqində, Quba Dağıstanındakı məşhur Şahdağın ətəklərində məskunlaşmış “kiçik yeddilər”in dillərinin başının üzərini almış təhlükə ilə bağlı həyəcanlı vəziyyətə toxunmaq qərarına gəldik...

 

Saysız-hesabsız azsaylı xalqların da yaşadığı multukultural dünyaya örnək göstərilən Azərbaycandakı Şahdağ milli-etnik qrupuna aid yeddi xalqdan altısının ana dili tamamilə itib getmək təhlükəsi ilə üz-üzədir! Bu gün şahdağlılar ana dillərində yalnız öz evlərində danışa bilirlər. Həmin kəndlərdə yaşayanların sayı getdikcə azalır, aşağılara köçən gənc ailələrsə burada öz dillərində danışmadıqlarından uşaqlar ana dilini öyrənməkdən məhrum qalırlar. Çıxış yolu şahdağlıların tarixi vətənlərində və məskunlaşdıqları düzən kəndlərdəki məktəblərdə ibtidai siniflər səviyyəsində ana dilinin tədrisidir. Azərbaycan qanunvericiliyinə görə ibtidai siniflərdə öz ana dillərini öyrənməli olan bu xalqlardan hazırda yalnız Xınalıqda bu istiqamətdə real iş qurulub, ancaq əslində qədim kətişlərin də ana dillərini öyrənmələri yarımçıq həyata keçirilir. Niyə? Məsələ burasındadır ki, müxtəlif dövrlərdə baş vermiş və əslində hazırda da davam etməkdə olan urbanizasiya prosesləri nəticəsində “kiçik yeddilər”in hər biri ətraf düzən rayonlarda ən azı 30-35 oba-kənd salaraq yığcam yaşamağa başlamışlar və indi də həmin yerlərdədirlər. Yəni bu gün Xınalıq kəndindən kənardakı heç bir kətiş yaşayış məskənində kiçik xınalıqlılara ana dilləri tədris olunmur...

 

Latın hürufatı əsaslı Xınalıq əlifbası

 

Şahdağlııların heç olmazsa, ilkin vətənlərində ibtidai siniflər səviyyəsində öz ana dillərini öyrənmələri yolunda ən böyük əngəl müvafiq əlifbanın olmamasıdır. Bu mənada Xınalıq kəndi xoş istisnadır. Məsələ burasındadır ki, həmin kənddə əlfbanın tərtibinə hələ ötən əsrin 70-ci illərində şəxsi təşəbbüs əsasında xınalıqlı mərhum şair-təcüməçi və müəllim Rəhim Alxas tərəfindən başlanmışdı. 2013-cü ilə qədər Xınalıq dilində yazılan bütün yazılı sənədlər Xınalıq kiril əlifbası ilə qələmə alınırdı. Hazırda isə Xınalıq dilindəki bütün yazılı sənədlər Xınalıq latın əlifbası əsasında hazırlanır. Xınalıq latın əlifbası 2013-cü ildə veb-dizayner və kompüter proqramçısı xınalıqlı Elnur Məmmədov tərəfindən tərtib olunub. 2013-cü ilin may ayında Xınalıq kənd tam orta məktəbində keçirilmiş toplantıda Xınalıq latın əlifbası məktəb kollektivi və xınalıq kənd ictimaiyyəti tərəfindən qəbul edilib. Elnur Məmmədov tərəfindən Xınalıq əlifbasının kompüter klaviatura proqramı hazırlanıb. Hazırda Xınalıq əlifbası üzərində işlər davam edir. Yaxın gələcəkdə Xınalıq əlifbası kitabı və əlifbaöyrədici kompüter proqramlarının istifadəyə verilməsi nəzərdə tutulur. (Yeri gəlmişkən, E.Məmmədov həmin 2013-cü ildə Almaniyanın Frankfurt şəhərindəki Höte Universitetinin Dilçilik fakültəsinin “DoBeS” layihəsinin maliyyə dəstəyi ilə xınalıqlı şair Rəhim Alxasın Xınalıq dilində olan şeirlərini, onun tərcüməsində Nizaminin və Füzulinin əsərlərini dərc etdirmiş, Xınalıq dilində... xınalıqlı Arif Cəlalın meyxanalarından ibarət kompakt kitab və CD-disk buraxmağa nail olmuşdur! Elnur deyir ki, onun “xinaliq.com” adlı internet saytı da varmış, ancaq maliyyə çətinlikləri ucbatından indi bağlanıb. Bir vaxtlar Bakıda çalışsa da, indi Qubada işləyir Elnur. Lakin Xınalığı da unutmur, tez-tez buradakı evlərinə gəlir.) İndi xınalıqlı uşaqlar kənddəki orta məktəbin ibtidai siniflərində öz ana dillərini məhz həmin əlifba ilə öyrənirlər...

Bir neçə il əvvəl mətbuatda o zaman Quba rayonunun Alekseyevka kənd orta məktəbinin ədəbiyyat müəllimi işləyən əslən buduqlu Adıgözəl Hacıyevin yaratdığı 43 hərf və bir işarədən ibarət latın hürufatı əsaslı Buduq əlifbası yayımlandı və ictimaiyyətin müzakirəsinə səbəb oldu. Lakin təəssüf ki, tezliklə həmin vacib təşəbbüs unuduldu.

 

Latın hürufatı əsaslı Buduq əlifbası

 

 

Sual oluna bilər: bəs digər Şahdağ xalqları nə etməlidirlər? Onların da hər biri aşağıdan şəxsi təşəbbüs göstərib öz əlifbalarınımı yaratmalıdırlar?

Düşünürük ki, burada ən optimal yol Xınalıq və Buduq əlifbaları əsasında latın hürufatlı ortaq Şahdağ əlifbasının yaradılması və tədricən bu kəndlərin hər birində ibtidai təhsil səviyyəsində ana dilinin tədrisinə başlanmasıdır. Amma bu problemi dövlətin əlaqədar qurumlarının – Elm və Təhsil nazirliyinin, AMEA Dilçilik institutunun, Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin və b. iştirakı olmadan həll etmək qeyri-mümkündür. Çünki bu iş yetərli sayda pedaqoji kadr bazasının yaradılmasından tutmuş müvafiq dərsliklərin hazırlanmasınadək bütöv bir vəzifələr spektrini əhatə edir. Bu gün şahdağlıların mövcud yaşam coğrafiyasının anadilli ibtidai tədrislə tam əhatə edilməsi isə daha bir mürəkkəb məsələdir. Zira hazırda şahdağlıların tarixi vətəni olan yeddi kəndin hər birinin xələfləri respublikamızın bir neçə rayonunda kompakt halda yaşamaqdadırlar. Misal üçün, bu gün haputlular hətta Füzuli rayonunda da məskunlaşmışlar. Amma yəqin ki, zamanla və elə şahdağlı fəalların köməyi ilə bu işin öhdəsindən uğurla gəlmək olar...

Doğma dillərini itirmək təhlükəsi baxımından ən ağır vəziyyət hazırda yergüclülər arasında müşahudə olunur. Çünki 50-60 il əvvəl Şahdağın ətəklərindəki tarixi vətənlərini elliklə tərk edib Xaçmaz şəhərinin qərb yaxınlığında eyni adlı kənd salmış bu etnik qrupun nümayəndələrindən bir çoxunun evində belə, indi yergüc dilində danışılmır, yəni filoloji assimilyasiya dəyirmanı öz işini görməkdədir...

İnanmaq istərdik ki, Azərbaycan Respublikasının əlaqədar dövlət və hökumət qurumları bu mühüm məsələni öz nəzarətlərinə alacaq, onun icrası üçün real işlərə start veriləcək və nəticə etibarilə biz Azərbaycanın multikultural dəyərlərin yüksək qiymətləndirildiyi ölkə olduğunu bir daha uca səslə bütün dünyaya bəyan etmiş olacağıq.

Shahdagpeoples.az

скачать dle 10.4 UTF-8Forex для начинающих