Qubada X əsrə aid Yeddilər qalası15 aprel 2023-cü il
Yeddilər qalası Quba rayonunun Zıxır kəndində, Buduq kəndindən 10 km aralıda, Qaraçayın sağ sahilində, qayanın üstündə yerləşir. Ehtimal edilir ki, qalanın inşa tarixi X əsrə aiddir. Hazırda qala bütöv şəkildə qalmasa da, bir divarı dövrümüzədək qorunub, saxlanılıb. Qala əllə yonulmuş çay və əhəng daşlarından inşa olunub. Qalanın iç hissəsində çox sayda tikililər var. Ərazi xalq arasında “Qaranlıq qala” adı ilə də tanınır. Ehtimal edilir ki, Yeddilər qalası müdafiə xarakterli, daha çox sığınacaq kimi istifadə olunub. Gizli yerdə tikilməsi, ətrafdakı digər müdafiə xarakterli qalalara yaxın olması, ərazidən tez bir zamanda təhlükəsiz yerə çıxmağın mümkünlüyü belə deməyə əsas verir. Bu qalada vaxtilə böyük tayfa yaşayıb. Qalanın bir tərəfi çay, digər tərəfi isə uçurum olub. Bu səbəbdən qalanın yerləşdiyi ərazi əlverişli sayılırdı. Qalaya hücum edənlərə qarşı silahdan istifadə etmirdilər. Düşmənləri böyük miqdarda daşla qovmaq mümkün idi. Çox ciddi dağıntıyla uğramasına baxmayaraq, Qaranlıqdərə qalasının memarlıq formalarında bu növ tikintilərdə görmədiyimiz bir incəlik var. Bu, xüsusilə giriş hissəsində ucalan və nisbətən yaxşı vəziyyətdə qalan bürclərdə aydın görünür. İncəliyi yaradan dikinə memarlıq ölçülərinin çox olmasıdırsa, o biri tərəfdən divarların kiçik daşlardan hörülməsidir. Hörgü işlərindəki böyük ustalığı və səliqəni qeyd etmək lazımdır. Qaranlıqdərə qalası əsasən daşdan tikilib. Uçuqlar arasındakı qırıntılar göstərir ki, hörgüdə müxtəlif biçimli kərpiclərdən də istifadə edilib. Kərpicin formatına, qalanın memarlıq həllinin Çıraqqala və Cavanşir qalası ilə yaxınlığına görə onun ilkin orta əsrlərdə tikildiyini ehtimal etmək olar. Böyük memarlıq-tarixi dəyəri olan qalanın tikilmə tarixini aydınlaşdırmaq üçün arxeoloji və memarlıq tədqiqat işləri aparılmışdır. Yeddilər Qalası ölkə əhəmiyyətli tarixi abidə hesab edilir. Yerli təşkilatlar mərkəzdən uzaq, elmi dairələrə bəlli olmayan abidələrimizə qayğı göstərməli, onlarla maraqlananlara kömək göstərərkən, gələnlərin kimliyini və məqsədlərini öyrənməlidir. Baxımsızlıq və etinasızlıq üzündən dəyərli mədəniyyət abidələrimizin neçəsi dağıdılmış, neçəsi isə respublika ərazisindən çıxarılmışdır. Həm də elmə bəlli olmayan abidələrimiz haqqında mətbuata, əlaqədar təşkilatlara məlumat göndərmək gərəkdir. Bu, mədəniyyət tariximizin hərtərəfli öyrənilməsinə böyük xidmət deməkdir. Unudulmamalıdır ki, üzə çıxarılmış hər bir qədim abidə tariximizin, sənətimizin qaranlıq bir qatını işıqlandırır. İstinad edilən mənbələr:
Yeddilər qalasının plan eskizi: Çəkən: Cəfər Qiyasi
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |