ABŞ-nin Nyu-York şəhərində Quba-Şirvan xalçaçılıq məktəbinə aid xalçalar nümayiş edilib. Bu haqda ShimalNews 6 iyun tarixində Report-a istinadən məlumat verir.
“Davam etdirilən Ənənə” (“Sustainable Traditions”) adı altında keçirilən sərgi Azərbaycanın ABŞ-dəki səfirliyi və Vaşinqtonda fəaliyyət göstərən ABŞ – Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı, Nyu-Yorkdakı “Türk Evi”nin ev sahibliyi ilə baş tutub.
Sərginin açılışında çıxış edən USACC-nin icraçı direktoru Natiq Baxışov qonaqlara Azərbaycanın zəngin mədəni irsi olan xalçaçılıq məktəbi və xalçaları barədə ətraflı məlumat verib. Tədbir çərçivəsində qonaqlara Quba-Şirvan xalçaçılıq məktəbi ilə yanaşı, Qarabağ, Gəncə-Qazax və Təbriz məktəblərinə aid müxtəlif ölçülü yun və ipək xalçaları təqdim olunub və onlar xalçalar barəsində ətraflı məlumat alıblar.