ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Qubada “Media şəhidləri” parkı açılıb

Qubada “Media şəhidləri” parkı açılıb

 

23 iyul 2021-ci il

 

22 iyul – Milli Mətbuat Günündə Quba şəhərində “Media şəhidləri” parkının açılışı olub. Şəhərin Yusif Qasımov küçəsində yerləşən parkda Birinci və  İkinci Qarabağ müharibələri ilə bağlı peşə fəaliyyətini yerinə yetirən zaman şəhid olmuş  media nümayəndələrinin xatirəsi əbədiləşdirilib.

Parkda media əməkdaşlarının döyüş şəraitində işini simvolizə edən abidə ucaldılıb. Abidənin arxasındakı pannoda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin kütləvi informasiya vasitələri haqqında söylədiyi fikirlər qeyd olunub.

Parkın açılış mərasimində rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev çıxış edərək bildirib ki, 146 il əvvəl əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı ötən dövrdə tarixi inkişaf yolu keçib. Diqqətə çatdırılıb ki, Azərbaycanın media əməkdaşları şanlı Qələbəmizlə başa çatan Vətən müharibəsində döyüş bölgəsində şərəflə öz vəzifələrini yerinə yetiriblər. Yeni salınan parkda erməni terrorunun qurbanı olan bütün media nümayəndələrinin, o cümlədən 2021-ci il iyunun 4-də Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışovun və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib.

Regionda fəaliyyət göstərən jurnalistlər çıxış edərək mətbuat tariximizdən söz açıblar. Bildirilib ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi 1868-ci ildə Qubada məhkəmə katibi vəzifəsində işləyib.  Onun adını daşıyan qəsəbə Qubanın iri yaşayış məntəqələrindəndir.

Diqqətə çatdırılıb ki, Azərbaycanda ilk rayon qəzeti Qubada nəşrə başlayıb. 1921-ci il aprelin 21-də “Əxbar” adı ilə işıq üzü görən bu mətbu orqan sonralar “Yeni dirilik”, “Şəfəq”, “Qızıl Quba” və s. adlarla nəşr olunub. 1995-ci ildən “Şəfəq” adı ilə nəşri davam edir.

medeniyyet.az/apa.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих