Özbək klassiki Azərbaycan dilində3 avqust 2023-cü il
akıda Özbəkistan mədəniyyəti günləri çərçivəsində avqustun 2-də Azərbaycan Milli Kitabxanasında “Özbək ədəbiyyatı guşəsi”nin açılışı və özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində yeni tərcümə olunmuş nəşrinin təqdimat mərasimi keçirilib. Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Özbəkistan mədəniyyəti günləri” çərçivəsində silsilə tədbirlərin təşkil olunacağını qonaqların diqqətinə çatdırıb. O, iki qardaş ölkənin milli kitabxanaları arasında daim sıx əməkdaşlığın mövcud olduğunu, həmçinin 2019-cu ildə Azərbaycan Milli Kitabxanasının “Beynəlxalq əməkdaşlıq” zalında Özbəkistan daimi guşəsinin açıldığını, bu gün isə özbək milli roman janrının banisi Abdulla Qədirinin “Ötən günlər” kitabının yeni nəşrinin təqdimatının və “Özbəkistan ədəbiyyatı və incəsənəti” adlı guşənin açılışını diqqətə çatdırıb. Özbəkistan Mədəniyyət naziri Ozodbek Nazarbekov Özbəkistan və Azərbaycan mədəni əlaqələrindən danışıb. O, “Azərbaycanda Özbəkistan mədəniyyəti günləri” çərçivəsində 200-dən çox özbək sənət və ədəbiyyat nümayəndələrinin Azərbaycana təşrif buyurduğunu və üç gün ərzində müxtəlif səpkili tədbirlərin həyata keçiriləcəyini söyləyib. Nazir “Özbəkistan mədəniyyəti günləri” tədbirində iştirak edənlərə müvəffəqiyyət arzulayıb, tədbir vasitəsilə özbək ədəbiyyatının Azərbaycanda daha da tanınacağına ümid etdiyini, iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə vəsilə olacağını bildirib. Sonra qonaqlar “Özbəkistan ədəbiyyatı və incəsənəti” adlı guşə ilə tanış olublar. Tədbir Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində yeni tərcümə olunmuş nəşrinin təqdimat mərasimi ilə davam edib. Milli Kitabxananın direktoru Kərim Tahirov kitabın gənc oxucular üçün vacib nəşr olduğunu bildirərək, özbək xalqının milli-mənəvi dəyərlərinin Azərbaycan oxucusuna çatdırılmasında nəşrin əhəmiyyətini qeyd edib. Sonra qonaqlar Abdulla Qədiri haqqında sənədli filmə baxıblar. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək, qədim tarixə malik mədəni və siyasi əlaqələrin bu gün də yüksək səviyyədə davam etdirildiyini söyləyib, özbək ədəbiyyatının klassiki Abdulla Qədirinin kitabının təqdimatında iştirak etməkdən şad olduğunu, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunduğuna görə təşəkkürünü bildirib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dünyasının ayrılmaz parçası olan Özbəkistanın, Türk dünyasının digər ayrılmaz hissəsi olan Azərbaycanda mədəniyyət günlərinin keçirilməsindən məmnun olduğunu söyləyib. Azərbaycan və Özbəkistan ədiblərinin daimi qarşılıqlı qardaşlıq əlaqələrindən söz açıb. Eyni zamanda, hər iki ölkənin dövlət başçılarının nümayiş etdirdikləri qardaşlıq nümunəsinin ölkəmizdə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə dayandığını bildirib. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Özbəkistan mədəniyyəti günləri”nin Azərbaycanda keçirilməsinin Türk dünyasının birliyinin bariz nümunəsi olduğunu qeyd edərək, minillik zaman çərçivəsində istər qədim, istər çağdaş dövrdə iki xalq arasında əlaqələrin mövcudluğundan danışıb. Natiq hələ ötən əsrin 70-ci illərində hər iki ölkənin prezidentlərinin əsasını qoyduğu dostluq münasibətlərinin bu gün də eyni şəkildə davam etdirildiyini, həmçinin beynəlxalq arenada hər iki ölkənin daha da yaxınlaşdığını deyib. O, kitabın müəllifinin, tərcüməçisi Xalid Səid Xocayevin və redaktoru olmuş Hənəfi Zeynallının repressiya qurbanı olduğunu xatırladaraq, Abdulla Qədirinin Azərbaycan ədəbiyyatına da müsbət təsirini vurğulayıb. Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov “Azərbaycanda Özbəkistan mədəniyyəti günləri”nin keçirilməsindən məmnun olduğunu, tədbirin təşkilinə görə Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təşəkkürünü bildirib. O, Azərbaycan xalqı tərəfindən hər zaman özbək ədəbiyyatına dəyər verildiyini, əsərin 2022-ci ildə 100 illiyinin, həmçinin bu il Abdulla Qədirinin banisi və fəal müəlliflərindən biri olduğu Özbəkistanda nəşr olunan ilk satirik jurnal olan “Müştüm” jurnalının da 100 illik yubileyinin keçirildiyini vurğulayıb. Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, yazıçı-publisist Fazil Mustafa tədbirin Azərbaycan-Özbəkistan münasibətləri baxımından əhəmiyyətli olduğunu qeyd edib. Bildirib ki, iki ölkənin intibahı Türk dünyasının inkişafına təsir edəcək. Özbəkistan Respublikası Milli Məclisinin üzvü, Özbəkistanın Xalq şairi Mahmudjan Tohirov bu əlamətdar gündə Azərbaycanda özbək sənətinin belə çox sevildiyinə heyrətləndiyini və bundan fəxr hissi duyduğunu söyləyib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, professor Almaz Ülvi, Özbəkistan Yazıçılar İttifaqının üzvü, Daşkənd Dövlət Universitetinin Ədəbiyyat nəzəriyyəsi və müasir ədəbi proses kafedrasının müdiri Bahadur Kerimov, filologiya elmləri doktoru, professor Ramiz Əsgər, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı və digərləri çıxış edərək iki ölkə arasındakı əlaqələrdən danışıb, kitabla bağlı fikirlərini bölüşüblər. Abdulla Qədirinin nəvəsi, yazıçı Xondamir Qədiri bu möhtəşəm təqdimata görə hər iki ölkənin mədəniyyət nazirlərinə və kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Sonra Azərbaycan Milli Kitabxanası tərəfindən Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekova dahi Nizaminin Fransa Milli Kitabxanasında saxlanılan “Xəmsə”sinin əlyazmasının nəfis nəşri, elektron daşıyıcıda “Ötən günlər” kitabının 1929-cu il nəşri, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitabı, “Azərbaycan Milli Kitabxanası” adlı fotoalbom hədiyyə edilib. science.gov.az
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |