BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Bir millət, iki dövlətin iş dünyası” mövzusunda konfrans

Bir millət, iki dövlətin iş dünyası” mövzusunda konfrans

11 dekabr 2023-cü il

 

Dekabrın 9-da Bakıda Türkiyə və Azərbaycan İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə “Heydər Əliyev 100 - Bir millət, iki dövlətin iş dünyası” mövzusunda konfrans keçirilib.

ATİB-in ümumi yığıncağının növbəti iclası Türkiyə səfiri Cahit Bağçının himayəçiliyi ilə keçirilib.

Tədbirdə Azərbaycan və Türkiyə dövlət rəsmiləri, Azərbaycandakı Türkiyə səfirliyinin nümayəndələri, deputatlar, sahibkarlıq təşkilatlarının rəhbərləri, iş adamları, idarəçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Toplantıda Ümummilli Lider Heydər Əliyev, Ulu Öndər Mustafa Kamal Atatürk və şəhidlərin xatirəsi anılıb, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Açılış nitqi ilə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu ilin sonunadək ölkələrimiz arasında ticarət dövriyyəsinin 7,5 milyard dollar olacağını bildirib: “Azərbaycan və Türkiyə arasında bu ilin 10 ayında 6,7 milyard dollar dəyərində ticarət əməliyyatları aparılıb. Bu rəqəmi ilin sonunadək 20 faiz artıracağıq”.

C.Bağçı diqqətə çatdırıb ki, Azərbaycanla münasibətlər bütün sahələrdə inkişaf edir: “Bu münasibətlərdə iqtisadi əməkdaşlıq da xüsusi yer tutur. Əsas hədəfimiz Azərbaycanla ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır və hazırkı rəqəmlər bu hədəfə gedən yolun yarısında olduğumuzu göstərir".

Səfir, həmçinin Türkiyənin neft və təbii qaza olan tələbatının ödənilməsi baxımından qardaş ölkə Azərbaycanın birinci yerə yüksəldiyini və digər tərəfdən Azərbaycanın qərbə enerji ixracında Türkiyənin mühüm körpü olduğunu qeyd edib.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin birinci müavini Natiq Həsənov ölkələr arasındakı investisiya məsələlərinə toxunub: “Bu gün nəinki Türkiyənin Azərbaycana yatırmış olduğu investisiyalar, o cümlədən Azərbaycanın Türkiyəyə yatırmış olduğu investisiyalar xarici ölkələrə yatırılmış olan investisiyalarla müqayisədə birinci yerdədir. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara qədər investisiya yatırıb. O cümlədən Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya yatıran Türkiyə şirkətləridir”.

Onun sözlərinə görə, infrastruktur və digər sahələrdə olan ən strateji layihələrimiz bu göstəricilərin ortaya çıxmasında baza rolunu oynayıb.

“Bu gün Türkiyə şirkətlərinin Qarabağa investisiya yatırması üçün 111 müraciət var. Bütün bunlar onu deməyə əsas verir ki, önümüzdə müəyyən olunan hədəflər böyük nəticələr əldə etməyə səbəb olacaq. Türkiyə şirkətlərinin sektoral və sahələr olaraq təşkilatda olmaq mədəniyyəti və təcrübəsi kifayət qədər yüksəkdir və biz bu təcrübədən gələcəkdə istifadə edəcəyik”, - deyə N.Həsənov qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev işğaldan azad olunan Qarabağda aparılan quruculuq və bərpa işlərində ən böyük iştirakçıların məhz türk şirkətləri olduğunu bildirib: “Türkiyədən Azərbaycana birbaşa investisiyanın həcmi 15,2 milyard dollar təşkil edir. Bunun 11,7 milyard dolları neft-qaz sektorunun, 3,5 milyard dolları isə qeyri-neft sektorunun payına düşür”.

O qeyd edib ki, bu il dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda 5678 Türkiyə investisiyalı kommersiya qurumu qeydiyyatdadır. Onlardan 4019-u aktiv fəaliyyət göstərir. Şirkətlər əsasən sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət sektorlarında çalışırlar.

“Azərbaycan Sahibkarlar Konfederasiyası Türkiyədə fəaliyyət göstərən palataların, iş adamları dərnəklərinin Azərbaycana səfəri, onların burada əməkdaşlıq qurmaları və birgə üçüncü ölkələrə çıxmaq imkanları ilə bağlı yaxından kömək göstərir. Əmin olun ki, bu fəaliyyətləri göstərmək bizim üçün şərəf və qürurvericidir. Konfederasiya olaraq Türkiyə “Odalar və Borsalar Birliyi” başda olmaqla, bir çox “Ticarət odası” ilə birbaşa və dolayısıyla uğurlu əməkdaşlıq edirik.

Hesab edirik ki, güclü olan mənəvi bağlarımız iqtisadi cəhətdən nə qədər möhkəmlənərsə, dövlətlərimiz daha güclü və qüdrətli olar”,- deyə Məmməd Musayev bildirib.

Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan və Türkiyə arasında sosial-iqtisadi əlaqələrinin inkişafı, əhəmiyyəti, iki ölkənin biznes qurumlarının əməkdaşlığı barədə məlumat verərək, ATİB-in fəaliyyətində uğurlar arzu ediblər.

Daha sonra prosedura uyğun olaraq iştirakçılar tərəfindən iclasın sədri və katibləri seçilib. Şəffaf və demokratik şəraitdə keçirilən seçkilərin nəticəsi olaraq sədr Sami Acarözmen, katiblər isə Gülnar Şirinova və Nəzər Emin təyin olunub.

Gündəliyə uyğun olaraq ATİB İdarə Heyətinin sədri Cemal Yangın İdarə Heyətinin 2022-2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edib.

Daha sonra Təftiş komissiyasının sədri Səbuhi Əbülhəsənli 2022-2023-cü il üzrə maliyyə hesabatları barədə komissiyanın rəyini təqdim edib.

ATİB Sədrinin müavini Mürsəl Rüstəmov 2024-cü il üçün büdcəni təqdim edib və sənədlər iclas iştirakçıları tərəfindən təsdiqlənib.

Bundan sonra isə İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələsinə baxılıb.

P.S. Saytımızın konfransın gedişi haqqında genş məlumatı dərc ediləcəkdir.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих