BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » "Tərəkəmə çərşənbəsi"nə hamı dəvətlidir

"Tərəkəmə çərşənbəsi"nə hamı dəvətlidir

7 may 2024-cü il

 

"Tərəkəmə folkloru" beynəlxalq festivalı keçiriləcək

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Tərəkəmə çərşənbəsi" V Beynəlxalq folklor festivalının keçirilməsi" layihəsi çərçivəsində 01-02 iyun tarixlərində Ağsu rayonunun Gəgəli kəndindəki "Tərəkəmə yurdu" folklor turizmi məkanında beynəlxalq festivalın keşirilməsi planlaşdırılır.
Ənənəvi olaraq Ağsu rayonu Gəgəli kəndində keçirilən tərəkəmə folkloru festivalı müxtəlif toplumların öz folklor nümunələrini təqdim etmək üçün mədəni irs meydanıdır. Tərəkəmə həyat tərzini irs və turizm məhsulu kimi yerli və xarici maraq qruplarına tanıtmaq məqsədilə "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2011-ci ildə "Tərəkəmə çərşənbəsi", 2019-cu ildə "Tərəkəmə qadın" sənədli filmlərini çəkib. İlk "Tərəkəmə çərşənbəsi" Beynəlxalq folklor festivalı 16-18 mart 2015-ci ildə baş tutub. İndiyə qədər dörd festival keçirilib. Festivalın təşkilində qeyri-hökumət təşkilatları ilə yanaşı, dövlət qurumları, özəl müəssisələr, fərdi təşəbbüskarlar, mədəniyyət xadimləri yaxından iştirak ediblər. Festivallarda Türkiyə, Gürcüstan, İran, Rusiya, Misir, Hindistan, Türkmənistan, İndoneziya, Yəmən, Qazaxıstan kimi ölkələrdən gələn nümayəndələr və folklor qrupları ilə yanaşı Ağsu rayonu və Gəgəli kəndinin yerli sakinləri qaynayıb-qarışaraq mədəni fəaliyyətlər həyata keçiriblər. Xarici və yerli qonaqlar kənddə əvvəlcədən müəyyən edilmiş evlərdə qalıblar və ünsiyyət bağları qurublar.
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi V festivalı fərqli tarixdə, fərqli mövsümdə keçirməyi planlaşdırır. Festivalın proqramına görə 01 iyun tarixində qonaqlar "Tərəkəmə yurdu" Folklor Turizmi Məkanına gələcək və öz folklor nümunələrini konsert tədbirləri, sərgilər vasitəsilə təqdim edəcəklər. Bu müddətdə Ağsu rayonunun gəzməli yerlərinə, tarixi abidələrinə, istehsal müəssisələrinə turlar təşkil ediləcək. İkinci gün də tədbirlər davam edəcək. Hər iki gün axşam kənddə festival meydanında qədim ənənələrə əsasən oturma gecələri keçiriləcək. Xarici və yerli qonaqlar, kənd sakinləri oturma gecələrində səhərə qədər yatmır, müxtəlif əyləncəli proqramlar, oyunlar icra edirlər.
Festivalın keçirilməsi tərəkəmə həyat tərzinin və köç yollarının YUNESKO siyahısına alınması ilə səsləşir. Festival təşkilatçılarının əsas hədəfi festivalın davamlı olması və YUNESKO-nun ilkin qeyri-maddi mədəni irs siyahısına daxil olmasıdır.
Festival meydanında öz folklor nümunələrini təqdim etmək üçün bütün folklor qrupları, turizm şirkətləri, təhsil müəssisələri dəvət olunur.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих