“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Qusarda
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı çərçivəsində təşkil olunan növbəti tədbir Qusar şəhərində yerli sakinlər və şəhərin qonaqları tərəfindən böyük sevinclə qarşılanıb. Qusar şəhəri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan festival çərçivəsində bayram tədbirinin keçirildiyi 13-cü bölgədir. İyun ayından start verilən festivala bundan əvvəl Masallı, Lənkəran, Salyan, Sabirabad, Göyçay, Mingəçevir, Göygöl, Naftalan, Oğuz, İsmayıllı, Füzuli rayonunun Horadiz şəhəri və Ağdamın Quzanlı qəsəbəsi ev sahibliyi edib. Avqustun 3-də Qusar şəhərinin mərkəzindəki General Mahmud Əbilov adına meydanda təşkil olunan tədbirin əvvəlində bölgələrimizin mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin nümayiş etdirildiyi sərgi təqdim olunub. Regional mədəniyyət idarələri tərəfindən qurulan festival çadırları yerli sakinlər və qonaqların marağına səbəb olub. Festivalın açılış mərasimində bildirilib ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir. Tədbirin əhəmiyyətindən danışan qonaqlar layihənin ilk dəfə ölkəmizin bütün bölgələrini əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı yaratdığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə bölgələrimizin mədəni irsinin təbliği istiqamətində mütəmadi layihələr icra olunur. 2010-2014-cü illərdə reallaşdırılan “Xalq yaradıcılığı paytaxtları” proqramı bu qəbildəndir. Regionların mədəni həyatına yeni ilmələr qazandıran proqram çərçivəsində beş il ərzində, ümumilikdə, 15 şəhər və rayon “əfsanələr” (Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ), “folklor” (Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən) və “sənətkarlıq” (Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron) nominasiyaları üzrə “paytaxt” seçilib, ilboyu çoxsaylı tədbirlər keçirilib. 2015-ci ildə “Ədəbiyyat paytaxtı” (Şamaxı) və “Milli mətbəx paytaxtı” (Qax) nominasiyaları üzrə layihələr gerçəkləşib. 2015-2016-cı illərdə Nazirlik tərəfindən reallaşdırılan “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində şəhər və rayonlarımızın mədəni irsi Bakıda nümayiş olunub. Eyni zamanda, ayrı-ayrı regionlar arasında bu qəbildən mədəni mübadilə həyata keçirilib, konsert və sərgilər təşkil edilib. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev müsahibəsində belə tədbirlərin bölgələrin mədəni irsinin təbliği baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. “Azərbaycanın şimal bölgəsi geniş turizm imkanlarına malikdir. Bu regionun qədim tarixi, zəngin mədəniyyət abidələri, eləcə də füsunkar təbiəti yerli və xarici qonaqları cəlb edir. Bu möhtəşəm yaradıcılıq festivalının yay mövsümündə keçirilməsi ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə bölgələrin rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradacaq”, - deyə N.Ağayev bildirib. Çıxışlardan sonra regional mədəniyyət idarələrinin təqdim etdikləri konsert proqramı da rəngarəngliyi ilə yadda qalıb. Folklor qruplarının, incəsənət və bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər hamıda xoş ovqat yaradıb.
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |