BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Yenikəndli peşəkar dulusçu

Yenikəndli peşəkar dulusçu

9 oktyabr 2024-cü il

 

Azərbaycanın bütün bölgələri gözəllikləri və müxtəlif təbiət mənzərələri ilə tanınır. Hər bir bölgənin özünəməxsus cəhətləri, mədəniyyəti, adət-ənənələri var. Quba rayonunun Yenikənd kəndi gözəl dağ mənzərələri ilə əhatə olunub. Bölgə zəngin təbiəti ilə tanınır. Yenikənd, həmçinin yerli mədəniyyətin və adət-ənənələrin qorunub saxlanıldığı bir yerdir. Kənddə yaşayan insanlar qonaqpərvərdir və öz mədəniyyətlərini, ənənələrini qürurla nümayiş etdirirlər. Yenikənd, həm də ekoturizm üçün gözəl imkanlar təqdim edir. Təbii landşaftları, meşələri və dağları ilə gəzintilər üçün ideal bir yerdir. Burada sənətkarlıq yerli mədəniyyətin ayrılmaz bir hissəsidir. Kənddə ənənəvi əl işləri, xalçaçılıq, tikiş, keramika və metal işləri ilə məşğuldurlar. Xüsusilə, yerli xalçalar və digər toxuculuq məhsulları böyük maraq doğurur. Bu məhsullar özünəməxsus naxışları və keyfiyyəti ilə tanınır.

Kəndin sakinləri, həmçinin taxta oyma, dulusçuluq, dəmirçilik və digər ənənəvi sənət sahələrində də fəaliyyət göstərirlər. Bu sənətkarlıq növləri həm kəndin iqtisadiyyatına, həm də mədəni irsin qorunmasına kömək edir.

Quba rayonunda 35 ildir ki, dulusçuluqla məşğul olan sənətkar əldə etdiyi gəlirlə ailəsini dolandırır.

Rayonun Yenikənd kənd sakini, 55 yaşlı Nəcəf Qədirov 20 yaşından qədim el sənəti olan dulusçuluqla məşğul olur.

O, sifariş əsasında şəxsi emalatxanasında gildən saxsı qablar və digər məişət əşyaları hazırlayır.

N.Qədirov bildirib ki, dulusçuluq zəhmət tələb edən sahə olsa da, işini sevir və böyük həvəslə bu sənətlə məşğul olur: "Heç vaxt peşman olmamışam bu sənəti seçməyə. Çünkü bu gün ailəmi dolandırmaq üçün yeganə gəlirimi hazırladığım dulus məmulatlarını satmaqla əldə edirəm. Mən öz oğluma da, digər gənclərə də məsləhət görürəm ki, bu sənəti öyrənsinlər. Mən heç bir ödəniş tələb etmədən öyrədərəm. Lakin indiki gənclər nədənsə bu sahəyə maraq göstərmirlər. Oğluma izah edirəm ki, mənim bu gün sahib olduğum ev, avtomobil, gördüyün bu hər şeyi bu sənətlə əldə etmişəm. Gənc nəsildə sanki bir tənbəllik var. Əməyə, zəhmətə qarşı biganəlik var. Mən bu sənətə 20 yaşında könüllü başlamışam. İndi 20 yaşlı bir gəncə deyirsən gəl sənətlə məşğul ol, adam tərs-tərs baxır".

Dulusçu əlavə edib ki, saxsı qabları hazırlamaq üçün xüsusi seçilmiş yağlı gil növündən istifadə olunur: "Bu torpaqdan xüsusi düzəldilmiş quyuda ən azı bir həftə saxlanıldıqdan sonra istifadə edilməyə başlanılır. Fırlanan dəzgahın üzərinə düzəldiləcək qabın ölçülərinə uyğun olaraq palçıq qoyulur. Düzəldilən yaş qab daha sonra bir müddət rəflərə düzülür və qurudulması gözlənilir. Qurumuş qablar isə xüsusi düzəldilən təndir-sobanın içinə düzüldükdən sonra odda bişirilməsi prosesi başlayır. Burada temperatur 1200 dərəcə olmalıdır ki, qablar tam bişərək saxsı halına düşsün. Qablar od söndükdən sonra 2 sutka sobanın içində qalmalıdır ki, tərkibi möhkəm olsun. Daha sonra qablar sobadan çıxarılır və istifadəyə hazır olur".

N.Qədirov qeyd edib ki, iki xarici ölkədən Ukrayna və Rusiya Federasiyasından iş təkilifi alsa da, qəbul etməyib.

O, Azərbaycanda işləməyin daha sərfəli olduğunu bildirib: "İkimərtəbəli evim var. Evimin birinci mərtəbəsini emalatxana kimi istifadə edirəm. Bütün dəzgahlarım var. Burada işləmək daha sərfəlidir. Emalatxanada hazırlanan saxsı qablar sifariş verənin ünvanına pulsuz çatdırılır. Sadəcə, bir problemimiz var, o da yolumuzun bərbad olmasıdır". 

shimal.news/report.az

скачать dle 10.4 UTF-8Forex для начинающих