BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Azərbaycan sivilizasiyalar arasında mədəni körpü rolunu oynayır

Azərbaycan sivilizasiyalar arasında mədəni körpü rolunu oynayır

 

17 mart 2017, Bakı

 

Prezident İlham Əliyev “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda V Qlobal Bakı Forumunda çıxış edib
   
   Martın 16-da Azərbaycanın paytaxtında “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda V Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.   
   Beşinci Qlobal Bakı Forumunda 53 ölkədən 300-dək nümayəndə, o cümlədən Latviya, Makedoniya, Albaniya, Monteneqro, Gürcüstan prezidentləri Raymonds Veyonis, Giorgi İvanov, Buyar Nişani, Filip Vuyanoviç, Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal, müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər.
   Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb və bu mötəbər tədbirin təşkil olunmasına görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
   Prezident İlham Əliyev tədbirdə nitq söyləyib. Dövlət başçısı beşinci dəfə keçirilən Forumun artıq qlobal beynəlxalq təsisata çevrildiyini, son illərdə Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb. Azərbaycanın yerləşdiyi regionda sabitləşdirici rol oynadığını, təəssüflər ki, bu vəziyyətin dünyanın bir çox bölgələrində müşahidə edilmədiyini deyən Prezident bir çox regionlardakı münaqişələrə, miqrant böhranına diqqət çəkib, cəmiyyətlər daxilində baş verən qarşıdurmaların təhlükəli hal aldığını bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən ölkə başçısı bu münaqişə ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələrinə Ermənistan tərəfin məhəl qoymadığını, ölkəmizin bir çox hallarda ikili standartlardan əziyyət çəkdiyini deyib.
   Vurğulanıb ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan inkişaf edir, ölkəmizin regional və beynəlxalq mövqeləri güclənir. Dövlət başçısı Azərbaycanın icrasında mühüm rol oynadığı qlobal əhəmiyyətli layihələrdən danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin və “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb.
   Prezident ölkəmizin mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verdiyini, malik olduğumuz tolerantlıq və multikulturalizm ənənələrinin Azərbaycanı bu prosesin mərkəzinə çevirdiyini diqqətə çatdırıb: “Biz mədəniyyətlərarası dialoqa böyük töhfələr veririk. Bu gün burada demək olar ki, bütün qitələrdən, əllidən artıq ölkədən nümayəndələr var. Nəyə görə məhz Azərbaycan seçildi? Bu, sırf onunla bağlı deyil ki, biz bu təşəbbüsü ilk dəfə olaraq irəli sürmüşük. Bu, onunla bağlıdır ki, biz sivilizasiyalar və dinlər arasında körpü rolunu oynayırıq. Azərbaycandakı dini anlaşma, multikulturalizm, tolerantlıq mühiti bizi bu tədbirlərin mərkəzində qərarlaşdırır. Biz bu tədbirləri keçiririk və bu, bir hərəkatdır. Çünki hazırda dünyaya bu lazımdır. Bəzi hallarda biz dialoqdan danışırıq, ancaq təcridolunmanı görürük, tolerantlıqdan danışırıq, amma insanlar arasında anlaşılmazlıqları görürük. Lakin Azərbaycana gəldikdə, bizim ölkəmiz mədəni körpü rolunu oynayır və bu, çox vacibdir. Ölkəmizin davamlı inkişafı, təhlükəsizliyi, sabitliyi göstərir ki, yalnız qarşılıqlı anlaşma ruhunda, multikulturalizm və dini dəyərlərə hörmətlə uğura nail olmaq mümkündür. Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir. Bu, bizim böyük zənginliyimizdir. Bu, bizim inkişaf yolumuzu göstərir”.
   * * *
   Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa çıxış edib. İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo Prezident Sergio Mattarellanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Stefen Makkormik ölkəsinin Baş naziri xanım Tereza Meyin müraciətlərini oxuyublar.
   Açılış mərasimindən sonra Beşinci Qlobal Bakı Forumunun iclaslar və plenar sessiyaları keçirilib. Forum bu gün işini davam etdirəcək.

скачать dle 10.4 UTF-8Forex для начинающих