“Bakı-2017”: Su festivalı qusarlıların yaddaşında dərin iz qoyub
29 aprel 2017 “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 29-da Azərbaycanın şimal qapısı sayılan Qusarda davam edib. AZƏRTAC xəbər verir ki, axşam saatlarında Qusar şəhərindəki General Mahmud Əbilov adına parkda xoş anlarla yadda qalan su festivalı keçirilib. Festivalın əvvəlində iştirakçılara “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları haqqında məlumat verilərək bildirilib ki, beynəlxalq idman yarışında 57 ölkənin 3 mindən çox idmançısı təmsil olunacaq. 12 gün sonra start veriləcək İslam Həmrəyliyi Oyunlarının təşkilinin əsas məqsədi İslam ölkələri arasında həmrəylik və əməkdaşlıq ruhunun möhkəmləndirilməsi və müsəlman gəncləri arasında əlaqələrin inkişaf etdirilməsidir. Daha sonra festival iştirakçıları “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan səhəngi qusarlı uşağa təhvil verməsi görüntülərini izləyiblər. Xəzər dənizindən götürülmüş suyun keçdiyi səyahət yoluna, o cümlədən Qusar mərhələsinə nəzər salınıb. Görüntüləri izlədikdən sonra su qabını daşıyan respublikanın Əməkdar Məşqçisi Carulla Şinqarov, buzadırmanma idmanı üzrə dəfələrlə Azərbaycan çempionu adını qazanmış alpinist Renat Rəhimxanov, şahmat həvəskarı Mətin Bədəlov səhnəyə dəvət olunublar. Qusar sakinləri və şəhərin qonaqları bir neçə saat ərzində əsl bayram ab-havasında keçən festivalda bir birindən maraqlı çıxışlar izləyiblər. “Mirvari” rəqs qrupunun, müğənni Cəmilə Zalovanın çıxışlarını tamaşaçılar alqışlarla qarşılayıblar. Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb. Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı Quba şəhəri olacaq. Xatırladaq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Qusar mərhələsinə aprelin 29-da Laza kəndi yaxınlığındakı şəlalədən suyun götürülməsi ilə start verilib. Laza kəndi əsrarəngiz təbiət mənzərələri ilə zəngindir. Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4 min 242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kənd Azərbaycanın şəlalələr diyarı da adlandırılır. Kənddə 10-dan çox dağ şəlaləsi var. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir. Həm yay, həm də qış fəslində kənddə turistlərə rast gəlmək mümkündür. Qış fəslində Lazanın dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar keçirilir. Respublikanın Əməkdar Məşqçisi Carulla Şinqarov, buzadırmanma idmanı üzrə dəfələrlə Azərbaycan çempionu adını qazanmış alpinist Renat Rəhimxanov, şahmat həvəskarı Mətin Bədəlov “Bakı-2017”nin misdən hazırlanmış səhəngini şəlalədən axan su ilə dolduraraq Qusar şəhərindəki General Mahmud Əbilov adına parkda təşkil olunan su festivalına yola düşüblər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək. Sonra Qusar Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Məktəblilər arasında təşkil olunan müxtəlif idman müsabiqələrində 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Zoya Eldarova, layihə rəhbəri Ülviyyə Əkbərova, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu şəhərdə”nin tanınmış simaları Rəfael İsgəndərov, Coşqun Rəhimov və Müşviq Abbasov çıxış edərək, gələn ay Bakıda keçiriləcək mötəbər yarışların əhəmiyyətindən danışıb, məktəblilərə uğurlar arzulayıblar. Daha sonra müsabiqəyə start verilib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Musiqili-əyləncəli idman tədbiri iştirakçılara xoş anlar yaşadıb. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, sertifikat, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub. Buzadırmanma idmanı üzrə beynəlxalq yarışların iştirakçısı, dəfələrlə Azərbaycan çempionu adını qazanmış alpinist Renat Rəhimxanov Xəzərdən başlayan su səyahətinin iştirakçısı olmaqdan qürur hissi keçirdiyini söyləyib. “İştirak etdiyim tədbirlərdə mənə dəstək olan bütün azarkeşlərə dərin minnətdarlığımı bildirirəm. İdmançının uğuru onun fasiləsiz məşq etməsi ilə yanaşı, alqışları ilə ona dəstək verən azarkeşlərdən də asılıdır, ona görə də izləyicilərimizi “Bakı-2017” Oyunlarında millimizə dəstək verməyə çağırıram. Azərbaycan artıq dünyada yüksək səviyyəli idman yarışlarının keçirildiyi ölkə kimi tanınır. İdman aləmi hələ də Bakıda təşkil olunan I Avropa Oyunlarını başqalarına nümunə kimi göstərir. Mən I Avropa Oyunlarının məşəlini “Alov qüllələri”ndən aşağı endirilməsində də iştirak etmişdim. Belə mötəbər yarışlarda təmsil olunduğum üçün xoşbəxtəm”, - deyə Renat Rəhimxanov təəssüratlarını bölüşüb. On beş bölgəni əhatə edən Xəzərdən başlayan su səyahəti 3 min kilometr məsafəni qət etməklə mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Ölkəmizin müxtəlif şəhər və rayonlarından olan uşaqlar və idmançılar göl, çay, şəlalə və bulaqlardan topladıqları Azərbaycanın saf suları ilə gələn ay Bakıya toplaşacaq İslam dünyasının 50-dən çox dövlətinin nümayəndə heyətlərini salamlayacaqlar. Elxan Yusifli
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |