BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » 44 qızıl gün və Xudafərin

44 qızıl gün və Xudafərin

 

30 il əvvəl

 

Hər mənada ağır idi o illəri yaşamaq. 1990-cı ilin Qara yanvardan başlanan qara zolaq getdikcə ölkənin daha çox insanını və ərazisini sarmaqda idi: əslində 1988-in məşum fevralından, erməni separatçılarının qanlı əlləri ilə qətlə yetirilmiş ilk iki şəhidimizin doğma torpağa tökülən qanları ilə başlayan yeni dövr insanımızın həyat texnologiyasını dəyişdirmiş, onu yeni və adət etmədiyi sınaqlarla üz-üzə gətirmişdi.

Müharibə! Bu sözü kitablardan, qəzet-jurnallardan oxumuş, hərbə dair filmlərdə görmüş sovet nəsillərinin nümayəndələri olan bizlər üçün bu yeni düzən, daha doğrusu, düzənsizlik təəccüb və qorxu yaradır, yeddi onillik ərzində “böyük qardaş”, “ədalətli mərkəz” epitetləri ilə öydüklərimizin erməni tərəfkeşliyi isə qəzəbimizi artırırdı.

Jurnalist olaraq əksər həmkarlarımızla bahəm mən də həyəcanların, münaqişə ocaqlarının olduğu nöqtələrə can atırdım. Qıtlıq, katastrofik silahsızlıq şəraitində yaşayıb-döyüşməli olan özünümüdafiə dəstələri ilə görüşlərə yollanarkən özümüzlə yazı-pozu ləvazimatından savayı çətinliklə tapdığımız tüfəng yağı, tənzif, yod da aparırdıq. Çünki bunlara çox böyük ehtiyac vardı. Ümumiyyətlə, o illərdə arxalı erməni yaraqlılarının hücumlarına məruz qalan Qarabağın kənd və qəsəbələrinin, sonralar isə hətta şəhərlərinin sakinləri bir çox hallarda öz qüvvəsi hesabına müdafiə olunurdular. SSRİ adlı məmləkət formal mövcud olsa da artıq bir çox qanunlar işləmirdi. Moskvadakı ermənipərəst qüvvələr tərəfindən silahlandırılan erməni separatçılarının qarşısına biz quş tüfəngi də əlindən alınmış yerli özünümüdafiə dəstələri ilə çıxmağa məcbur qalırdıq. Beləcə işğalçıdan daim bir neçə addım geridə qalmağa məcbur olaraq gözəl Qarabağın şəhər və kəndləri, sonralarsa rayonları bir-birinin ardınca yağı əlinə keçdi.

O məşum illərdə düşmənlə olum-qalım savaşına girmiş soydaşlarımızı ziyarət etməyə də qorxurduq: elə təzəcə yeni məlumatlarla Bakıya dönürdük ki, dünən olduğumuz rayonun artıq işğal edildiyini eşidirdik. Həmkarlarımız acı zarafatla: “Daha heç bir yerə getməyin, ayağınız ağırdır, hara gedirsinizsə, işğal olunur”, - deyirdilər.

Hərki-hərkilik, az qala hər yerindən duranın başına müəmmalı dəstələr toplayıb hakimiyyət davasına qalxması və buradan irəli gələn total qarşılıqlı nifrət, bir-birini qəbuletməmə əslində xalqın və qırmızı imperiyanın külləri içərisindən yeni-yeni cücərməkdə olan üçüncü respublikamızın baş məsələsini – onu can yeri olan Qarabağdan vurmağa çalışan tarixi düşmənlərin əlinə yağlı kökə kimi fürsətlər dürtməkdə idi. 1990-ların o tarixi ilk illərində ara-sıra eşidilən sağlam düşüncə təməlli, birlik, ayıqlıq, səbatlılıq, milli həmrəylik tipli çağırışlar isə ümumi qarmasa fonunda tezliklə yoxa çıxırdı. Olan isə xalqa, gənc dövlətə və ağrılı təşəkkül çağını yaşayan milli orduya dəyirdi.

Bizim, o dövr jurnalistlərinin də işi başdan-başa məşəqqət idi: əgər sıravi ölkə insanı bir-birinin ardınca sıralanan bu uğursuzluqlar qatarını görüb qəzəblənə, istədiyi zamanda və məkanda ürəyini boşalda, bir çox hallarda isə bəsitcə tənqid edə bilirdisə, bizim bunları etməyə mənəvi ixtiyarımız yoxdu. Çünki qocaman jurnalist və pedaqoq Nəsir İmanquliyevin universitet auditoriyasındakı mühazirələrdə dönə-dönə söylədiyi kimi, “jurnalist ictimai-siyasi xadimdir”. Əgər əlinə qələm aldınsa, sən də xalqının və dövlətinin intellektual, həm də mütləq və mütləq vətənpərvər əsgərinə çevrilməlisən, heç bir hərbi vəzifəsi və rütbəsi olmayan siyasi komissara çevrilib istər yazılarınla, istərsə də şəxsi söhbətlərinlə ölkə insanını ruhdan düşməməyə, qələbə, zəfər inamını qorumağa və bu yolda yeni-yeni fədakarlıqlara səsləməli, özü də bunu dəlilli-sübutlu, inandırıcı bir şəkildə etməlisən. Arsenalında həm vətən və həm də xarici tarixi təcrübədən dürlü-dürlü örnəklər olmalıdır. Əgər Viktor Hüqonun ahıl yaşında qələbəyədək barrikadalardan çıxmayıb, hətta siçan belə yeməsi faktı insanları qane eləmədisə, onda Babəkdən, Şah İsmayıldan, Atatürkdən həmsöhbətlərinin (oxucularının, izləyicilərinin) hələ SABAHA, GƏLƏCƏYƏ İNAM ruhunu eşitmədikləri ibrətamiz hərəkət və sitatlarla ölməyə qoymamalısan! Və əgər mütaliən yetmirsə, zəhmətə qatlaşıb, gecələri yatmayıb bu utanclı boşluqları doldurmalısan. Çünki sən ziyalısan, intellektualsan, jurnalistsən, yazıçısan, şairsən, publisistsən, tribunsan, döyüşçüsən. Daha doğrusu, belə olmalısan. Əks halda dövlət də çökər, millət də, gələcək də...

Nədənsə bu barədə hələ də yetərincə çox danışılmayıb. Amma bir həqiqət var ki, təlatümlü 80-lərin və 90-ların bütün gedişi ərzində ən çox qınanılan KİV ünvanı olan Azərbaycan Dövlət Televiziyası əslində özünün çoxsaylı vətənpərvər əməkdaşlarının fədakarlığı sayəsində vətənə və millətə xidmət işini bir an da durdurmamışdı. Təsadüfi deyil ki, qanlı yanvarda teleşirkətin enerji blokunun partladılmasından sonra həbs olunaraq Ulyanovska aparılmış insanlarımız arasında Az.TV-nin də əməkdaşları vardı. İcazə almadığım üçün adını çəkməyəcəyəm, amma dəqiq bilirəm ki, həmin vətənpərvər əməkdaşlardan biri uzun illər ərzində, hətta erkən müstəqillik dönəmində də Az.TV-nin enerji blokunun partlayışdan sonrakı vəziyyətinin kadrları olan ovaxtkı “VSN” kasetlərini qorxub-çəkinmədən hər kəsdən gizlədərək salamat saxlamağı bacarmışdı. Bir neçə il əvvəl dünyasını dəyişmiş və əslində sağlığında layiqli qiymətini almamış teleoperator Seyidağa Mövsümlü könüllü olaraq Azərbaycan Milli Ordusunun ilk batalyonuna yazılmış və döyüşlərdə yaralanmışdı. Xalqın görünməz-bilinməz fədakar qəhrəmanları çox olan bu görən gözünün hamının tanıdığı Alı Mustafayev, Fəxrəddin Şahbazov kimi şəhidlərinin, Nadir Abdullayev, Allahverdi Əsədov kimi döyüş bölgələrindən çıxmayan müxbirlərinin mövcudluğu, içimizdəki vətən sevgisindən, azadlıq eşqindən qaynaqlanırdı...

Bəzən bizə ilk baxışda ağlasığmaz kimi görünən xahişlə də müraciət edirdilər. Belə müraciətlərdən birini indi də acı içində xatırlayıram: 1992-ci ilin bir erkən yay səhərində Az.TV-də çalışdığım informasiya proqramının Xəbər otağında telefon zəng çaldı. Cəbrayıldan bir döyüşçü idi. Həyəcan içində, yüyrək dillə bildirdi ki, ermənilər neçə gündən bəridir şiddətli hücuma keçiblər, “Qrad”dan cavab atəşləri açılmasa, onları durdurmaq mümkün olmayacaq. “Qrad” atmağı bacaran yeganə döyüşçü isə... Bakıya gedib! Əsgər dayanmadan yalvarırdı ki, efir vasitəsilə o qradçını təcili Cəbrayıla geri çağıraq. Donub qalmışdım. Ona necə kömək edəcəyimi bilmirdim. Studiyada proqram artıq başlamışdı, təqribən yarım saat sonra ilk xəbərlər paketi canlı efirə veriləcəkdi. Hər ehtimala qarşı qradçının ad-soyadını yazıb əsgərlə xudahafizləşdim. Ən çətini proqramın rəhbərindən icazə almaq idi. Çəkinə-çəkinə Cəbrayıldan gələn telefon zəngi barədə məlumat verdim, əsgərlərin istəyini bildirdim. O kükrədi: “Əşi, bunu efirdən necə söyləmək olar? O istəyib, bəs sən niyə bunu mənə deyirsən?”

  • Mən mətni bir şəkildə yazaram, təki siz icazə verin.
  • Yaxşı, necə istəyirsən elə...

Beləcə həmin gün canlı efirdə iki dəfə belə bir xəbər oxundu: “Hörmətli filankəs filankəsov. Cəbrayıldan olan dostların səninçün çox darıxıblar, təcili onların yanına dönməyini istəyirlər”.

Saysız-hesabsız bu cür acılardan keçə-keçə vuruşurdu köməksiz, lakin sabaha ümidli Azərbaycan xalqı.

Üç onillik əvvəlin ağrı-acılarının fraqmental təsvirindən ibarət qeydlərimi yalnız indi, 30 ildən sonra qələmə almağa cəsarət etdiyim bir tükürpədici faktla bitirib qalibiyyətli bugünə dönməyə tələsirəm: 1993-cü il, avqustun son günlərindən birində İçərişəhərdəki subay hücrəmdə oturub aylardan bəri davam edən işğallar silsiləsini düşünürdüm. Axı bir-birinin ardınca yağı əlinə keçən rayonların hər birində dostlarım, tanışlarım, tələbə yoldaşlarım vardı. “Görəsən haradadırlar, nə vəziyyətdədirlər?”, - deyə əndişələnirdim. Elə bu dəmdə əslən Cəbrayıldan olan dostum içəri girdi. Üst-başında əvvəlki səliqədən əsər-əlamət yox idi, sınıxmış, daha doğrusu, sınmışdı. Bir qədər əvvəl sabaha ümidli, yarızarafat-yarıciddi təzəcə aldığım kitabları əlimdən alıb rayona aparan o həyatsevər insan sanki yox olmuşdu.

Çay içə-içə başına gələnləri danışdı. Müqavimət göstərməyə çalışsalar da son anda İrana keçməyə məcbur qaldıqlarını, oradan, Arazın sağ sahilindən son dəfə Cəbrayıla necə həsrətlə baxdıqlarını acı-acı nəql elədi.

Onun bu uzun, qəmli hekayəti davam edirkən bircə kəlmə belə tələffüz edə bilməmişdim. Nəhayət dilləndim:

  • Bığın hanı?
  • Orada, Araz sahilində olan bütün kişilər bığımızı qırxdıq. And içdik ki, Cəbrayıl azad olunmayana qədər bığ saxlamayaq.

Ona nə cavab verəcəyimi, necə ovudacağımı bilmədim. Çarəsizcə içimə ağladım...

 

Ən azı 30 min nəfər vətən insanının qanı və canı, elə bir o qədər yaralımızın ağrı-acısı, ölkə ərazisinin beşdən birinin itirilməsi bahasına 1994-cü ilin mayında “Bişkek protokolu” adlı sənədlə başa çatmış I Qarabağ müharibəsi hər nə qədər bizimçün acılı bitsə də hərb tariximizə çoxsaylı şanlı səhifələr yazdı. Tez bir zamanda genişlənərək müharibəyə çevrilmiş Qarabağ münaqişəsinin davam etdiyi 6 il ərzində on minlərlə Azərbaycan əsgəri döyüş meydanlarında dünya hərb tarixinə altun sətirlərlə yazılan şücaət nümunələri göstərdi. Etibar İsmayılov adlı qəhrəman övladımızın əlində tutduğu qumbaralarla özünü tanka çırpıb şəhid olmasının xalqımızın döyüş ruhunu necə yüksəltdiyini çoxumuz indi də xatırlayırıq. Paytaxt Bakının və digər şəhərlərimizin ən görməli yerlərində bu qəhrəman şəhidimizin müqəddəs əməlini təbliğ edən plakatlar vurulmuşdu. Azadlıq ruhumuzun qüdrətindən güc alan Allahverdi Bağırov, Ramiz Qənbərov, İsgəndər Aznaurov, Albert Aqarunov, İbrahim Məmmədov, Əlif Hacıyev, İnqilab İsmayılov, Əliyar Əliyev, Mikayıl Cəbrayılov, İqor Makeev, İlqar İsmayılov və minlərlə digər qəhrəmanlarımızın al qanı ilə suvarılan Azərbaycan torpağı nə yazıq ki, sonunda satqınlıq və xəyanət, namərdlik və tamah ucundan MÜVƏQQƏTİ OLARAQ arxalı düşmənin əlinə keçdi. Lakin Azərbaycan xalqı özünün əzəli və gözəl yurdu olan Qarabağı əsla unutmadı, biz bircə anlığa belə o yerlərin yağı əlində qalması faktı ilə barışmadıq və daim gələcək MÜQƏDDƏS QİSAS GÜNÜNƏ hazırlaşdıq...

 

30 il sonra

 

Bu üç onillik ərzində xalqımızın, bizim hər birimizin gördüyümüz-duyduğumuz ədalətsizliklərə çətin ki, dünyanın hansısa digər bölgəsində rast gəlmək mümkün olsun. Dünənə qədər “böyük qardaş” dediyimizin havadar çıxdığı nankor qonşu tərəfindən ərazimizin 20%-nin işğal olunması, bir milyon soydaşımızın öz ev-eşiyindən didərgin düşməsi siyasi sistemin dəyişməsinin gətirdiyi məhrumiyyətləri qatbaqat artırmış oldu. İşinə yarayanda bir neçə dəniz canlısının təhlükədə olmasını böyük bir şouya çevirib hər kəsə humanizm dərsi keçməyə çalışan qərb dünyası bu ağrı-acılı illər ərzində tarixin ən qədim və mədəni xalqlarından birinin üzləşdiyi haqsızlıqları inadla görməzdən gəlməkdə davam elədi. Və bu gün, hər anı məğlubiyyətin gətirdiyi utanca bələnmiş uzun on illərin bu başından baxanda Qələbəyə doğru necə məşəqqətli bir yol qət etdiyimizi aydın görmək olur. Əgər bu yolun başında qamışdan, polietilen örtüklərdən və ümumiyyətlə ələ keçən ən müxtəlif parçalardan ərsəyə gəlmiş daldalanacaqlardan ibarət çadır şəhərcikləri, evə çevrilmiş yataqxanalar, mehmanxanalar, sanatoriya binaları vardısa, bu gün müstəqil Azərbaycan dövləti doğma yurdlarını müvəqqəti itirmiş vətəndaşlarını ən müasir yaşayış komplekslərində yaşatmaq, onların bütün zəruri ehtiyaclarını ödəmək qüdrətindədir. Çünki bütün “mədəni” dünyanın gözü qarşısında davamlı olaraq klassik barbarlığın ən qəddar təzahürləri ilə üzləşsə də Azərbaycan xalqı və dövləti qəddini düzəltdi, iqtisadiyyatını dirçəldərək inkişaf etdi və nəinki yerləşdiyi bölgənin və keçmiş İttifaqın, bəlkə də dünyanın ən güclü ordularından birini qurmağa müvəffəq oldu! Məğlubiyyət xəcalətlərində bərkiyib möhkəmlənmiş ruhumuz Mübariz İbrahimov şücaəti ilə ilk dəfə dünyanı heyrətə gətirdisə, Cocuq Mərcanlı, Lələtəpə, Tovuz zəfərləri ilə dost-düşmənin bizi yenidən kəşf etməsinə səbəb oldu və Vətən Müharibəsinə, çoxdan gözlənilən Qələbəyə yol açdı. Yəqin elə bunun nəticəsi idi ki, 27 sentyabr 2020-ci il tarixində düşmənin Qarabağda törətdiyi xain basqına qarşı son və qəti əks-hücum əmrini verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev kimi bütün xalqımız da zəfər qazanacağımıza zərrəcə şübhə etmirdi. Az qala bütün ölkə vətəndaşlarının könüllü kimi cəbhəyə yollanmağa hazır olduğu Azərbaycanda yalnız qismən səfərbərlik elan edildi. Zira ötən on illər ərzində dövlətimiz özünün döyüş qabiliyyətli, müasir ordusunu tam şəkildə yarada bilmişdi. Vətən torpağını qarış-qarış, kənd-kənd, şəhər-şəhər, rayon-rayon azad edən Azərbaycan Ordusu və onun müharibə, diplomatiya və təbliğat cəbhələrində parlaq uğurlara imza atan Ali Baş Komandanı gün ərzində bir neçə dəfə ölkə insanını sevinc göz yaşlarına boğan qələbə müjdələri verirdi.

 

 

Bu qələbələr paradını heyrətqarışıq qısqanclıqla seyr edən türk düşmənləri Ermənistan ərazisindən Gəncə, Tərtər, Bərdə kimi şəhərlərimizin qadağan edilmiş ballistik raketlərlə atəşə tutulmasını, Xızı və Xırdalan səmasında neçə-neçə bu cür raketin zərərsizləşdirilməsini “görmədilər”. Bir balinanın, 3-5 suitinin Şimal dənizinin buzları arasında qalmasından vəhşətə gəlib də bütün dünyanı ayağa qaldıran əcaib zehniyyət ermənilərin və onların arxasında gizlənənlərin tuşladıqları ballistik raket partlamaları nəticəsində 98 dinc sakinimizin həyatını itirməsinə, 414 nəfərinsə yaralanmasına laqeyd qalaraq susdu. Ancaq nə biz, nə də dostlarımız – qardaş Türkiyə, Pakistan və digərləri susmadılar. Ən ciddi, barışmaz mübarizəni isə Azərbaycanın öz intellekti, fəhmi, cəsarəti ilə bütün dünyanı heyrətdə qoyan Prezidenti, müzəffər Ali Baş Komandanı apardı. Belə ki, çağdaş tariximizə qızıl hərflərlə yazılan Müqəddəs Vətən Müharibəsinin 44 qalibiyyətli günü ərzində o nəinki bir neçə cəbhə üzrə zəfərlə irəliləyən qoşunlarımıza bacarıqla komandanlıq etdi, paralel olaraq dünyanın bir çox populyar telekanallarına, qəzet və jurnallarına iyirmidən çox müsahibə verdi. Dövlət başçımızın zamanında böyük uzaqgörənliklə qurulmasına və inkişafına nail olmağı bacardığı üçüncü cəbhə isə dünyanın əksər ölkələrində yaşayıb işləyən soydaşlarımızın apardıqları dinc mübarizə idi. Dünyada mislinə az-az rast gəlinən total həmrəyliklə öz rəhbərinin ətrafında sıx birləşən Azərbaycan xalqı hər kəsə əsl ƏDALƏTLİ hibrid müharibənin necə olmalı olduğunu nümayiş etdirdi: dəfələrlə şəhərlərimiz orta mənzilli ballistik raketlərlə vurulsa da Azərbaycan Prezidenti Ermənistan ərazisinə eyni silahlarla cavab zərbəsinin vurulması üçün əmr vermədi; verdiyi müsahibələrdə dəfələrlə qeyri-obyektiv, qeyri-diplomatik suallarla üzləşsə də Dövlət başçımız bunların hər birinin cavabını nəzakətli, tutarlı faktlarla verdi; xaricdəki soydaşlarımız dəfələrlə azğın ermənilərin vəhşi hücumlarına tuş olsalar da bircə erməniyə belə əl qaldırmadılar.

 

 

Arazın o tayındakı cənublu qardaş-bacılarımızın Müqəddəs Vətən Müharibəsi günlərində nümayiş etdirdikləri riqqətli həmrəylik 44 qızıl günün ayrıca bir şanlı səhifəsini təşkil edir. Əslində son 30 ildə ruhən və qəlbən həmişə bizimlə olmuş, daim Qarabağ cəbhələrində vuruşmağa can atmış otaylı soydaşlarımız müharibənin bütün gedişi ərzində hadisələri diqqətlə izlədilər, İran ərazisindən keçib Ermənistan səmtə yönələn uzaqmənzilli yük maşınlarına bacardıqları qədər nəzarət elədilər və lazım gəldikdə yer-yerdən etiraz səslərini yüksəltməkdən çəkinmədilər. Dost ölkənin bu yenilməz ruhlu sakinləri Azərbaycan Ordusu bir-birinin ardınca Füzuli, Cəbrayıl və Zəngilanı azad edib Xudafərin körpülərinə yetişdikdə günlərlə ulu Arazın sahillərindən çəkilmədilər, əlləri yetməsə də ünlərini, dua-sənalarını əskik eləmədilər. Başılovlu geri çəkilən ermənilər bunu görür və azğınlaşırdılar. Kim bilir, bəlkə erməni artilleriya mərmilərindən ən azı birinin səhvən sərhəd çayının o tərəfinə, qonşu ölkənin ərazisinə düşməsi də əslində “səhv” idi? Mənfur əməli ilə düşmən otaylı soydaşlarımızı qorxutmaq istəmiş ola bilərdimi? Bu ritorik sualımızın doğru cavabını müxənnət ermənilərin olmayan vicdanlarına və gələcək araşdırmalara həvalə etməkdən başqa çarə qalmır.

...1988-in son aralıq günlərindən bəri Arazın cənub sahilləri belə qələbəlik görməmişdi. Əli silahlı Azərbaycan əsgərlərinin işğaldan azad etdikləri məntəqələrə sancdıqları üçrəngli bayraqların cavabı o tayda qaldırılan çoxsaylı əllər olurdu. Yaşından və cinsindən asılı olmayaraq hər bir soydaşımız həmin unudulmaz günlərdə heç olmasa bircə dəfə Arazın sahilinə gələrək o taya nigarançılıqla baxıb əsgərlərimizə əl eləməyi özünün mənəvi borcu sayırdı. Dostlardan eşitdiyimiz iki məqamı diqqətinizə yetirməklə cənub həmrəyliyinə dair qeydlərimizi tamamlayaq: Arazboyuna doğru çətinliklə yürüyən ağbirçək nənələrdən soruşanda ki, “ay ana, sənə nə məcbur olub ki, durub buralara gəlmisən”, deyirmişlər ki, “buradan o torpaqlara baxıb əsgər balalar üçün dua etmək istəyirik”. Bütün ailəsi ilə birlikdə öz avtomaşınında Araz sahilinə “əl eləməyə” yollanan bir soydaşımızın isə aqibəti çox acı sonuclanıb. Yolda baş verən avtoqəza nəticəsində ailə üzvləri salamat qalsa da onun özü həlak olub.

Bu, Vətən müharibəmizin döyüş meydanlarından kənarda cənnətlik olmuş hələlik bizə məlum ilk şəhididir. Uca Yaradan ondan rəhmətini əsirgəməsin! Yəqin o gözəl insanın ad-soyadını öyrənəcəyimiz gün də uzaqda deyil...

Lakin ən böyük örnəyi döyüş meydanlarında verdi Ali Baş Komandan və onun başçılıq etdiyi yenilməz Milli Ordu: əlində silah olmayan bircə erməniyə qarşı zorakılıq etməyən Azərbaycan əsgəri dəfələrlə bütün dünyaya humanizm dərsi keçdi – yaşlı ermənilərin köçmələrinə yardım edildi, əsir düşmüş əsgərlər müalicə edildi, yaralılara aman verildi...

Heç təsadüfi deyil ki, hələ 44 günlük müharibə bitməmiş dünyanın bütün ordularının qərargahlarında XXI əsrin ən müasir müharibə taktikalarını sərgiləmiş Azərbaycan Ordusunun təcrübəsinin diqqətlə öyrənilməsinə başlandı və bu proses indi də davam edir.

Azərbaycan Prezidentinin bütün dünyanı heyran qoyan daha bir addım onun düşməndən yenicə azad edilmiş Füzuli, Cəbrayıl və Ağdam rayonlarına etdiyi cəsarətli səfərlər oldu. Birinci xanım Mehriban Əliyeva ilə birlikdə xalqımız üçün çox əziz olan Xudafərin körpülərini ziyarət edən cənab Ali Baş Komandan İlham Əliyev onu dostluq körpüsü adlandırdı, buradan ölkə insanına, dünyaya və dünya liderlərinə önəmli mesajlar verdi, sülh çağırışları etdi. O, Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.

 

Son söz əvəzi

 

Son 200 illik keşməkeşli tariximiz ərzində oxşarına rast gəlinməsi çox müşkül şanlı vətən mücadiləsinin yol açdığı xoşluqlardan biri də on illərdən bəri milli natamamlıq kompleksinin caynaqları arasında inləyən mentalitetimizin qanlı yaralarına məlhəm sarması idi. İlk yaşayış məntəqələrinin düşməndən azad edilməsi ilə dirçəlməyə başlayan toplum qürurumuz dünyaya səs salan o 44 qızıl gün ərzində tam şəkildə “şəfa tapdı”, qələbə sevinclərinin gur sellərində arındı-paklandı, doğma yurd yerlərimizin qaytarılması ilə pillə-pillə yüksəldi, gücləndi-qüvvətləndi, sal qayatək möhkəm oldu. Ölkə insanı artıq dünənədək duyduğu xəcalət hissindən bilmərrə qurtulduğunu bütün hüceyrələri ilə duyaraq özünə, mənsub olduğu xalqa, öz ordusuna, dövlətinə və dövlət rəhbərinə görə coşqun fəxarət hissi keçirməyə başladı. Bunu həmin o unudulmaz günlərdə də, elə indi də az qala hər bir soydaşımızın gözlərindən oxuya, dilindən eşidə bilərsiniz.

Və bu – həqiqətdir!

Nə qədər paradoksal səslənsə də hər bir müharibə başa çatdıqdan sonra mütləq öz yerini fenomenal inkişafa, qarşısıalınmaz tərəqqiyə verir. Çoxsaylı müharibələr silsiləsini özündə ehtiva edən dünya tarixi bu qanunauyğunluğu bir sıra ölkələrin timsalında çoxdan isbat edib. Əməyə, qurub-yaratmağa bağlı istedadlı, SÜLHPƏRVƏR xalqımızın da bu Qələbədən yeni bir inkişafın əsasını qoymaq üçün bəhrələnəcəyinə, mənfur düşmənin xarabazarlığa çevirdiyi kənd və şəhərlərimizi tez bir zamanda el birliyi ilə laləzar edəcəyinə heç bir şübhə yoxdur...

 

 

Qoşunlarımızın durmadan irəlilədiyi günlərdə bir neçə dəfə düşmənə sülh çağırışları ilə müraciət etmiş İlham Əliyev hərb tarixində bəlkə də bərabəri olmayan Şuşa hücumu zəfərlə bitən kimi aman diləyən düşmənin sülh imdadına humanistliklə yanaşdı. Nəticədə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı tarixi 10 noyabr Bəyanatı ərsəyə gəldi. Sənədin başlıca müddəalarına əsasən 15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda Laçın rayonu işğalçı erməni ordu birləşmələrindən təmizlənməli, Qazax rayonunun illər əvvəl işğal olunmuş 7 kəndi azad edilməli idi. Və bu yerdə bütün dünya bir daha erməni vəhşiliyinə şahid oldu: zamanında qurulu azərbaycanlı evlərinə yerləşmiş, on illərlə bu torpaqları istismar eləmiş gəlmə ermənilər bu yerləri tərk edərkən... tualet unitazlarını belə aparır, evlərə od vurur, meşələri qırır və yandırır, apara bilmədikləri ev heyvanlarını öldürürdülər. Bu əcaibliyi bütün Avropaya göstərməyə cəsarət etmiş qərbli jurnalistlər isə buna görə Parisin mərkəzində erməni zorakılığı ilə üzləşdilər.

Yel qayadan nə aparar ki!.. Müxənnət erməni hibrid müharibəsinin tərkib hissəsi olan bu nankorluğu müdrikliklə seyr edən xalqımız səbrlə gözlədi, hətta vandallara Kəlbəcərdən çıxmaq üçün daha 10 gün əlavə vaxt da verdi. Artıq Kəlbəcərdə, Ağdamda və doğma Laçında müqəddəs Azərbaycan bayrağı dalğalanır, ölkəmizin qalib Ali Baş Komandanı isə qoca tarixdə az-az liderə nəsib olan çoxsaylı təbrik məktublarını almaqda davam edir!..

Şövkət Səlimov

jurnalist

 

 

4 dekabr 2020-ci il saat 12.00-da Azərbaycanın hər yerində Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin.  

 

скачать dle 10.4 UTF-8Forex для начинающих