Qarlı hava nə qədər davam edəcək?
24 fevral 2021-ci il
Ölkə ərazisində əlverişsiz hava şəraiti bugün gün ərzində davam edəcək, fasilələrlə qar yağacaq, bəzi rayonlarda qarın yağması intensiv olacaq. Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeva Modern.az-a bildirib ki, Azərbaycana çox soyuq hava kütləsinin daxil olması nəticəsində hava şəraiti kəskin dəyişib. Respublikanın əksər rayonlarına qar yağıb. Bakıda və Abşeron yarımadasında əmələ gələn qar örtüyünün hündürlüyü 5 sm-ə yaxındır. Ən çox qar Böyük Qafqazın rayonlarına düşüb ki, burada əmələ gələn qar örtüyünün hündürlüyü yarım metrə çatıb: "Bu proses güclü küləklə, çovğunla müşayiət olunub. Rayonlarda küləyin maksimal sürəti saniyədə 28 metr, Bakıda və Abşeron yarımadasında 25-28 metrə çatıb ki, bu da açıq dənizdə dalğanın hündürlüyünün 6 metrə qədər qalxmasına səbəb olub". U.Tağıyeva əlavə edib ki, fevralın 25-də səhər saatlarından başlayaraq, proses səngiyəcək, yağıntılar tədricən kəsiləcək.
Saat 12:00-a olan FAKTİKİ HAVA - Bakıda qarın hündürlüyü 20 sm-dir
Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 12:00-a olan məlumatına əsasən Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qrız, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabrana qar yağıb. Modern.az xəbər verir ki, qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47 sm, Şahdağda 27 sm, Lerikdə 16 sm, Qrızda 14 sm, Gədəbəydə 12 sm, Xaltan, Şamaxıda 11 sm, İsmayıllıda 10 sm, Mərəzədə 9 sm, Qusarda 8 sm, Qubada 7 sm, Kişçayda (Şəki) 6 sm, Lənkəran, Altıağac, Şabranda 4 sm, Xınalıq, Oğuz, Qəbələdə 3 sm, Astarada 2 sm, Şəki, Xaçmaz, Yardımlıda 1 sm, Bakıda 20 sm, Sumqayıtda 8 sm, Binədə 6 sm, Maştağada 5 sm olub.
9 ildir Bakıda belə sərt hava olmayıb
Son illər Bakıda fevral ayında belə kəskin hava şəraiti qeydə alınmamışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a bildirilib ki, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb. Nazirlikdən deyilib ki, son 9 ildə Bakıda ən aşağı temperatur göstəricisi qeydə alınıb. 2012-ci ildə havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub ki, bu da indiyə kimi rekord göstərici idi. Bu gecə paytaxt Bakıda ən aşağı temperaturun, yəni -9 dərəcə şaxtanın olması gözlənilir. Fevralın 25-i səhər saatlarında -4 və -5 dərəcə şaxta, günün ikinci yarısı temperaturun 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. Axşama doğru qar səngiyəcək, küləyi sürəti nisbətən azalacaq.
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |