Ürəklərdə qalacaq Müasir Azərbaycan Ordusunun tanınmış ləzgi hərbçiləri arasında Ramaldanovlar sülaləsinin özünəməxsus yeri var. 1-ci Qarabağ müharibəsi tarixində ən uğurlu sayılan Horadiz əməliyyatına rəhbərlik etmiş briqada komandiri, polkovnik Şair Ramaldanov ölkəmizin hərb tarixinə şanlı səhifələr yazmışdır. Onun qardaşları – polkovnik-leytenantlar – İlham və Elman Ramaldanovlar da böyük qardaşları kimi müharibənin od-alovundan keçiblər.
2-ci Qarabağ müharibəsində bu nəslin digər üzvü Babək Meyvəddin oğlu Ramaldanov vətən torpaqlarını işğalçılardan azad edərkən qəhrəmancasına həlak olmuşdur.
Babək Ramaldanov Bakıda anadan olmuş, 59 saylı məktəbdə təhsil almışdır. O, C.Naxçıvanski adına hərbi liseyi, sonra isə Ali Hərbi Məktəbi bitirmişdir. 11 il Naxçıvanda hərbi qulluq etmiş zabit 2017-2019-cu illərdə Moskvada Rusiya Federasiyası Silahlı Qüvvələri Ümumqoşun Akademiyasında təhsilini davam etdirmiş, oranı qızıl medalla bitirərək, magistr diplomu almışdır.
Babək Ramaldanovu tanıyanlar onun əsl hərbçi olduğunu, savadı, mədəniyyəti, mərdliyi, ədalətliliyi ilə seçildiyini həmişə etiraf edirdilər. Tabeliyindəki əsgər və zabitlər üçün isə B.Ramaldanov əsl nümunə idi.
Ermənilərin təxribatı nəticəsində cəbhədə hərbi əməliyyatlar başlanandan ön xəttdə vuruşmuş Babək oktyabrın 16-da torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. İgid hərbçi polkovnik-leytenant Bakıda ikinci Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Həyat yoldaşı, ingilis dili müəllimi olan Aygünlə onlar iki oğul böyüdürdülər. Ramaldanın 13, Süleymanın 7 yaşı var. Onların xoşbəxt ailə həyatına müharibə son qoydu. Canından çox sevdiyi vətən uğrunda şəhid olan polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanovun 38 yaşı var idi. Onun əziz xatirəsi ürəklərdə yaşayacaq. Allah rəhmət eləsin!
Anna HƏSƏNBƏYOVA
"Samur" qəzeti, 7(344), oktyabr, 2020
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |