Suqovuşandan yeni quruculuq xəbərləri20-21 mart 2022-ci il
Yeni məscidin təməli qoyulub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyublar. AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma qəsəbədə inşa olunacaq məscidin layihəsi barədə məlumat verdi. Ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İki mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edəcək. Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Layihəyə əsasən məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq. Dövlətimizin başçısı və birinci xanım məscidin təməlini qoydular. İşğal dövründə vandalizmə məruz qalan mədəni-dini obyektlər sırasında İslam dini abidələri - məscidlər, türbələr və digər inanc yerləri mütləq əksəriyyət təşkil edir. Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda geniş quruculuq işləri aparılır, yeni məscidlər tikilir. Onlardan biri də Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir.
Aavarçəkmə üzrə ilk təlim-məşq toplantısının açılışı olub Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub. Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma federasiyanın gələcək planları barədə məlumat verdi və videoçarx nümayiş etdirildi. Avarçəkmə idman növü ilə Azərbaycanda 1930-cu illərdən məşğul olunmağa başlanılıb. Sonralar ənənəvi idman növlərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində Azərbaycanda 11 avarçəkmə klubu fəaliyyət göstərirdi. Müstəqilliyin ilk illərində Mingəçevirdəki baza baxımsız hala düşsə də, dövlətimizin başçısının tapşırığı ilə 2010-cu ildə bu baza ən yüksək standartlara cavab verən səviyyəyə çatdırılıb. Hazırda əsas məqsəd ölkəmizdə avarçəkmə idman növünün coğrafiyasını genişləndirmək və gəncləri bu idman növünə cəlb etməkdir. Dövlətimizin başçısına və birinci xanıma avarçəkmə yarışlarında istifadə olunan qayıqlarla bağlı məlumat verildi. Bildirildi ki, avarçəkmənin 3 əsas növü var – akademik, kayak və kanoe. Akademik avarçəkmədə idmançılar 1, 2, 4 və 8 nəfərlik qayıqlarda mübarizə aparırlar. Yarış iştirakçıları qayığı geriyə hərəkət etdirirlər. Burada qayıq həm əl, həm ayaq, həm də bədən gücü ilə və sinxron şəkildə hərəkət etdirilir. Azərbaycan Prezidenti təlim-məşq toplantısının rəsmi açılışını bildirən düyməni sıxandan sonra qarşı tərəfdəki metal konstruksiyadan “QARABAĞ AZƏRBAYCANDIR!” yazısı əks olunmuş banner açıldı, səmaya 7 min hava şarı buraxıldı və ardınca idmançılar məşq prosesinə başladılar. Dövlətimizin başçısı və birinci xanım məşq prosesini və bayraq şousunu izlədilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xatirə hədiyyəsini imzaladı və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təqdim etdi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qaldı.
Suqovuşan Turizm Kompleksinə 5 hektar ərazi ayrılıb "İşğaldan azad edilən Tərtərin Suqovuşan qəsəbəsində turizmin inkişafı üçün hazırlanan konsepsiyaya uyğun olaraq ilkin işlərin aparılmasına start verilib". Teleqraf.com xəbər verir ki, bunu "Report"a açıqlamasında martın 21-də Suqovuşana təşkil edilən mediatur zamanı Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib. “Prezidentin tapşırığına əsasən biz əvvəllər Suqovuşanda olduq. Burada turizmin inkişafı üçün konsepsiya hazırladıq. Həmin konsepsiyaya əsasən, artıq o işlərin başlandığını görürük. Bu ərazidə su anbarının ətrafında müxtəlif turizm zonalarının yaradılması nəzərdə tutulur”, - deyə o bildirib. E.Cavadovun sözlərinə görə, eyni zamanda burada istirahət yerlərinin inşası planlaşdırılır: “Artıq Prezident tərəfindən burada təməlatma mərasimini olub. Burada, xüsusilə Naftalandan gələn turistlər üçün istirahət düşərgələrinin yaradılması və gələcəkdə də su anbarı ətrafında olan ərazilərin abadlaşdırılması nəzərdə tutulur. Həmçinin parklama və iaşə zonaları inşa olunacaq. Bütün bu inşaat işlərinin aparılması üçün, ilkin olaraq, 5 hektar ərazi ayrılıb". |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |