Qədim Qrız məscidi bərpaya möhtacdır29 iyul 2022-ci il
Şahdağ milli-etnik qrupuna daxil xalqlar arasında sayca daha çoxluq təşkil edən qrızlıların yaşadığı Qrız kəndi multikultural ölkəmizin beynəlxalq etnoturizmin inkişaf etdirilməsi baxımından olduqca maraqlı ünvanlarındandır. Öz dilləri, mənşəyi, adət-ənənələri, maddi və mənəvi mədəniyyətləri, xalq tətbiqi sənəti növləri olan qədim tarixə malik qrızlıların ana vətənində bunlardan savayı da turistləri maraqlandıracaq çox şeylər var – tarixən kəndin əsas müdafiə tikilisi olmuş və nə yazıq ki, bu gün əsaslı bərpaya möhtac Qrız qalası, geniş əraziyə səpələnmiş qədim qəbiristanlıqlar, əsrarəngiz Işğın gölü və s. Kənddəki Qafqazın ən qədim müsəlman ibadət ocaqlarından olan məscidin qalıqları isə ürək ağrıdır. Qrız məktəbinin riyaziyyat müəllimi Şixbaba Xanbaba oğlu Mehdiyev deyir ki, bu məscidin tikintisi üçün ağacları ta Xaçmaz meşələrindən buralara qədər gətirmişlər. Yerli sənətkarlar həmin ağacların üzərində bir qismi indiyədək də salamat qalmış gözəl oyma naxışlar işləmişlər. Uzun zaman fəaliyyətdə olmuş məscid təəssüf ki, hazırda yarıuçulu vəziyyətdədir. Görəsən, dövlətin və yardımsevər insanların qatqısı ilə buranın bərpa edilib həm məscid və həm də tarix-etnoqrafiya muzeyi kimi fəaliyyətə başlaması daha doğru və faydalı olmazmı? Kəndin digər problemi isə az qala keçilməz olan yolla bağlıdır. Buraya rahat yol çəkmək və kənd qadınları arasında xalq tətbiqi sənətlərini inkişaf etdirmək Qrızı çox mühüm etnoturizm marşrutu halına gətirməzmi? Amma, heyhat!.. Shahdagpeoples.az
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |