BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Qubanın məşhur "Qızbənövşə" bulağı

Qubanın məşhur "Qızbənövşə" bulağı

Belə deyirlər ki, keçmişdə dövlətli bir kişinin Bənövşə adında bir qızı olur. Bənövşə varlı qızı olmasına baxmayaraq heç kimə yuxarıdan aşağı baxmaz, hamını bir gözdə görərdi. Onların sayı-hesabı bilinməyən qoyunlarını Yetim adlı bir çoban otararmış. Fərasəti, qoçaqlığlı, sədaqəti ilə ağasının hörmətini qazanmış Yetim ürəyinin hökmü ilə Bənövşəyə məhəbbət yetirir. Çoban məhəbbətini özünə ar bilməyən Bənövşə gizli görüşə razılıq verir. Sevgililər həmişə bulaq başında görüşməyi qərara alırlar. Bənövşə vədə yerinə Yetimdən əvvəl gələr, boynunu büküb sevgilisinin yolunu gözləyərdi. Görüş bulağının sərin suyundan içdikdə onların məhəbbəti daha da alovlanardı. Görəsən zalım ağa bu hissi anlayarmı? Əlbəttə yox. Bir gün ağaya çatır ki, bəs deməzsən qızın Yetimlə görüşür. Bunu eşidən ağa və oğlanları qulaqlarına inanmır, qızı güdməyə başlayırlar. Vədə vaxtı yaxınlaşır. Bənövşə bulaq başına tələsir. Ağa əsabələri ilə gizlicə qızı təqib etməyə başlayır. Bənövşə bulaq başına çatıb boynuburuq halda sevgilisinin yolunu gözləyir. Vədədən xeyli keçir, Yetim gəlib çıxmır. O saat ürəyinə damır ki, sevgilisinin başında bir hadisə var. Yəqin gizli sirlər aşkar olub, onlar bir daha görüşməyəcəklər. Bənövşənin boynunun büküyü bir az da artır. Dərdli bir bayatı çəkir:
Gözlərimi oysalar,
Üstə dərman qoysalar.
Mən səndən əl üzmərəm,
Dilim-dilim soysalar.
Bayatı bütün kəndə səs salır. Ağa Bənövşənin məhəbbətinin səsinmi kəsməyə çalışır, ancaq bayatı qor kimi Ağanın canına dolur:
Mən Yetimə vuruldum,
Gözləməkdən yoruldum.
Harda qaldı gəlmədi,
Ürəyimdən vuruldum.
Onlar görürlər ki, Bənövşənin səsini vaxtında kəsməsələr, hamı bu məhəbbətdən xəbərdar olacaq. Bu da ki, Ağa üçün ölümdən betərdir. Bu ara Yetim özünü sevgilisinə yetirir. Onlar sarmaşıq kimi bir-birinə sarışırlar. Qan Ağanın beyninə vurur. Gizləndiyi yerdən çıxıb oğlanları ilə birlikdə doğma qızı Bənövşəni xəncərlə doğrayır. Yetimlə oturduqları daş qana bürünür. Yetim bu amansızlığa dözə bilmir, bir ağı çəkir:
Ahu dağda xoş mələr,
Xoş inildər, xoş mələr,
Əgər bivəfa olsam,
Oturduğum daş mələr.
Sonra xəncəri çıxardıb ürəyinə saplayır. Xalq Bənövşənin meyidini Ağaya vermir. Onları bulağın başında dəfn edirlər. Hər il yaz gələndə Bənövşənin qəbiri üstündə, aşiqlərin qanı tökülən yerdə boynu bükülü bir çiçək açır, məhəbbəti kimi ömrü az olur, dörd-beş gündən sonra solur. Xalq bu çiçəyə iki nakam məhəbbətin rəmzi olaraq Bənövşə adı verir. Bulağa isə Qızbənövşə bulağı deyirlər. Bulaq müdam çağlayır. Sanki bu mahnını Bənövşə pıçıldayır:
Bənövşəyəm bitərəm!
Kol dibində bitərəm!
Gözləyərəm gəlməzsən,
Boynu əyri bitərəm.
Qızbənövşə bulağının gözəlliklərini Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, xalq rəssamı Səttar Bəhlulzadə 1953-cü ildə özünün “Qızbənövşəyə gedən yol” tablosunda əks etdirmişdir.
скачать dle 10.4 UTF-8Forex для начинающих