ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI

Bu yol gedir Lahıca...

 

Lahıc! Bu adı eşitməyən azərbaycanlı yoxdur. Burada olmaq, zaman-zaman televizordan izlədiyi misgər dükanlarını, zindan başında çalışan ustaları, zərif və parlaq misgərlik məmulatını görmək xoşbəxtliyi isə ömür boyu əsla unudulmayacaq mənzərələrdir.

Lahıc qəsəbəsinin qədimliyi, burada şəhərsalma baxımında hələ yüzlərlə il bundan əvvəl əldə edilmiş uğurlar isə onu turistlər üçün daha maraqlı, cazibədar edir.

Saytımızın əməkdaşı jurnalist Ş. Səlimli Budadın Azərbaycan istiqlalının parlaq simalarından olan Məmməd Əmin Rəsulzadənin təqribən yüz il bundan əvvəl bir neçə ay qonağı olduğu və "Əsrimizin Səyavuşu"nu qələmə aldığı doğma Lahıcdan qısa səfər təəssüratlarını və geniş fotosessiyanı təqdim edirik. 

 

Qısa məlumat: Qəsəbə Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə BabadağNiyaldağ silsilələri ilə əhatə olunur və təbii qala şəraiti ilə əhatələnir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaratmışdır. Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair çoxsaylı məmulat Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyədə və digər yerlərdə tanınıb.

1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.

Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi mədəniyyət nümunələri hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.

1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.

 

Gecə yağmış gur yağışın təhlükəli dağ yolunda törətdiyi narahatlıqlara baxmayaraq Azərbaycan Memarlar İttifaqı nümayəndə heyətinin Lahıc səfərini təxirə salmamasında yəqin ki, bu amilin də rolu var idi – dünyanın inşaat, şəhərsalma və sənətkarlıq mədəniyyəti baxımından örnək olan bu qədim yaşayış məntəqəsini ziyarət etmək və gördüklərini peşəkarlıq baxımından dəyərləndirmək fürsətini hansı memar qaçırar ki?!

Yol boyu bir neçə yerdə dağların əsas nemətlərindən birinə - qoyun sürülərinə rast gəlirik. Maşınlar səbrlə gözləyib sürülərə yol verir. Yol boyu adları dağların o üzündəki doğma Qubanın Dəliqaya, Zərqava, Gəndob yaşayış məskənlərinin adları ilə səsləşən Qaraqaya, Zərnava, Gəndov kəndlərindən ötürük, yolu Girdiman çayının sağ sahilindən sol qıyısına ötürən körpüdən keçib yuxarılara doğru səfərimizi davam etdiririk. Tez-tez yol təmirçiləri, təmir texnikası gözə dəyir, axı dünən bütün gecəni şıdırğı yağış yağıb. Təhlükəli qanadlarını düz ensiz yolun üstünə gərmiş damar-damar qayalar hər an uşqun yarada bilər. Sola caymağa da şans azdır – yoldan dərhal sonra geniş çay yatağının dərin dərəsi qaralır. Lakin bütün bu aşkar təhlükələrə baxmayaraq Lahıca üz tutmuş maşınların, minibusların ardı-arası kəsilmir. Maşınların çoxunda uşaqlar görünür. Onların tarix marağının qarşısını hansı təhlükə kəsə bilər ki!..

 

Daxil olduğumuz ilk məkan qədim misgərlər nəslinin nümayəndəsi usta Nəzər Əliyevin emalatxana-dükanı oldu. Atası Mehdi və babaları da bu sənətlə məşğul olmuş Nəzər kişi həm də geniş məlumatlara malik əntiqçi kimi dükanındakı müxtəlif Rusiya zavodlarının istehsalı olan qədim samovarlar və digər məmulat barədə maraqlı məlumatlar verir. Əməkdaşımızla atüstü söhbətində bildirir ki, 56 yaşı var, kiçik yaşlarından atasının və əmilərinin yanında şagird kimi çalışaraq tədricən bu sənətə yiyələnib.

 

Lahıclı usta Nəzər Əliyev

 

Lahıclı sənətşünas Hacı Yusif  dükanın satıcısı Gülnarə xanım qonaqları mehribanlıqla qarşılayırlar. Hazırda o, qəsəbədəki ən maraqlı əntiq mallar dükanlarından birinin sahibidir. Sovet dönəmində isə hədiyyəlik mis məmulatı hazırlayan və 400 nəfər işçisi olan istehsalata başçılıq edib. O dövrü, gördükləri işləri, qabaqcıl müəssisə rəhbəri kimi qazandığı mükafatları, çalışdığı sahəyə başçılıq etmiş insanları yaxşı xatırlayır və onlar haqqında ehtiramla söz açır. “Hər kəs ürəyi istəyən məmulatı hədiyyə götürə bilər” deyə səxavətlə səslənir.

 

Lahıclı sənətşünas Hacı Yusif və dükanın satıcısı Gülnarə xanım

 

Növbəti ustanın – misgərlər ailəsinin yeddinci nəslini təmsil edən Kəbləəmi Əliyevin də emalatxana-dükanı çox maraqlıdır. Elə xarici turistlərin maraq dolu gözlərindən də bunu asanlıqla sezmək olur. O deyir: “Əvvəllər bu küncdə misgər kürəsi vardı. O vaxtlar dükanların hamısında belə kürələr işlədilirdi. Çünki o zamanlar xam mis Gədəbəydəki mədəndən qatarlarda Kürdəmirə gətirilir, oradan da atlarla Lahıca çatdırılırdı. Misgətirənlər Babadağdan keçməklə gedib Dağıstandan da mis gətirirdilər. Lahıca yetişdirilən bütün mis misgərlərin özləri tərəfindən emal edilirdi. Daha geniş istehsal üçün isə sonralar, sovet dönəmində Rusiyanın Omsk və digər şəhərlərindən yarımfabrikat mis gətirilirdi. Hazır məhsullar bütün Azərbaycanda satılır, İrana, Rusiyaya və digər ölkələrə də gedib çıxırdı. Təəssüf ki, indi dükanlardakı kürələrin çoxu götürülüb. Amma işlərimiz pis getmir. Əvvəla, turistlərin sayı artıb, qış aylarında Lahıca gələnlərin sayı azaldıqda “Asan xidmət”in yeni yaradılmış qolu olan “Abad” ustalarımızın düzəltdikləri məmulatı alıb pulunu ödəyir”.

 

Lahıclı misgər Kəbləəmi Əliyev 

 

Qədim çağlardan Lahıcda məşhur olmuş xalq sənətlərindən biri də xalçaçılıqdır. Sülhiyyə Əliyeva da xalçaçı olub, indi çalışdığı xalça dükanında onun da əl işləri var.

 

 

Lahıclı xalçaçı-satıcı Sülhiyyə Əliyeva 

 

Lahıcın məşhur sənətkarlar küçəsini dolaşırkən daşyonan Əşrəf Abbasovla da tanış olduq. Lahıcda qədimdən formalaşmış daşyonma və hörgü texnikasını yaxşı mənimsəyib və indi çörəyini həmin sənətlərlə çıxarır. “35 ildir çalışıram. İş çox olmasa da, həmişə var”, - deyir.

 

Lahıclı daşyonan Əşrəf Abbasov

 

 

İlqar Qurban oğlu İsmayılov da qədim misgərlər nəslinin davamçısıdır. “Bu misgər dükanını təqribən 200 il bundan əvvəl atam Qurban Qulam oğlunun Baladayı ləqəbli babası usta Əliheydər tikib ”, - deyir. Dükandakı maraqlı detallardan biri burada ustalıq etmiş bütün İsmayılovların portretlərinin asılmasıdır...

 

Lahıclı misgər nəsillərindən birinin nümayəndəsi usta İlqar İsmayılov 

 

 

Əslən lahıclı olan memar Məhəmməd Nurməmmədov bizə bələdçilik edir. Gəzintinin sonunda onun Lahıcın baş küçəsindəki dükanlardan birində saxlanılan əntiq əşyalar kolleksiyası ilə tanış oluruq. “Bu, mənim kolleksiyamın kiçik bir hissəsidir”, - deyən Məhəmməd müəllim həmkarlarını bir-bir olduqca maraqlı və yüksək tarixi dəyərə malik əşyalarla tanış edir. Burada nələr yoxdur! İstehlak müddəti çoxdan çıxsa da tarixi dəyərini qoruyub saxlayan sabunlar, qədim qrammofon, unikal radioqəbuledicilər, yazı makinaları, vallar, iki yüz yaşlı şirəçəkən, konfetqabı, dərviş kəşkülü, sinc, fotoaparatlar, müxtəlif mis məmulatı, çar əsgərlərinin qayış toqqaları və s... Məhəmməd müəllim bunların hər biri haqqında maraqlı məlumatlar verir...

 

Əslən lahıclı olan memar Məhəmməd Nurməmmədov

 

Geri qayıdırıq. Əgər getdiyimiz maşının nasazlığı ucbatından iki saatlıq ləngimə nəzərə alınmazsa, dağlarda heç bir ekstrim yaşamadıq. Yol boyu sürətlə axan Girdiman çayı sanki bizimlə ötüşürmüş kimi aşağılara doğru can atır. Nəhayət, magistral yola çıxır, Bakıya doğru sürət götürürük. Buradan Lahıca doğru qalxan yol nəhayətsiz şəridə oxşayır. Ürəyimizdən bu yola və bütövlükdə qonaqpərvər, dəyanətli lahıclılara bayatı düzümlü bir bənd hədiyyə etmək keçir:

                                                                     

                                                           Bu yol gedir Lahıca,

                                                           Dağları quca-quca.

                                                           Orda bir el yaşayır,

                                                           Qəlbi dağlardan uca.

 

Mətn və fotolar

Shahdaghpeoples.az

etnotanıtım portalına məxsusdur

İsmayıllı-Bakı, 9 iyun 2018

 

LAHIC GÖRÜNTÜLƏRİ

 

 

 

 

 

  

 

 

 

 

 

 

 

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих