ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI

İlqar Balakişiyev

 

Qubanın tarixi məscidləri

Bunlar bölgənin zəngin keçmişinin izlərini özündə yaşadan nadir memarlıq abidələridir.

 

Müəllif haqqında:

 

İlqar Mövlud oğlu Balakişiyev 29 aprel 1980-ci ildə Bakıda anadan olub. 2003-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini fərqlənmə diplomu ilə bitirib. Elə həmin il tələbələrin və magistrantların elmi konfransında müsabiqənin qalibi kimi əldə etdiyi nailiyyətlərə görə “Ən yaxşı tələbə” kimi birinci dərəcəli diplomla təltif olunub.

İlqar Balakişiyev elmi-pedoqoji fəaliyyətlə məşquldur, Azərbaycan Memarlıq və İnşaat Universitetinin «Memarlıq» fakultəsində çalışır. O, Universitetdə “Memarlıq konstruksiyaları”, “Binaların rekonstruksiyaları”, “Sənaye binaları” fənləri üzrə mühazirə, məşğələ, kurs lahiyəsi dərslərini aparır və diplom lahiyələrinə rəhbərlik edir.

O eyni zamanda «Memarlıq»ixtisası üzrə «Kon-Lay Project» MMC Məhdud Məsuliyyətli Cəmiyyətində memar vəzifəsində çalışır. Azərbaycan Memarlar İttifaqının üzvüdür.

Hazırda elmi-tədqiqat işi üzərində çalışır. 10 elmi əsərin, о cümlədən Bakı şəhərində və respublikanın rayonlarında bir cox yaşayış, ictimai və inzibati binaların, ofislərin, azmərtəbəli malikanə tipli evlərin və s. binaların layihə müəllifidir.

Müəllifin bu mövzuya müraciət etməyinin əsas cəhətlərindən biri, elmi cəhətdən dərindən öyrənmək istəyi mövzunun doğma Azərbaycanmızın şimal qapısı sayılan Quba torpağı ilə sıx bağlı olması və  elinə-obasına olan hədsiz məhəbbətidir. Yəqin ki, elə bu sevgi onu ata-babasının doğulub boya-başa çatdığı vətənimizin füsunkar guşəsi olan Quba bölgəsinin tarixini və memarlıq abidələrini öyrənməyə sövq etmişdir.

 

Azərbaycanda unikal memarlıq abidələri ilə zəngin olan bölgələrimizdən biri də Qubadır. Kökləri çox qədimlərə gedib çıxan bölgə tarixinin bir sıra əhəmiyyətli abidələri burada insanların çox uzaq zamanlardan bəri yaşayıb-yaratdıqlarını sübuta yetirir.

Məlumdur ki, ərəblər İslam dininin yayılması və yeni torpaqların ələ keçirilməsi məqsədi ilə gəldikləri ərazilərdə ilk vaxtlar yerli sənətkarlardan geniş istifadə edirdilər. Təbiidir ki, həmin ustalar cəlb edildikləri inşaat işlərində yerli tikinti və bədii tərtibat üsullarından istifadə edirdilər. Sənətkarlar üçün yaradılmış bu şərait və həm də bölgədəki əlverişli vəziyyət burada yerli memarlıq məktəblərinin yaranmasına və inkişafına yol açmış oldu. Müsəlman ərəblərin yerlərdə İslam dininin yayılması ilə şərtlənən missionerlik fəaliyyətinin genişlənməsi və getdikcə daha geniş əraziləri əhatə etməsi dünyanın ayrı-ayrı ölkələrində İslam təmayüllü müxtəlif dini memarlıq məktəblərinin yaranması ilə nəticələnirdi. Bu baxımdan məscidlərin, məqbərələrin, minarələrin memarlığı, arxitektur xüsusiyyətləri səciyyəvidir, çünki bunlar nəinki başqa-başqa ölkələrdə özünəməxsusluğu ilə seçilir, həm də bir ölkənin müxtəlif bölgələrində belə bir-birindən fərqlənirdilər. Bütün bunlar isə memarlığın və bütövlükdə mədəni inkişafın sürətlənməsi ilə müşayiət olunurdu.

Orta əsrlərdə bütün müsəlman aləmində olduğu kimi Azərbaycanın şimalındakı şəhərlərdə də əhalinin toplaşdığı əsas sosial-siyasi və ideoloji mərkəzlərdən biri məscidlər idi. Müsəlman dünyasında “Allahın evi” kimi xarakterizə edilən məscidlər Quba bölgəsi şəhərlərinin sosial-siyasi və ideoloji həyatında çox mühüm rol oynadığından onlara hörmət və ehtiramla yanaşılmış, imkanlı şəxslər, bəzən isə yerli camaat tərəfindən yeni məscidlər ucaldılmışdır. Bu iş bəzən dövlət səviyyəsində yerinə yetirilmiş, şəhərin hakimləri də bir sıra böyük məscidlər inşa etdirmişlər. Bu abidələrə misal kimi Quba şəhərində, eləcə də şəhərətrafı kəndlərdəki dini tikililəri göstərmək olar. Lakin buradakı ibadət yerlərinin memarlıq xüsusiyyətləri hələ lazımi qədər öyrənilməmişdir. Halbuki tərəfimizdən keçirilmiş baxış göstərdi: demək olar ki, əksər  yaşayış  məntəqələrində məscidlər qorunub saxlanılmışdır və demək olar ki, hamısı ibadət üçün açıqdır.

Quba şəhəri və ətraf kəndlərdəki məscidlərin bir hissəsi zaman keçdikcə təbii fəlakətlər, müharibələr, yanğınlar və s. nəticəsində məhv olub sıradan çıxsa da, onların müəyyən qismi zamanəmizədək nisbətən salamat vəziyyətdə gəlib çatmışdır. Tamamilə sıradan çıxmış bu cür ibadət məkanları haqqında məlumatı biz orta əsr müəllif və tədqiqatçılarının əsərlərindən alır, həmin məscidlərin memarlıq xüsusiyyətləri, həcm-məkan quruluşu və s. haqda faktları əldə edirik.

Hazırda Quba ərazisində orta əsrlər zamanı inşa edilmiş bəzi məscidlər indiyədək fəaliyyət göstərməkdədir. Bu məscidlər özlərinin möhkəmliyi, maraqlı memarlıq-konstruktiv quruluşu ilə diqqəti cəlb edir. Buradakı indiyədək salamat qalmış, xalqımızın və bölgə əhalisinin zəngin dini-tarixi keçmişindən və mənəvi yüksəlişindən soraq verən belə ibadət məkanlarına misal olaraq Quba şəhərindəki “Ərdəbil”, Cümə, Səkinə xanım, Hacı Cəfər məscidlərini, bundan başqa rayonun Birinci Nugədi kəndindəki  Cümə məscidini, Rustov kənd məscidini və s. buna misal göstərmək olar. İxtisasca memar olduğumuzdan, zaman-zaman həmin məscidlərdə olaraq ölçmə işləri aparmış, bu memarlıq abidələrinin özünəməxsus xüsusiyyətlərini öyrənmiş, planlarını işləmiş, fotoçəkilişlər aparmışıq. “Shahdagpeoples.az” etnotanıtım-xəbər saytında milli memarlıq irsimizdən bəhs edən maraqlı yazılarla tanışlıqdan sonra Quba şəhəri və ətraf kəndlərdəki bir neçə məscid haqqlnda ətraflı məlumat vermək qərarına gəldik.        

 

“Ərdəbil” məscidi

Məscid Quba şəhərinin Fətəlixan küçəsində yerləşir. Cənub  fasadında olan yazıda göstərilir ki, məscid hicri-qəməri təqvimi ilə 1312-ci ildə - miladi XIX əsrdə inşa edilib. Məscidin içəri hissəsinin ümimi sahəsi 13x15 metrdir. Planda kvadrat olan abidə  çadırvari  örtüklə  bitir. İbadət zalının planı düzbucaqlıdır. “Ərdəbil” məscidinin binası tamamilə bişmiş qırmızı kərpicdən tikilib. Məscid bir iri otaqdan ibarətdir. Tikili 4 üzlü prizma şəklindədir, 9 pəncərəsi, 1 qapısı var. Tavanı düzbucaqlı formadadır və taxta ilə işlənib. Tavan 4 taxta sütun üzərində dayanıb. İbadət zalı hər cərgədə 2 ədəd olmaqla iki cərgə sütunlarla üç hissəyə bölünüb.

 

"Ərdəbil" məscidinin xarici görünüşü çox baxımlıdır

 

Mehrabın hündürlüyü 2,5 metrdir. Minbər doqquzpilləlidir və şam ağacından düzəldilib. Məscidin qadınlar şöbəsi ikinci mərtəbədə yerləşir. Sahəsi 3x15 metrdir. Yerdən məscidin günbəzinə qədər olan hündürlük 12 metrdir.

“Ərdəbil” məscidinin yerində vaxtilə qara kərpicdən tikilmiş başqa bir məscid varmış. Sonradan Nadir şahın yürüşü dövründə burada məscid və karvansara olub. Həmin məsciddə daha çox müsafirlər ibadət edərmişlər. O vaxtlar təxminən 40 ərdəbilli ailə buraya köçürülüb. Şəhərdə “Ərdəbil” məhəlləsinin varlığı da bunu sübut edir.

 

"Ərdəbil" məscidinin içməkanı

 

“Ərdəbil” məscidi yerli möminlərin hesabına tikilib. Sonralar din xadimləri tərəfindən köməkçi otaqlar, dəstəmaz almaq üçün ayrıca yer inşa edilmiş, məscidin dörd bir yanına barı çəkilmişdir. Sovetlər dövründə məscid binasından yataqxana, anbar, arxiv kimi istifadə olunub. 1966-cı ildə yandırılan məscid iyirmi ildən çox müddət ərzində - 1988-ci ilə qədər bərbad vəziyyətdə qalıb. 1988-ci ildə “Ərdəbil” məscidi dövlətin himayəsinə götürülüb. Belə ki, damı örtülüb, pəncərələr qoyulub. Bundan sonra camaatın təkidi nəticəsində 1989-cı ildə məscid olaraq dindarların ixtiyarına verilib. 1990-cı ildən məsciddə fasilələrlə təmir-abadlıq işləri aparılıb. Hazırda “Ərdəbil” məscidi dindarlar tərəfindən istifadə olunur.

 

Səkinə xanım məscidi

Məscid Quba şəhərində tikilib, inşa tarixi 1854-cü ilə aiddir. Tikintisinə 1840-cı illərin sonlarında başlanmış, 1854-cü ildə başa çatmışdır. Məscid bir otaqdan ibarətdir. Əsas ibadət zalının sahəsi 14x14 metr, həyətyanı sahəsi 300 kv.metrdir.

 

Səkinə xanım məscidinin xarici görünüşü

 

Quba şəhərinin mərkəzindəki Səkinə xanım məscidi xüsusi memarlıq üslubunda bişmiş kərpicdən inşa edilib və bütün digər məscidlərdən fərqlənir. Məscid dördbucaqlı şəklindədir, 9 pəncərəsi, 2 qapısı var. Məscidin əsas giriş qapısı şimal tərəfdəndir. Bayır tərəfdən qapısının üstündə ərəb əlifbası ilə yazılmış lövhə var. Məscidin günbəzi xaricdən ağ dəmirlə örtülmüşdür. Məscidin günbəzinin üstündə şərəfə yerləşir. Şərəfəyə çıxmaq üçün pilləkən məscidin içindəndir.

 

 

Səkinə xanım məscidinin sütunlu interyeri

 

Döşəməsi daş plitələrlə örtülüb, tavanı dörd böyük sütun üzərində dayanıb. Minbər qoz ağacından düzəldilib və səkkizpilləlidir. Məscidin interyeri çox nəfis şəkildə işlənib. Yerdən günbəzədək məsafə 9 metrdir. Günbəzin diametri 4,5 metrdir. Damı və günbəzin üstü dəmir təbəqə ilə örtülüb. Quba şəhər Səkinə xanım məscidinin nəzdində mədrəsə də var. Mədrəsə 1994-cü ildən fəaliyyət göstərir.  Məscidin binasından sovetlər dövründə tikiş fabriki kimi istifadə olunub. 1991-ci ildən bura yenidən məscid kimi fəaliyyətə başlayıb.

Bu məscid Abbasqulu ağa Bakıxanovun həyat yoldaşı Səkinə xanım tərəfindən inşa etdirilib. Məscidi Səkinə xanım əri Abbasquluağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün tikdirsə də tarixdə öz adı ilə qalmışdır.

 

Şəhər Cümə məscidi

Zəngin memarlıq üslubuna malik ən qədim məscidlərdən biri olan şəhər Cümə məscidi Quba şəhərində hicri-qəməri təqvimi ilə 1217-ci ildə, miladi 1802-ci ildə Qazi Nəsrullah əfəndinin oğlu Qazi İsmayıl əfəndinin maddi yardımi ilə tikilmişdir. İçərisinin sahəsi 16x18 metrdir. Binanın inşası müəyyən fasilələrlə 10 ilə başa çatdırılmışdır. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biri olmuşdur. Məscid və onun nəzdindəki mədrəsə 1924-cü ilədək fəaliyyət göstərmiş, qırmızı imperiya dövründə isə fəaliyyəti qadağan edilmişdir. 1933-cü ildə mədrəsə və minarə, sonralar isə digər tikililər dağıdılmışdır.

 

 

Cümə məscidi XIX əsrin sonlarında belə görünürdü

 

Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra yenidən məscid binası dindarların istifadəsinə verilmiş və dini qurum kimi Ədliyyə nazirliyində qeydiyyatdan keçmişdir. Qısa müddət ərzində məscidin ətrafına şəbəkəli hasar çəkilmiş, su-kanalzasiya xətləri qoşulmuş, dəstəmazxana və mədrəsənin tikintisi başa çatdırılmış və abadlıq işləri də görülmüşdür.

Türkiyənin dini işlər idarəsi məscidə 3000 ABŞ dolları dəyərində olan minbər bağışlamışdır. Minbər qoz ağacından düzəldilib və onpilləlidir. Məscidin mehrabının hündürlüyü 3 metrdir.

 

Cümə məscidi 1990-cı illərin ortalarında belə görünürdü

 

Quba şəhər Cümə məscidinin özünəməxsus memarlıq üslubu var. Divarları bişmiş kərpicdən işlənib. Divarlar iç tərəfdən qum və əhənglə suvanıb. Damı dəmir təbəqə ilə örtülüb. Döşəmə daş plitədəndir. Hündürlüyü 43 metr olan minarənin yarısı betondandır, digər yarısı isə mişar daşından tikilib. O, Osmanlı memarlığı üslubundadır. Üstündə aypara rəmzi qoyulub. Yerdən günbəzədək olan hündürlük 25 metrdir.

 

Cümə məscidi bizim günlərdə belə görünür

 

 İçərisi və fasad tərəfi səkkizguşəlidir. Sovetlər dövründə bura dəyirman, muzey kimi istifadə olunub. 1992-ci ildən yenidən məscid kimi fəaliyyətə başlayıb. 1994-cü ildə məscidin həyətində tikinti işlərinə başlanıb. Məsciddə dəstəmazxana, mədrəsə, minarə və həyətyanı sahədə təmir-bərpa işləri aparılıb. Minarə 248 pillədən ibarətdir. Bu işlər Türkiyə Diyanət Vəqfinin “Gintaş” Anonim şirkəti tərəfindən həyata keçirilib.

 

Hacı Cəfər məscidi

Hacı Cəfər məscidi çox maraqlı ön fasadı ilə diqqəti cəlb edir

 

Quba şəhər Hacı Cəfər məscidi 1905-ci ildə yerli dindar Hacı Cəfər tərəfindən bişmiş kərpicdən tikilmişdir. 4 otaqlı məscid planda dördbucaqlı olub, əsas ibadət zalından və önündəki köməkçi otaqlardan ibarətdir. Məscidin əsas baş girişi şimal tərəfdəndir. Mehrab qapı ilə üzbəüz yerləşib. Əsas zalın ortasında tavan örtüyünü saxlamaqdan ötrü iki sütun vardır. Qadınlar üçün ayrılmış kiçik zal ikinci mərtəbədə yerləşir. Şərəfəyə çıxmaq üçün içəridə sağ tərəfdə pilləkənlər var. Hazırda məscidin texniki vəziyyəti yaxşıdır, bərpaya ehtiyacı yoxdur. Məscid 1983-cü ildə Ayinlər şurası tərəfindən bərpa olunmuşdur və hazırda istifadə olunmaqdadır.

 

 

Hacı Cəfər məscidinin içməkanı da cəlbedicidir

 

 Birinci Nugədi kəndində Cümə məscidi

Quba rayonu, I Nügədi kənd məscidi XIX əsrin əvvəllərində kənd sakinləri tərəfindən tikdirilmişdir. Məscid çiy kərpicdən, 15 metrlik minarəsi isə qırmızı kərpicdən inşa olunmuşdur. Sovet hakimiyyəti dövründə 1930-cu ildən başlayaraq məsciddən əvvəllər klub, sonra isə taxıl anbarı kimi istifadə etmişlər. 

 

Məscidin təmirinə ehtiyac olduğu aşkar görünür

 

 Məscid kəndin mərkəzində yerləşir. Məscidə giriş şimal tərəfdəndir. Məscidin kompozisiya mərkəzi iki cərgə pəncərəsi olan ibadət zalıdır. Zalın kvadrata yaxın olan geniş sahəsi (18x16m) iki cərgə sütunlarla (hər cərgədə üç ədəd) dörd hissəyə bölünmüşdür. Orta hissə üzərindən qadınlar üçün nəzərdə tutulmuş balkonların tirləri keçirilmiş yan hissələrdən iki dəfə enlidir. İbadət zalının girişində qadınlar üçün olan hissəyə aparan pilləkən qurulmuşdur.

Şərq və şimal tərəfdən məscidin binasına xarici və daxili məkanı əlaqələndirən zəncir rolunu oynayan eyvan birləşir. İnteryerin cəlbediciliyi taxta sütunlara söykənən ikiyaruslu arkadaların (tağlar cərgəsi) qeyri-adi yüngüllüyü və zərifliyi ilə əldə olunmuşdur. İnteryerin kompozisiyası, möminlərin qibləyə doğru baxışları istiqamətində baş tikinti elementi - plastik üslubda icra olunmuş mehrabın seçilməsinin ciddi məntiqi ilə fərqlənir. Mehrab qalın cənub divarına girir və planda səkkizbucaqlının yarısı formasında olan yarımqübbə ilə bitən tağçadır.

 

 

Nügədi məscidi özünəməxsus interyeri ilə diqqəti cəlb edir

 

Cümə məscidinin Quba bölgəsi abidələri arasında rast gəlinməyən bir memarlıq xüsusiyyətinə diqqət yetirək. Bu da onun məsciddən aralı, ayrıca dayanan minarəsinin olmasıdır. Minarə bişmiş kərpicdən tikilmiş yuxarıya doğru getdikcə azacıq ensizləşən slindrik qüllədən ibarətdir. Minarənin yuxarı hissəsində dairəvi balkon düzəldilmişdir ki, buradan müəzzin azan oxuyur. Güclü karniz kəməri vasitəsilə saxlanılan balkon naxışlanmış şəbəkəli məhəccərlə dövrələnmişdir. Müəzzin şərəfə-balkona minarənin qalın lüləsindən çəkilmiş vintvari pilləkənlə qalxır. Minarə tənəkə dam lövhələri ilə örtülmüş səkkizbucaqlı cadirşəkilli damla bitir.

 

 

Şirvan-Abşeron minarələrinə xas olan siluet dayanıqlılığı, zəriflik və incə modelləşdirilmə forması ilə seçilən Şirvan-Abşeron memarlıq məktəbi minarələrindən fərqli olaraq I Nugədi kəndindəki minarə alçaqdır və az baxımlıdır.

 

Rustov kəndində məscid

Quba rayonunun Rustov kənd məscidi 1903-cü ildə tikilmişdir. Məscidin cənub fasadında dairəvi pəcərənin aşağısında yerləşən epiqrafik yazının təraş olunmuş əhəng daşı üzərinə oyma üsulu ilə məscidin birinci dəfə Hacı Yusif tərəfindən tikildiyi yazılmışdır. Deyilənlərə görə Azərbaycanın böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin də məscidin tikilməsində köməyi olmuşdur.

 

Rustov məscidi memarlıq quruluşuna görə "Ərdəbil" məscidini xatırladır

 

Sovet hakimiyyəti illərində məscid bağlanaraq taxıl anbarı kimi istifadə olunmuşdur. Bu möhtəşəm dini və tarixi abidə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dindarların istifadəsinə verilmişdir. Məscid 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yenidən bərpa edilmiş, ətrafında köməkçi binalar tikilmişdir.

Rustov  kəndindəki  məscidin  memarlıq-planlama həlli Qubadakı “Ərdəbil” məscidindən  az fərqlənir. Məscidlərin müqayisələndirilməsi onların eyni ustalar tərəfindən tikildiyi fikrinə  gətirib çıxarır. Fərq yalnız ondadır ki, Rustov məscidi “Ərdəbil” məscidindən azca böyükdür. Onun ibadət zalı üç cərgə sütunla (hər cərgədə üç sütun) dörd hissəyə bölündüyü halda “Ərdəbil” məscidinin ibadət zalı iki cərgə sütunla (hər cərgədə iki sütun) üç hissəyə bölünmüşdür.

 

 

Rustov məscidinin 9 sütunlu öznəməxsus içməkanı

 

Məscidin bünövrəsi kürsülük səviyyəsinə qədər cay daşından hörülmüşdür. Divarlar isə kürsülük hissədə çay daşı ilə təraş olunmuş əhəng daşının kombinasiyası şəklində, qalan yerlərdə isə (20x20x4) və (27x13x6) ölçülü bişmiş kərpicdən hörülmüşdür. Divarların yuxarı hissəsindən 9 cərgə kərpicdən karniz kəməri kecir və frontonun kənarlarını əhatə edir. Qadınlara məxsus ikinci mərtəbə eyvanın üstündə yerləşir. Şimal divarın sağ künc hissəsindən başlayan pilləkənlə ikinci mərtəbəyə və çardağa qalxmaq mümkündür. Məscidin damının örtük konstruksiyasında palıd tirlərdən istifadə edilmişdir.

 

Ədəbiyyat:

  1. Şahin Fərzəlibəyli. Quba tarixi (Bakı-2001).
  2. Azərbaycan Resbuplikası Prezidentinin İşlər idarəsinin Prezident kitabxanası (Azərbaycanda dini abidələr).
  3. Kamil Məmmədzadə.“Azərbaycanda İnşaat sənəti”. (Bakı-1978).
  4. “Elm və həyat  jurnalları (1991).
скачать dle 10.4 UTF-8Forex для начинающих