ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI

Cəfər Qiyasi

Elmə bəlli olmayan qala...

 

Quba rayonunun Zıхır kәndindәn dağın döşüylә bir yol qalxır. Sәrt yoхuşu başa vuran kimi gözəl bir mәnzәrә görunür. Otu adama boy vеrmәyәn düzәnlik, yalçın qayalı sıra dağlar... Düzәnlik aşağılarda sıx meşə ilə һaşiyәlәnib. Meşənin içərisindә boyük bir relyеf qabartısı gorünür. Papağa bәnzәr biçimi, plastik siluеti ilә landşaftın rәngarәngliyini, dinamikliyini artıran bu balaca dağın ğörkәmindә tәbii mәnzәrәnin bütövlüyünü pozmayan bir sərbəstlik vardır. Bir növ, ərazinnin fokus mәrkәzindә yеrlәşmәsi buranı landşaftın aktiv еlеmеntinә çеvirib; qayalıqları, yamacları yaхından görәndәn sonra burada nә üçün qala tikildiyi aydın olur.

Еl arasında dәrәni örtәn mеşәyә Qaranlıqdәrә mеşәsi, dağın üstündә tikilmiş qalaya isә Qaranlıqdәrә qalası dеyilir. Qaranlıqdәrәdә ucalan dağ coğrafi mövqеyi, tәbii quruluşu ilә orta әsrlәrin müdafiә tәlәblәrinə gözәl cavab vеrir. Әtrafdakı uca dağlar dәrәyә günәş işığının düşmәsini azaltsa da, dağın üstündәn gеniş әrazini yaхşı müşaһidә еtmәk olur. Qaraçay, әtrafındakı sıх mеşәlik, çılğın sәrt qayalıqlar buranın etibarlı sığınacaq yeri olmağını sübut eləyir.

Qanlıdərə qalasının nə vaxt, kim tərəfindən tikildiyini soraq verən yoxdur. Yazılı mənbələr hələlik bu qala haqqında susur. El arasında dolaşan əfsanələr də sorğulara aydın cavab vermir. Deyilənlərə görə, qalanı çox qədim zamanlarda yeddi qardaş ucaldıb. Buna görə də onu “Yeddilər qalası” da adlandırırlar.

İndiyədək qala tədqiq edilməyib. Quba rayonunun “Səfəq” qəzetində (3 sentyabr 1969-cu il ) Bağbanlı kənd məktəbinin coğrafiya müəllimi X. Məmmədov onun haqqında məlumat xarakterli bir məqalə çap etdirib. Bizə qala barəsində məlumat verən hörmətli dostumuz Arif Qafarovun dəvəti ilə biz də qala ərazisində olduq və “Ədəbiyyat və incəsənət” qəzetinin 20 yanvar 1979-cu il tarixli sayında bu yazını çap etdirdik...

Qanlıdərə qalası təbii-coğrafi şəraiti, memarlıq-planlaşma həllinə görə, Azərbaycanın bu növ abidələri içərisində orijinallığı ilə seçilir. Respublikanın başqa rayonlarında qalmış dağ qalaları (Siyəzəndə - Çıraqqala, İsmayıllıda – Cavanşir qalası, Gədəbəydə - Namərd qala və b.) ilə oxşarlığı olsa da, qalanın yerli şərait və tikinti ənənələri ilə bağlı xüsusi quruluşu var. Giriş hissəsinin mürəkkəb quruluşuna hələlik Azərbaycanın heç bir müdafiə gurğusunda rast gəlmirik.

Qalaya yeganə giriş relyefin nisbətən sakit göründüyü cənub tərəfdəndir. Bu hissədə üçqatlı bürc diqqəti cəlb edir. Kübik, prizmatik (səkkizüzlü) və dairəvi qatlardan ibarət olan bürc enli xəndəyi andıran çökəkdə tikilib. Giriş qapısı bürcün qərb tərəfindəndir. İçəridəki kiçik otağa açılır. Otağın şimal tərəfinə içərisindəki relyef boyunca pillələri olan tağ örtüklü uzunsov dəhliz birləşirmiş, indi uçuqları qalıb.

Keçid-dəhliz dağ döşündəki sal qayaya bitişik bürcün yanında qurtarır. On metrdən uca olan salamat qalmış bu bürcdən gözətçi meydançasına qapı açılır. Həmin bürcün dibindən qalaya doğru dar yoxuş qalxır. Yoxuşun ortasında uzunluğu dörd, eni iki metr olan və vaxtı ilə tağla örtülmüş başqa bir keçid tikilisinin uçuqları qalır. Bir qədər aralıda bir dairəvi bürcün də qalıqları görünür.

 

Yeddilər qalası. Fraqment

 

Qalanın içərisinə açılan qapı ensiz imiş. Yanlarını yarımdairə biçimli monumental bürclər qapayırmış. Beləliklə inşaatçılar qapının ən məsuliyyətli hissəsində - giriş qarşısında bürcdən və gözətçi məntəqələrindən ibarət mürəkkəb, yaxşı düşünülmüş müdafiə sistemi yaratmışlar. Diametrləri üç-dörd metr olan dairəvi bürclər gözətçi qülləsi rolunu oynasa da, döyüş vaxtı müdafiə funksiyası da daşıya bilərdi.

Qalanın qapalı quruluşunu dağın üst hissəsinin reylefinə yatımlı şəkildə hörülmüş daş divarlar tamamlayır. Divarlar yarımdairəvi bürclərlə möhkəmləndirilib. Yerin topoqrafik xususiyyətlərinin nəzərə alınması, az vasitələrlə maksimal təhlükəsizlik mühiti yaratmaq tələbinin bacarıqla yerinə yetirilməsi hər addımda duyulur. Elə buna görə də qalanın planı mürəkkəb biçimli, həcm-məkan həlli isə oynaqdır. Ərazisi bir hektardan çox olan qalanın içərisində relyef narahatdır. Ən hündür şərq hissəsində divarlarla dövrələnmiş yer, çox güman ki, içqala (sitadel) olub. Buradan meşə və düzənliyin geniş panoramı da görünür.

Qalanın ən iri bürcü də buradadır. Şimal içərisində yaşayış və təsərrüfat binalarının izlərini görmək olar. Ərazini sıx ağaclar örtüb və bəzi ağaclar divarların, bürclərin içərisindən çıxaraq onları dağıdıb. Qalanın yerləşdiyi dağın ətəklərində, təbii müdafiə imkanlarının zəif olduğu yerlərdə əlavə istehkam divarları və bürcləri quraşdırılıb. Təbiət və insan əli buranı alınmaz qalaya çevirib.

 

Yeddilər qalasından bir görünüş

 

Qala tikililərində müdafiə konsepsiyası üstündür. Burada inşaatçılar qarşısına qoyulan əsas proqram funksional yararı, möhkəmliyi təmin etməkdir. Gözəllik, emosoinal cəhət ikinci dərəcəlidir. Ancaq bacarıqlı sənətkar əlində çaydaşı gözəllik daşıyıcısıdır. Qaranlıqdərə qalasında ilk anda yerin potensial müdafiə imkanlarına heyran olursan. Sonra isə memar və ustaların bu imkanları necə böyük bacarıq və necə taktika ilə inkişaf etdirdiklərinə təəccüblənirsən. Onlar təbiətin gözəlliklərini ehtiyatla qoruyaraq gözəl sənət əsəri yaratmışlar.

Çox ciddi dağıntıyla uğramasına baxmayaraq, Qaranlıqdərə qalasının memarlıq formalarında bu növ tikintilərdə görmədiyimiz bir incəlik var. Bu, xüsusilə giriş hissəsində ucalan və nisbətən yaxşı vəziyyətdə qalan bürclərdə aydın görünür. İncəliyi yaradan dikinə memarlıq ölçülərinin çox olmasıdırsa, o biri tərəfdən divarların kiçik daşlardan hörülməsidir. Hörgü işlərindəki böyük ustalığı və səliqəni qeyd etmək lazımdır.

Qaranlıqdərə qalası əsasən daşdan tikilib. Uçuqlar arasındakı qırıntılar göstərir ki, hörgüdə müxtəlif biçimli kərpiclərdən də istifadə edilib. Kərpicin formatına, qalanın memarlıq həllinin Çıraqqala və Cavanşir qalası ilə yaxınlığına görə onun ilkin orta əsrlərdə tikildiyini ehtimal etmək olar. Böyük memarlıq-tarixi dəyəri olan qalanın tikilmə tarixini aydınlaşdırmaq üçün arxeoloji və memarlıq tədqiqat işləri aparılmışdır.

 

Yeddilər qalasının plan eskizi: Çəkən: Cəfər Qiyasi

 

Respublikada salamat qalmış memarlıq abidələri içərisində ən az öyrənilən dağ qalalarıdır. Yerinə yetirdikləri funksiya onların əlçatmaz yerlərdə, gediş-gəlişdən uzaq məntəqələrdə tikilməsini tələb etmişdir. Beləcə gözdən uzaq yerdə olmaları abidələrin dağılıb aradan çıxmasının qarşısını xeyli alsa da, onların müasir elmi araşdırmalardan kənarda qalmasına da səbəb olmuşdur. İndi belə abidələrin öyrənilməsinə maraq və diqqət artmaqdadır. Ancaq qalaları dağıtmaq, onlarda xəzinə axtarmaq marağı əsrləri yola salmış bu əzəmətli tikililərin taleyi üçün böyük təhlükə yaradır. Boş yerə dəfinə axtaranlar, hazır material gəzənlər, qədim müdafiə tikililərimizə düzəldilməsi mümkün olmayan böyük ziyan vurmuşlar. Yerli camaatın dediyinə görə, vaxtilə Qaranlıqdərə qalasından üç kirşə bişmiş kərpic aparıb kənddə boyaqxana tikmişlər, başqaları isə onun lap bu yaxınlaracan qalan bəzi tağ və bürclərini uçurmuşlar. Təbiətin, yüzillərin dağıda bilmədiklərini indi arxayınçılıqla uçurmaq tariximizə, mədənyyətimizə hörmətsizlikdən başqa bir şey deyil. Yerli təşkilatlar mərkəzdən uzaq, elmi dairələrə bəlli olmayan abidələrimizə qayğı göstərməli, onlarla maraqlananlara kömək göstərərkən, gələnlərin kimliyini və məqsədlərini öyrənməlidir. Baxımsızlıq və etinasızlıq üzündən dəyərli mədəniyyət abidələrimizin neçəsi dağıdılmış, neçəsi isə respublika ərazisindən çıxarılmışdır. Həm də elmə bəlli olmayan abidələrimiz haqqında mətbuata, əlaqədar təşkilatlara məlumat göndərmək gərəkdir. Bu, mədəniyyət tariximizin hərtərəfli öyrənilməsinə böyük xidmət deməkdir. Unudulmamalıdır ki, üzə çıxarılmış hər bir qədim abidə tariximizin, sənətimizin qaranlıq bir qatını işıqlandırır.

 

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих