ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub

Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub

13 may 2020

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri Pərviz Nəcəfov tərəfindən Qobustan rayonu Sündü kəndi ərazisində tikinti işləri zamanı saxsı qab nümunələrinin aşkar edilməsi haqqında məlumat daxil olub.

Bildirilib ki, Sündü kəndi ərazisində Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınmış 36 qədim qəbiristanlıq, 920-ci ildə inşa edilmiş məscid, kurqan, 16 mağara, qədim yaşayış yeri mövcuddur.

Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyinin göstərişi ilə müəssisənin şöbə müdiri, bölgə üzrə arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev rayona ezam olunub. O, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qobustan rayonu üzrə abidə mühafizəçisi Bəylər Ağayevlə birgə maddi-mədəniyyət nümunələrinin aşkar edildiyi əraziyə baxış keçirib.

Müəyyən edilib ki, tapıntılar Təhsil Nazirliyi tərəfindən yeni tikilən Sündü orta məktəbinin ərazisində aşkar olunub. Məktəbin bünövrəsi qazılarkən 1,0-2,5 metr dərinlikdən müxtəlif ölçülü saxsı qablar aşkarlanıb və kənd sakinləri tərəfindən götürülüb.

Əraziyə baxış keçirərkən tikinti sahəsində çoxlu sayda saxsı qırıntıları, kərpic fraqmentləri, ocaq yeri və sümük qalıqları qeydə alınıb. Əldə olunmuş maddi mədəniyyət nümunələrinə əsasən ərazidə Antik dövrə aid nekropol olduğu müəyyən edilib. Akif Quliyevin fikrincə, Antik dövr nekropolu daş qutu qəbirlərdən ibarət olub. Torpağın üst qatı ekskavator vasitəsi ilə götürüldüyündən nekropol dağıdılıb, mədəni təbəqə qarışıb.

Məktəbin direktoru və tikintinin sahə rəisi ilə söhbət əsnasında tikinti işlərinə 2020-ci ilin yanvar ayında başlanıldığı müəyyən edilib. Onların sözlərinə görə, qazıntı işləri zamanı çoxlu sayda saxsı qablar aşkar edilib.

Kənd sakinləri ilə danışıqlardan sonra bir neçə materialın yerini müəyyənləşdirmək mümkün olub. Sündü kənd klubunda və məktəbdə dörd ədəd kiçik ölçülü dolçaya arxeoloq A.Quliyev tərəfindən baxış keçirilib. Müəyyən edilib ki, bu qablar Antik dövr Qafqaz Albaniyasının maddi mədəniyyət nümunələridir. Dolçanın birinin üzərində basma üsulu ilə damğalar həkk olunub.

“Təəssüflər olsun ki, abidənin aşkar edilməsi haqqında məlumat vaxtında müvafiq orqanlara çatdırılmayıb və abidənin çox hissəsi dağıdılıb. Abidədə arxeoloji tədqiqat işlərinin həyata keçirilməsi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Mədəniyyət Nazirliyinin birgə qərarından sonra baş tuta bilər”, - deyə institutdan bildirilib.

www.science.gov.az

скачать dle 10.4 UTF-8Forex для начинающих