BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Ormanlar içində durur Talıstan...

Ormanlar içində durur Talıstan...

4 oktyabr 2023-cü il

 

Ormanlar içində durur Talıstan,

Ona bir baxışda vurulur insan.

Günəş bu yerlərdə qalxır atına,

Yüksəlir göylərin yeddi qatına.

Bu yurdun havası, suyu sərindir,

Keçdiyim dərələr göydən dərindir.

Baxdıqca İnsanın gözü qaralır,

Şair olmayan da xəyala dalır...

 

Məşhur şairimiz Səməd Vurğunu vurğun etmiş Talıstan kəndi İsmayıllı rayonundakı Şirəxanı dağının ətəyində yerləşir. Deyilənlərə görə, Talıstan bir zamanlar İsmayıllı rayonunun ümumi adı olmuşdur.

Əvvəllər kəndin adı Marraş olub, sonradan Talıstan adlandırılıb. Bəzi tədqiqatçılara görə, Talıstan oykonimi “tala” (meşədə açıq sahə) və İran dillərindəki “stan” (yer, məkan) sözlərindən ibarət olub. Beləliklə, kəndin adı “tala olan yer, tala yeri, talalı sahə” mənasını ifadə edir. Digər fikrə əsasən, oykonim ərəb dilindəki “tal” (təpə, dağ) və fars dilindəki “stan” (ölkə, ərazi) komponentlərindən düzəlib, “dağlıq ölkə, dağlıq ərazi” mənasını ifadə edib. Daha sonra “Talıstan” sözündəki ikinci “a” səsi “ı” səsinə çevrilmiş və “Talıstan” şəklini almışdır.

Görkəmli şair Səməd Vurğun üç dəfə Talıstan kəndində olmuşdur. O, 1930-cu illərdə “Talıstan” adlı poemasını qələmə almışdır.

Kənd bir neçə məhəllədən ibarətdir. Onlardan Əbilli, Koxalı, Əhmədli, Dərəməhəllə, Yuxarı, Aşağı, Dəlləkli, Yolçulu kəndin ən böyük məhəllələri hesab edilir. Kənddə aşkar edilmiş tarixi abidələr göstərir ki, burada yaşayış e.ə II-I əsrlərə aiddir. Talıstanın qədim tarixi abidələrindən biri də Cavanşir qalası sayılır.

1912-ci ilin “Qafqaz təqvimi”ndəki əhalinin siyahıyaalınması məlumatına əsasən, kənddə 322 nəfər yaşayıb. 1985-ci ildə əhalinin sayı 1531 nəfər təşkil edib. 2009-cu ilin rəsmi məlumatına əsasən, kənddə 2317 nəfər yaşayıb. Talıstanda əhalinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, çəltikçilik, arıçılıq, ipəkçilik olub, sonradan kənddə tütünçülük təsərrüfatı da yaradılıb. Talıstanda, həmçinin toxuculuq, sərraclıq, ağacişləmə, arabaçılıq sənətləri geniş yayılıb.

shimal.news

P.S. Talıstan kəndinin əhalisinin bir qismini də Şahdağ xalqlarından olan haputlular təşkil edir. Onlar burada çox-çox əvvəllərdən məskunlaşmışlar.  

скачать dle 10.4 UTF-8Forex для начинающих