BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim

Xalq teatrının uğurları

15 oktyabr 2024-cü il

 

Azərbaycanın istənilən guşəsində incəsənətə, o cümlədən teatr sənətinə böyük hörmətlə yanaşılır.  Xaçmaz rayonu da mədəniyyəti və incəsənəti ilə seçilən bölgələrdən biridir. Teatr sənəti də yerli mədəniyyətin mühüm bir hissəsidir.

Səhnə ilə yaşayanlar da həmişə diqqət mərkəzində olur, onlara böyük məhəbbət və qayğı göstərilir. Belə şəxslərdən biri də Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin Xaçmaz Xalq Teatrının rejissoru İlham Tağıyevdir.

Shimal.News-un əməkdaşı onunla həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– İlham bəy, özünüz haqqında qısa məlumat verməyinizi istərdim.

– Mən 1968-ci il may ayının 6-da Xaçmaz rayonunda anadan olmuşam.

– Necə oldu ki, bu sahəyə marağınız yarandı?

– Uşaqlıdan kinoları, filmləri və tamaşaları izləyirdim. Teleekrandan sevə-sevə hər birinin səhnə performansına baxırdım. Korifey aktyorların rolları məndə həvəs yaratdı. Dayım “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Yanına tez-tez gedirdim. Filmlərin çəkilişinə baxırdım. 1980-cu ildə Xaçmaz Rayon Mədəniyyət Evində dram dərnəyi var idi. Ora yazıldım. O vaxtdan bu günə qədər teatra bağlandım.

– Ailənizdə incəsənətlə məşğul olan var?

– Ailəmizdə incəsənətlə məşğul olan olmayıb. Bu sahədə çalışan yeganə şəxs mənəm.

– Teatrlarda rejissor çatışmazlığı olduğu deyilir. Siz bu barədə nə düşünürsünüz? Hazırda teatrınızda aktyor və ya rejissor çatışmazlığı varmı?

– Deyilən fikirlərlə mən razı deyiləm. Bakının özündə və digər şəhərlərdə yerləşən Dövlət Dram Teatrlarında savadlı və istedadlı rejissorlarımız var. Yaxşı rejissor olmaq məsələsi var. Yaxşılar da var. Əyalətlərdə ola bilər ki, rejissor çatışmazlığı olsun… Şəhərlərdə istər gənc, istərsə də yaşlı nəsil arasında savadlı və istedadlı rejissorlarımız var.

– Teatrlara maraq, teatrlarımızın indiki səviyyəsi sizi qane edirmi?

– Teatrlara maraq hər zaman olub, olacaq da. Sadəcə insanlar teatra getməyə tənbəllik edirlər. Bakı şəhərində maraq öz yerindədir. Yeni-yeni tamaşalar olur, insanlar tamaşa edirlər, teatra üz tuturlar. Əyalətlərdə ola bilsin ki, zəifləyib. Bölgələrdə Xalq Teatrlarında aktual mövzulara toxunsalar, maraq artar.

– Teatr aktyorları maaşdan şikayətlənirlər. Nə qədər qazanc əldə edirsiniz?

– Biz teatra qazanc yeri kimi baxmırıq. Çünki hamı teatrın vəziyyətin bilir. Mən maaş alıram. Xalq teatrlarında maaş söhbəti yoxdur. Tamaşadan əldə olunan gəlirdən aktyora qonorar verilir.

Xaçmazın özündə hər dəfə teatr tamaşaları verə bilmirik. Bizim aktyorlarımız müxtəlif yerlərdə işləyirlər. Üç ildə fəaliyyətimiz çox dəyişilib. 2015-ci ildə Xalq Teatrı yaradılıb. 2017-ci ildə İkinci Ümumrespublika Xalq Teatrları festivalında Xaçmaz Xalq Teatrı birinci yerə çıxıb. Son dövrlərdə teatrlara diqqət artıb. 2022-ci ildə Çingiz Ələsgərlinin “Şahidə çevrilən şəhid” tamaşasını səhnələşdirdik. Ötən il teatrın 150 illik yubileyində Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” tamaşasını təqdim etdik.

Oktyabrın 17-də yerli yazar Nəzər Mirzəyevin narkomaniya ilə mübarizə mövzusunda qələmə aldığı “Fəlakət kontent”lərinin premyerasını edəcəyik. Daha sonra ayın sonunda rayon ictimaiyyətinə təqdim ediləcək.

Teatr öz tamaşaları ilə dolanmalıdır. Biz yeni-yeni tamaşalar hazırlayıb, işləməliyik. Bu gün cəmiyyətimizi düşündürən aktual mövzulara toxunmalıyıq ki, baxılsın. Heç kim teatra qazanc kimi baxmır. Aktyorlara stimul üçüm qonorar lazımdır. Düşünürəm ki, bu məsələ tezliklə həllini tapacaq.

– Xaçmaz Xalq Teatrında nə kimi problemlər var?

– Bizdə əsas problem texniki avadanlıqların çatışmazlığıdır. Dövlət teatrlarında dövlət tərəfindən təchiz olunur. Xalq Teatrında isə özümüz etməliyik.

– Teatrınızda nə kimi yeniliklər olacaq?

– Biz artıq yeniliklərə başlamışıq, bir dönüş etmişik. Son üç ildə canlanma var. İldə uşaqlar və böyüklər üçün iki tamaşa hazırlayırıq.

Teatrımızın regionlara səfərini, şimal bölgəsindəki kanallarda yayımını istərdik. Gənclərimizi teatra cəlb etmək üçün çalışırıq. İstəyirik ki, teatrlarımızın əhatə dairəsi və aktyorlarımızın sayı çoxalsın. Çox böyük layihələrimiz var. Tanınmış aktyor dəvət etmək istəyirik. Həm aktyorlar üçün stimul olar, həm də inkişaf üçün təkan verər.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих