Malta Prezidenti: Azərbaycanın tolerantlıq və multikulturalizm modeli bütün dünya üçün nümunədir
19 aprel 2017, Bakı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Preka ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Prezident Mari-Luiz Koleyro Preka 2016-cı ilin mayında Bakıda keçirilmiş BMT-nin Sivilzasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Azərbaycana etdiyi səfərini xatırlayıb, bu kimi tədbirlərin Azərbaycanda keçirilməsinin təsadüf olmadığını vurğulayıb, bunu ölkəmizin dinlərarası və sivilzasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib. Azərbaycanın yüksək tolerantlıq və multikulturalizm modelinin bütün dünya üçün bir nümunə olduğunu qeyd edən xanım Mari-Luiz Koleyro Preka, həmçinin 2017-ci ilin mayında Azərbaycanda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edib. Xanım Mari-Luiz Koleyro Preka Azərbaycan və Malta arasında son dövrlərdə qurulmuş yüksək səviyyəli əlaqələrdən məmnunluğunu bildirib və əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni sahələrin müəyyən edilməsinin vacibliyini vurğulayıb. O, xüsusilə turizm sahəsində əlaqələrin təşviq edilməsinin əhəmiyyətini qeyd edib, bunun xalqlararası təmasların gücləndirilməsinə xidmət göstərdiyini və ölkələrimizi daha yaxından tanımağa imkan yaratdığını deyib. Prezident Mari-Luiz Koleyro Preka Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının Malta tərəfindən dəstəkləndiyini və bu əməkdaşlığın regional sabitlik üçün önəmli olduğunu bildirib. Nazir Elmar Məmmədyarov Maltaya səfərindən məmnunluğunu ifadə edib, səfər çərçivəsində keçirdiyi görüşlərin çox məhsuldar olduğunu bildirib. Elmar Məmmədyarov ikitərəfli əlaqələrlə yanaşı, Maltanın Avropa İttifaqına sədrliyini nəzərə alaraq, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsində Maltanın rolunu qeyd edib və Avropa İttifaqı ilə hazırda müzakirə edilən tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlar barədə məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmar Məmmədyarov münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli edilməli olduğunu və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu diqqətə çatdırıb. Sonda E.Məmmədyarov Prezident Sarayının xatirə kitabına ürək sözlərini yazıb.
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |