Leyla Əliyeva UNICEF-in regional direktoru ilə görüşüb
22 noyabr 2017 Bakı. 22 noyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla ƏliyevaAzərbaycanda səfərdə olan UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan ilə görüşüb. "Report" xəbər verir ki, L.Əliyeva UNICEF tərəfindən bütün dünyada uşaqların vəziyyətinin yaxşılaşdırılması naminə aparılan fəaliyyəti yüksək qiymətləndirərək, uşaqların rifahı, sağlamlığı və təhsilinin təmin edilməsinin gələcəyimiz üçün ən dəyərli sərmayə olduğunu vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti bu sahədə Azərbaycanda son illər böyük irəliləyişlərin əldə edildiyini bildirib, bununla bağlı işlərin davam etdiriləcəyinə və daha da genişləndiriləcəyinə əminliyini qeyd edib. Uşaqların ətraf mühitin mühafizəsi sahəsində təhsil almalarının və maarifləndirilməsinin əhəmiyyətinə toxunan L.Əliyeva IDEA İctimai Birliyi tərəfindən son 6 ildə uşaqların ekoloji biliklərinin artırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr, o cümlədən eko laboratoriyalar, düşərgələr, kurslar və nəşrlər haqqında ətraflı məlumat verib. UNICEF-in regional direktoru Əfşan Xan, öz növbəsində, ətraf mühit və davamlı inkişaf məsələləri üzrə uşaqların məlumatlandırılmasına yönəlmiş fəal səylərinə görə Leyla Əliyevaya öz minnətdarlığını bildirib. O, UNICEF-in iqlim dəyişikliyi, davamlılıq və digər ekoloji mövzuların tədris proqramına daxil edilməsində maraqlı olduğunu, bu barədə IDEA-nın fəaliyyətinin yüksək dəyərləndirdiyini qeyd edib. Görüş zamanı tərəflər arasında uşaqların ekoloji təhsili üzrə mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib, eləcə də sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsi, reabilitasiyası və təhsili məsələləri üzrə fikir mübadiləsi aparılıb. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |