BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Dünyanın dialoq yolları yenə Bakıda qovuşur

Dünyanın dialoq yolları yenə Bakıda qovuşur

 

1 may 2019-cu il

 

V Dünya Mədəniyyətlərarası Dialoq Forumu “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusuna həsr edilib

Mayın 2-3-də Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Tədbirin təşkilatçıları Azərbaycan Hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-dur. Bakı Konqres Mərkəzidə keçiriləcək Forum “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusuna həsr edilib.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” ötən müddətdə müxtəlif qitələrdə yaşayan və fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün pozitiv platformaya çevrilib.

BMT Baş katibinin BMT-nin Baş Assambleyasına ünvanladığı mədəniyyətlərarası və dinlərarası dialoq və sülh mədəniyyəti barədə illik (2017) hesabatında “Bakı Prosesi” çərçivəsində bu günə qədər əldə olunan uğurlarla yanaşı, mədəniyyətlərarası dialoqun təbliği üçün əsas qlobal platforma kimi Dünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edilib. 2011-ci ildən etibarən ənənəvi olaraq iki ildən bir keçirilən Dialoq Forumu bu dəfə dünyanın 100-dən çox ölkəsinin və 30-dan çox beynəlxalq təşkilatın nümayəndələrini bir araya gətirib.

V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə insanlara kömək etmək üçün praktiki strategiya kimi mədəniyyətlərarası dialoqun mühüm rolu öyrəniləcək.

Forumda iştirak etmək məqsədilə BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Miguel Moratinos, UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Nashif, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yousef Al Othaimeen, İSESCO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, Avropa Şurası Baş katibinin müavini Gabriella Battaini Dragoni ölkəmizə gəlib.

Forumda həmçinin TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Aralıq Dənizi Birliyinin Baş katibi Nasser Kamel, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, TRASECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Mirça Çiopraqa, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Süleymanpur və digər beynəlxalq qurumların rəhbər şəxsləri iştirak edib.

Mötəbər tədbirə Qana Respublikasının Xarici İşlər naziri Şirli Botçvey, Uruqvayın Xarici İşlər naziri Rodolfo Nin Novoa, Qambiyanın Xarici İşlər naziri Mamadou Tanqara, Monteneqronun Mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının Mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin Mədəniyyət naziri Meriem Merdaci, İran İslam Respublikasının Mədəniyyət və İslam əlaqələri üzrə naziri Abuzər İbrahimi Türkman, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin İnformasiya və Gənclərlə iş naziri Mohammad Naser Abdullahi Aljabri, Monteneqronun Daxili İşlər naziri Mevludin Nuhociç, Myanmanın Təhsil naziri Myo Thein Gyi qatılıb.

İki gün davam edən Forum çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun rolu öyrənilib. Bundan başqa, Forumda mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında sinerji və tərəfdaşlıq formalaşdırmaq üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci Yüksək səviyyəli görüşü keçirilib.

 

“Dünyada multikulturalizmin tendensiya halını alması beynəlxalq sülhə, tərəfdaşlığa vacib töhfə olardı”

Mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Dünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Forum Azərbaycan Hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın rəsmiləri iştirak edirlər.

Dövlət başçısı V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söyləyib.

Prezident İlham Əliyev Azərbaycanda əsrlər boyunca müxtəlif dinlərin, etnik qrupların birgə yaşadığını, ölkəmizdə daim dini tolerantlığın hökm sürdüyünü vurğulayaraq multikulturalizmin bu gün dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edib: “Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir”.

2016-cı il Azərbaycanda multikulturalizm, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan edildiyini diqqətə çatdıran dövlət başçısı vurğulayıb ki, dünyada multikulturalizmin tendensiya halını alması beynəlxalq səviyyədə sülhə, tərəfdaşlığa vacib töhfə olardı. Bu baxımdan, multikulturalizm və bu yöndə Azərbaycanda keçirilən digər silsilə beynəlxalq tədbirlər mühüm əhəmiyyət kəsb edir. Bakıda keçirilən növbəti Forum çərçivəsində aparılacaq müzakirələr, fikir mübadiləsi ümumi məqsədlərə xidmət edəcək.

Prezident deyib: “8 il əvvəl ilk Forum təşkil ediləndə biz onun bu qədər geniş beynəlxalq dəstək qazanacağını təsəvvür edə bilməzdik. 2011-ci ildə bizim mədəniyyətlərarası dialoqa həsr edilmiş dünya forumunun təşkil edilməsi təşəbbüsümüz tariximiz, coğrafiyamız və düşüncəmizdən qaynaqlanırdı ki, dünyanı təhlükəsiz etmək üçün biz sivilizasiyalar, mədəniyyətlər və müxtəlif etnik qrup və dinlərin nümayəndələri arasında dialoqun təşviqi sahəsində çox fəal olmalıyıq. Foruma göstərilən geniş beynəlxalq dəstək bizi ruhlandırır. Bu gün Forumun həmtəşkilatçıları arasında dünyanın aparıcı beynəlxalq təşkilatları var və bizim birgə səylərimiz mədəniyyətlərarası dialoqun təşviqi işinə töhfə verir”.

“Bakı Prosesi”nin BMT və digər mötəbər təşkilatlar tərəfindən dəstəkləndiyini deyən Prezident İlham Əliyev burada qəbul edilən qərarların əhəmiyyətdən danışıb: “Bu gün “Bakı Prosesi” BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Əminəm ki, “Bakı Prosesi”nin böyük gələcəyi var. Bu qəbildən olan forumlar mədəniyyətlərarası dialoq mövzusuna diqqəti cəlb edir, yeni ideyalar və yanaşmalar ortaya qoyulur. Müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda mühüm qərar qəbul edənlər üçün bu, düzgün qərarların verilməsi məqsədilə yaxşı və müsbət platformadır. Bu baxımdan Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət yürüdür. Biz körpülər qururuq. Biz Avropa ilə Asiya arasında yerləşirik. Əlbəttə, bizim coğrafiyamız tariximizə təsir edib və bugünkü inkişafımıza da təsir etməkdədir”.

Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın müstəqillik baxımından gənc olmasına baxmayaraq, sürətlə inkişaf etdiyini deyən Prezident İlham Əliyev dövlət siyasətinin dünya ölkələri ilə əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsinə yönəldiyini bildirib.

Ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə toxunan ölkə başçısı boru kəmərləri vasitəsilə Xəzər dənizinin Qara dəniz və Aralıq dənizi ilə birləşdiyini, Avropanın enerji təhlükəsizliyinə xidmət edən bu kəmərlərin, həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizlərinin həm də ölkələr və xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini deyib. Prezident İlham Əliyev nitqində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb və bu münaqişənin yaratdığı problemlərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyib. Dövlət başçısı Forumun işinə uğurlar arzulayıb və müzakirələrin səmərəli olacağına əminliyini ifadə edib.

* * *

Sonra qədim sivilizasiyalara və müasir Azərbaycandakı tolerantlıq mühitinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirin moderatoru Forumun yüksək səviyyədə təşkilinə və dərin məzmunlu çıxışına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edib ki, “Bakı Prosesi” sülhsevər qüvvələri gücləndirməklə münaqişələri aradan qaldırmağa kömək edən prosesdir.

* * *

Forumda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilk dəfə möhtəşəm Bakı şəhərində olmasından son dərəcə məmnunluğunu ifadə edib. Bildirib ki, BMT-nin Sivilizasiyalararası Alyansı Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “Bakı Prosesi”nin tərəfdaşıdır. “Birlik “Bakı Prosesi”nin ruhudur”, - deyən Migel Moratinos əlavə edib ki, Azərbaycan paytaxtı mədəniyyətlərarası dialoq xətlərinin, BMT-nin Sivilizasiyalar Alyansının mühüm qovşağına çevrilə bilər. O, dünyada baş verən hadisələr fonunda bu mötəbər beynəlxalq tədbirin vaxtında keçirildiyini vurğulayıb və Forumda müzakirə olunacaq məsələlərin əsas istiqamətlərindən danışıb.

UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif dünyada multikulturalizmin təbliğində və bəşəri dəyərlərin bərqərar olmasında Prezident İlham Əliyevin və ölkəmizin rolunu xüsusi vurğulayıb. Bildirib ki, bəşəriyyətin başlıca hədəfləri müsbət dəyişikliklər, insan hüquqları, dayanıqlı inkişaf və müxtəlifliyin təmin edilməsi olmalıdır. Nada Al-Naşif bu istiqamətdə UNESCO xətti ilə də silsilə tədbirlərin həyata keçirildiyini deyib, beynəlxalq qurumun mədəniyyətlərarası dialoqun daha səmərəli olmasına töhfələrini əsirgəmədiyini diqqətə çatdırıb.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Bakı Forumunun yüksək səviyyədə təşkilinə və bu mühüm tədbirə dəvətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, tədbirin Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfə olduğunu vurğulayıb. Baş katib mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun çox zəruri olduğunu və bütün ölkələrin bu istiqamətdə səylərini birləşdirmələrinin vacibliyini deyib. O, Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun gücləndirilməsi işinə daim sadiqlik nümayiş etdirdiyini vurğulayıb və Foruma uğurlar arzulayıb.

Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bildirib. O, “Bakı Prosesi”nin uğur tarixçəsinə çevrildiyini xüsusi vurğulayaraq Avropa Şurasının dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi, gənclərin maarifləndirilməsi və digər istiqamətlərdə kompleks iş apardığını deyib, bu baxımdan Bakı Forumunun xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

İSESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tüveycri Bakı Forumunun dünyanın ən nüfuzlu tədbirlərindən biri olduğunu deyib. O, indiki dövrdə dünya liderlərinin siyasi iradə göstərməsinin vacibliyini diqqətə çatdıraraq bu baxımdan Prezident İlham Əliyevin nümunəvi mövqe nümayiş etdirdiyini vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin ədalətsiz mövqe tutduğunu, bunun yolverilməz olduğunu deyən Əbdüləziz Osman əl-Tüveycri dünyanı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına dəstək verməyə çağırıb.

* * *

Açılış mərasimində mədəniyyətlərarası dialoqu tərənnüm edən, ayrı-seçkiliyə, qeyri-bərabərliyə və zorakı münaqişəyə yox deyən kompozisiya təqdim olunub.

скачать dle 10.4 UTF-8Forex для начинающих