BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim

Analar anası

 

Görkəmli alim, əzizimiz Həlimə xanım Məcidovanı xatırlayarkən

Həlimə Muxtar qızı Məcidova gözəl bir yaz günündə - 27 mart 1928-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbi qızıl medalla, tibb institutunu fərqlənmə diplomu ilə bitirərək təyinatla Lənkəranda və Cəlilabadda mama-ginekoloq kimi fəaliyyətə başlayıb. İxtisasında daha çox nailiyyətlərə müvəffəq olmaq, işi ilə yanaşı elmi araşdırmalar aparmaq həvəsi ilə Bakıya qayıdan Həlimə xanım fəaliyyətinə Bakıdakı məşhur 6 saylı doğum evində davam edərək Azərbaycan Tibb Universitetinin III mama-ginekologiya kafedrasında docent olaraq qırx dörd ildən çox müddət ərzində öz ixtisasını tədris etmiş və yüzlərlə mama-ginekoloq yetişdirmişdir. Zəhmətsevərliyi, geniş erudisiyası, həkim və alim kimi daim öz üzərində çalışmışdır. Praktik həkimlikdə geniş şöhrət qazanmış, saysız-hesabsız ailələrə övlad sevincləri daddırmışdır. Həmkarı, tanınmış cərrah kimi ad-san qazanmış həyat yoldaşı dünyasını dəyişəndən sonra öz övladlarını doğru-düzgün tərbiyə edib, onları həkim və alim kimi yetişdirmişdir. Hər üç qızının ailə xoşbəxtliklərini yaşamalarına arxa-dayaq olub. Həlimə xanım övladlarının xoşbəxtliyi ilə bərabər nəvələrinin də xoşbəxtliyinə, tibbin müxtəlif sahələrində ali savada yiyələnmələrinə anaları ilə bərabər böyük nənə olaraq köməyini göstərib. Onlar da analarının və nənələrinin əmək yollarının davamçısı olmuşlar. Onun mütəxəssis, alim və ana kimi əldə etdiyi bu nailiyyətləri həmkarları-dostları da görərək, yüksək qiymətləndirirdilər. Onun ən yaxın rəfiqələrindən biri və bacılığı bacarıqlı terapevt, Əməkdar həkim olan anam Ərmənisə Ədhəm qızı da çox sevdiyi Həlimə xanımı daim həm böyük insan və həm də peşəkar mütəxəssis kimi yüksək dəyərləndirirdi. Zamanla mən də bu söhbətlərin həqiqət olduğunu gördüm və bu qayıkeş, mehriban insanı öz anam bərabəri sevdim...

2018-ci ilin fevral ayında dünyalar qədər sevdiyim-bağlandığım anamı itirdim. Sonsuz kədərin caynaqlarında boğulanda Həlimə xalama pənah aparırdım. Düz iki il əvvəl anamın yoxluğunu onun varlığı ilə ovundum. Bu iki il mənə bir ömür qədər uzun gəldi. Həlimə anamızı yanımızda olmasını həmişə bütün qəlbimlə arzulamışam. Lakin heyhat, ömür fanidir və bu gözəl insanı da bizdən alıb apardı. Və bu gün, onun vəfatının birinci ildönümündə Həlimə ananın həyat yolunu anır, zamanında onun özü haqqında dediklərini, həmkarlarının bu pak insan barəsində söylədiklərini təkrar-təkrar oxuyur, qəhərlənir və qürurlanıram. Gör mənim bütün ömrüm boyu anamdan ayırmadığım Həlimə ana nə qədər insanın da anası, yolgöstərəni, cəfakeşi imiş! Odur ki, bir qəzet səhifəsində onu tanıyanlara bir daha Həlimə xanımı (xalamı) xatırlatmağı mənəvi borc hesab elədim...

 

Anamız Ərmənisə xanımla Həlimə xanımın möhkəm dostluqları, rəfiqəlikləri hələ tələbəlik illərindən başlamış və bütün ömürləri boyu əsla sarsılmadan davam etmişdir. Onların hər ikisi ailə qurduqdan sonra - 1960-cı illərdən bu iki ayrılmaz rəfiqənin ülfəti böyüyərək iki ailənin dostluğuna çevrildi. Bütün həyatları boyu insanlara şəfa və sevinc bəxş etmiş rəfiqələr bu gün dünyamızı tərk eləmiş olsalar da övladlarının səmimi ünsiyyətləri hələ də davam etməkdədir. İnanırıq ki, hər iki anamızın pak ruhları bu ünsiyyətin varlığını duyur və şad olur...

Əzizimiz Həlimə xanım yarım əsrdən artıq peşəkar və elmi fəaliyyəti ərzində minlərlə gənc qadını doğuş zamanı təhlükələrdən qurtarmış, Allahın yardımı ilə onların ana adı qazanmalarına vəsilə olmuş bu gözəl, qayğıkeş insanı, yüksək ixtisaslı həkim-ginekoloqu, daim axtarışlarda olan elm adamını böyük cəsarətlə həmin anaların mənəvi anası adlandırmaq olar! Bütün şüurlu həyatını insanlarını körpələrin sağlam doğulmalarına həsr edən Həlimə xanım öz büllur ömür və fəaliyyəti ilə həkim-ginekoloqların bir neçə gənc nəslinə gözəl bir örnək olmuşdu. Təsadüfi deyil ki, onun üç qızı da valideynlərinin yolunu davam etdirərək həkim olublar, alim-pedaqoq mərtəbəsinə yüksəliblər. Ailə ənənələrini gözəl bir şəkildə davam etdirən bu övladlar da onlara üz tutan insanların böyük hörmət və məhəbbətini qazanmışlar.

“Paytaxt xəbərləri” qəzetinə 2008-ci ilin sentyabrında verdiyi müsahibədə öz sənətini çox məsuliyyətli, çətin olduğunu bildirən Həlimə xanım fəxrlə bildirmişdi: “Uşağı və ananı təhlükədən qurtaranda, doğuşa uğurla başa çatdıranda sevincimin həddi-hüdudu olmur”. Əsla yorulmadığını, öz işindən böyük zövq aldığını deyən bu gözəl insan bütün həyatını həsr elədiyi həkimliyi ilə sənətini və özünü ucalara qaldırdı…

92 il mənalı və faydalı ömür yaşamış Həlimə xanım Məcidova ötən il fevralın 22-də öz evində sakitcə dünyasını dəyişdi: bu müddət ərzində onun yoxluğu övladları qədər məni də çox kədərləndirib. Çünki gözümü açıb Həlimə xanımı anamın “Həlimə xala”, – deyə səsləmişəm. Uzun illər, 60 sənədən çox ailələrimiz dostluq ediblər. Əslində elə bu dünyaya gözlərimi açmağım da Həlimə xalamın köməyi ilə olub. Ümumiyyətlə, anamın altı övladının və 11 nəvəsinin dünyaya gəlməsində Həlimə xalamız həkim-ginekoloq kimi böyük bacarıq göstərib...

Onun vəfatından bir il ötdü. Əgər anamın ölümündən ötən iki ildə daim onu düşünür və Həlimə ana ilə dərdləşərək təskinlik tapırdımsa, son bir ilim bu nur üzlü, nur əməlli qadınları hər ikisini anmaqla keçdi. Və belə görünür ki, son nəfəsimədək də hər vaxt onları anacaq, yanacağam. Allah hər ikisinin ruhunu şad eləsin! Amin!

...Mən şair deyiləm, amma analarımı anarkən bir bənd şeir düzüldü yazımın sonuna. Qoy bu bənd də məndən onların işıqlı ruhuna ərməğan olsun:

 

Zaman amansızdır, zaman aramsız,

Ömür vəfasızdır, əməl ölümsüz.

Analar anası Həvva anamız,

Yaşayıb, yaşayır, yaşayacaqdır,

Hər iki anamın əməllərində.

Hikmət Şıxseyid

 

 Həlimə xanımın sağlığında həmkarları tərəfindən 80 illik yubileyi münasibətilə söylənmiş bu xoş sözlər, “Paytaxt xəbərləri” qəzetinin sentyabr, 2008-ci il, 9-cu sayında, eləcə də “Sənətlə həyatın vəhdəti”adlı ensiklopedik topluda (müəllifi Şövkət Hüseynova) dərc olunub:

 

Elmira Əliyeva,

Tibb elmləri doktoru, professor:

“Həlimə xanım Məcidovanı 1989-cu ildən tanıyıram. Çox gözəl alim-pedaqoqdur. Keçirilən konfransları yüksək səviyyədə aparır. Sınaq müdafiəsinin sədri, elmi işlərin resenzenti kimi həmişə ümidləri doğruldub. Mamalığın bütün aktual problemlərinə öz münasibətini bildirib.”

 

Nigar Axundova,

Mamalıq-Ginekologiya İnstitutunun Baş həkimi, tibb elmləri namizədi:

“Öncə deyim ki, dosent Həlimə Məcidova Mama-ginekologiya institutunun kollektivi arasında böyük hörmətə malik olan alimdir. Səhər konfranslarında fəal iştirak edir. Gənc həkim kadrlarının hazırlanmasında böyük rolu var. Biz onunla fəxr edirik.”

 

Nərmin Poladova, dosent:

“Həlimə xanımı 1969-cu ildən tanıyıram. O vaxtlar 5 saylı doğum evində çalışırdım. Həlimə xanım çox bacarıqlı, bilikli, sənətinə vurğun həkim idi. Sonralar elmi işlə məşğul oldu, tibb elmləri namizədi adını aldı, kafedrada çalışmağa başladı. Praktik işlərdə fəal iştirak edir, həmişə yaxşı nəticələrə nail olur.”

 

Şəfəq Əsədova, kafedranın dosenti:

“Dosent Həlimə Məcidova Azərbaycanda mamalıq məktəbinin yaradıcısı və davamçısıdır. Çox böyük sevinclə gənc kadrlara mamalığın sirlərini, inkişafını, ağır doğuşların aparılmasını, ilkin diaqnozun düzgün qoyulmasını, çətin anlarda vəziyyətdən necə çıxmağı öyrədir.”

 

Afaq Səfərəliyeva, kafedranın dosenti:

“36 ildir ki, kafedrada işləyirəm. Burada çalışmağa başladığım ilk gündən dosent Həlimə Məcidova ilə təmasda olmuşam, mənim müəllimim olub. O nəinki tələbələrin, hamımızın sevimlisidir. Gözəl müəllim, gözəl həmkar, qayğıkeş dostdur. Onun bir dəfə də olsun dərs buraxdığını görməmişəm. Xəstə də olsa gəlib mühazirələrini aparıb, çox məsuliyyətli pedaqoq-həkimdir.”

скачать dle 10.4 UTF-8Forex для начинающих