BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Folklor İnstitutunun təbrizli qonağı

Folklor İnstitutunun təbrizli qonağı

25 avqust 2022-ci il

 

İranın Təbriz şəhərində fəaliyyət göstərən “El bilimi” müəssisəsinin icraçı direktoru, eyni zamanda eyniadlı dərginin redaktoru Əlirza Sərrafi AMEA-nın Folklor İnstitutunda qonaq olub.

İnstitutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəmqızı qonağı səmimi qarşılayıb və təmsil etdiyi qurumun fəaliyyəti, gördüyü işlər barədə geniş məlumat verib. Güneyli ziyalı gəlişinin əsas məqsədinin institutda Güney Azərbaycan folkloru ilə bağlı görüləcək işlərlə təmsil etdiyi qurumun əməkdaşlığının davam etdirilməsi olduğunu bildirib. Afaq Xürrəmqızı görüş zamanı bildirib ki, Folklor İnstitutunda fəaliyyət göstərən Cənubi Azərbaycan folkloru şöbəsi tədqiqat istiqaməti kimi güneydən toplanan folklor örnəklərinin tədqiqi, onların məzmun, tutum və ideya baxımından araşdırılıb sistemləşdirilməsini qarşıya əsas məqsəd qoyub.

İcraçı direktor sözügedən şöbənin artıq 12 cilddən ibarət “Güney Azərbaycan folkloru” kitablarının nəşrini həyata keçirdiyini də qonağın diqqətinə çatdırıb. Söhbət zamanı güneyli tədqiqatçı də bu istiqamətdə Təbrizdə genişmiqyaslı işlərin aparıldığını qeyd edərək bildirib ki, zaman-zaman Güney Azərbaycanının müxtəlif bölgələrindən səsli fayllarda dastan mətnləri toplayıb, dastan gecələri keçiriblər. Bu günə qədər “El bilimi” dərgisinin Qaşqay türklərinin folkloru, nağıllar, Məhərrəmlik ritualları ilə bağlı özəl sayları nəşr olunub. Qonaq hal-hazırda dialektoloji lüğət üzərində iş getdiyini də diqqətə çatdırıb. Ə.Sərrafi söhbət zamanı Folklor İnstitutuna Güney Azərbaycan folkloru layihəsinə görə təşəkkür edib və bu layihənin gələcəkdə də davam etdirilməsi üçün İranda nəşr olunan Azərbaycan folkloru materiallarını instituta təqdim edib.  O, gələcəkdə də bu işdə əlindən gələn köməyi əsirgəməyəcəyini və qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu bildirib.

Görüşdə iştirak edən Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, f.ü.f.d., dos. Mətanət Abbasova isə bildirib ki, sözügedən layihənin cildlərində yer alan materiallarda Əlirza Sərrafinin xüsusi əməyi olub. Şöbə qurulan gündən “El bilimi” dərgisi ilə fəal əməkdaşlığa başlanılıb. Növbəti cildlərdən olacaq  XlV kitabın əksər materialları da məhz Əlirza Sərrafinin təqdim etdiyi dastanlardan ibarətdir və buna görə o, qonağa minnətdarlıq hissini ifadə edib. M. Abbasova fikirlərinə əlavə olaraq qeyd edib ki, Cənubi Azərbaycan folkloru toplularının transliterasiyası, canlı danışıq dilinin, milli koloritin qorunub saxlanılması, nəzəri problemlərinin araşdırılması rəhbərlik etdiyi şöbənin əsas prioritetlərindəndir.

Görüşdə Güney Azərbaycan folkloru şöbəsinin  bir qrup əməkdaşı da iştirak edərək məsələ ilə bağlı fikir mübadiləsi yürüdüblər.

Görüşün sonunda qonağa Folklor İnstitutunun “Güney Azərbaycan folkloru” silsiləsindən nəşrləri və disklər hədiyyə edilib, xatirə şəkilləri çəkilib.

скачать dle 10.4 UTF-8Forex для начинающих