ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI

Yaradanın qoruduğu şair

Nəsimi hələ sağlığında əfsanələşmişdi. Bunun başlıca səbəbi onun Allahdan gələn yenilməz təbi və Yaradana xatir heç zaman dönmədiyi əqidəsi idi. Odur ki, nə adı unuduldu, nə əşarı yaddan çıxdı. Ömrünü vətəni Azərbaycandan çox-çox uzaqlarda – Hələbdə bitirsə də ölümü belə onu yenidən əfsanələşdirdi. Təkcə poetik dühası ilə deyil, cismani ölümü ilə də inandığı əqidəyə sədaqət, ağrı-acıya dəyanət məktəbi oldu Nəsimi. O elə ömr elədi ki, 650 ildir ölüm onu öldürə bilmir!

 

Dünya malına gözünün ucu ilə baxmasa da, həqiqətdən qeyri heç bir iltiması olmasa da haqq sözdən qorxanlar daima onu hər yerdə aradılar. Aradılar ki, doğruları hayqıran səsini kəssinlər, misilsiz əşarını boğsunlar. Yəni, var olanın var olduğunu onlar kimi deməyəni onlar kimi olmadığına görə cəzalandırsınlar. O isə əsla geri durmadı. Həyatın faniliyini dərk etdiyi kimi ölümün də ən azı həyat qədər şirin olması kamilliyinə vardığındandır ki, müdam təhlükələrin üzərinə getdi, qorxub-çəkinmədi, rəmzlərlə süslənmiş poetik dünyasına rəxnə düşməsinə qıymadı. Həqq sözünü dilinə, dərviş çomağını əlinə alıb hürufilərin arasında Div ləqəbi ilə tanınan imperator Əmir Teymurun müvəqqəti düşərgə saldığı qədim Şabrana yollandı. Əmir də bu qorxmaz şairin, onu sözdən anlayacaq qədər zəkalı sanıb, cəsarətlə hüzuruna gəlməsinə comərdcə cavab verdi: Teymurun bütün dünyada onu arayan xəfiyyələrindən yayınmağı bacararaq hökmdara yetişə bilmiş bu kəlam qəvvasını diqqətlə dinlədi, dediklərini anlamağa çalışdı və anladı da. Bildi ki, bu şair həqqə özü bildiyi kimi inanır və inandığına da insanları inandırmağa çalışır. Əmir fəhm elədi ki, öz şair ilhamının tüğyanı ilə çox ruhaninin yuxusuna haram qatmış bu qəzlxan və qəsidənəvis Allaha asi deyil, onun aşiqidir! Böyük fateh başa düşdü ki, bu həqiqət sərgərdanını qoruyan da əslində elə Xaliqin özüdür!.. Pasibanının Yaradanın özü olduğu kimsənəyə bəndə nə sədəmə toxundura bilər ki?! Cığatay cəngavəri hökmdar bu həqiqəti də dərk elədi. Və… şir ürəkli Şirvan şairini sərbəst buraxdı. Buraxdı ki, öz ilahi məhəbbətini daha çox könülə nəqş edə bilsin, buraxdı ki, istədiyi yerdə, istədiyi kimi ölə, həqqə qovuşa bilsin. Bu, tarixdə ədaləti qədər əzazilliyi ilə də iz salmış amansız döyüşlər cahangirinin bəlkə də ən humanist addımı idi!..

Heç kimsənin fəhm edə bilmədiyi Nəsimi sözü dövranların fövqündə dayandığından zaman-zaman meydana çıxan zahidlər onu unutdurmaq üçün kəsilməli barmaqları ilə çox hədyanlar yazsalar da şair sözü bu qaralıqlardan səhər şehi kimi saf-şəffaf çıxdı, onların özləri isə söz selində cumculuq olub unuduldular. Allahın onun ruhunu və əşarını qoruyub-qollamasındandır ki, tez-tez istər qədim-qədim arxivlərdən, istərsə də şəxsi saxlanclardan ard-ardınca onun yeni qəzəl və qəsidələri, divanı tapıldı, çap olunub yayıldı, sevilib-sayıldı...

Seyid Əli İmadəddin Nəsiminin vətənini tərk edib həqiqət ardınca qürbətlərə üz tutduğu zamandan ta ölümünə qədərki vaxt kəsimi Azərbaycan insanı üçün həmişə yarısirli, yarımifik ehtimallarla dolu olub. Getdiyi yerdə ailə qurbmu? Onun nəslindən qalanlar varmı? Məzarı haradadır? Bu və bu kimi suallar nəsimisevərləri həmişə düşündürüb. Odur ki, 1968-ci ildə Suriyadan qayıdan şair Rəsul Rzanın “Ədəbiyyat və incəsənət” qəzetindəki “Cahana sığmayan şairin qərib məzarı” adlı məqaləsi aydın səmada çaxan şimşək təsiri yaratdı. Heç demə Nəsiminin qəbri məlum imiş və həmvətənimiz Hələbdəki həmin qəbri ziyarət də edib!

Bəs Nəsiminin doğmaları qalıbmı? Bu sual da uzun zaman beyinləri məşğul elədi. Mərhum dostum, bir vaxtlar xoş səsi ilə musiqi məclislərini rövnəqləndirmiş xanəndə Rafiq Əzizbəyli hər görüşümüzdə mütləq Nəsimi mövsuzuna da toxunur, onun həyatından və şeiriyyətindən maraqlı söhbətlər edirdi. “Nəinki Azərbaycanda, hətta bütün dünyada Nəsimini tam aça bilən alim yoxdur” iddiasını irəli sürən bu elmi adsız nəsimişünas onun bir neçə qəzəlini açmağa çalışdığını və hər dəfə də Quran surələrinə, Allah kəlamına gəlib çıxdığını söyləyirdi. Nəsiminin qəzəliyyatını yaxşı bilən Rafiq Əzizbəyli bir dəfə mənim nəzərimcə çox cəsarətli mülahizə də bildirdi: “Bəzi fikirlərindən belə qənaət hasil olur ki, Nəsimi Allahı görüb!!” Haşa, bu belədirmi, deyilmi, onu yalnız Tanrının özü bilir. Böyük ehtimalla Nəsimi həmin məsələdən bəhs edərkən İslam Peyğəmbəri də insan olduğu üçün meracdan bütün bəşər kimi şairə də ruhani pay düşdüyünü nəzərdə tutub. Lakin bu yerdə diqqəti Rafiq müəllimdən eşitdiyim daha iki məlumata yönəltmək istəyirəm. O deyirdi ki, sövet dönəmində Azərbaycan jurnallarının birində Nəsiminin dərisi soyulduqdan sonra da bir neçə il yaşaması və qəzəllər yazması barədə məlumata rast gəlib. Səfər təəssüratlarından ibarət həmin məqalədə Nəsiminin Suriyada, Hələbdə qohumlarının olduğu da deyilirmiş. Bu dahi sufi-hürufi şairinin ömrünün son illəri ilə bağlı çoxsaylı suallar hələ qalsa da Hələbdə qohumlarının mövcudluğu faktı doğrulandı. Özü də nə az, nə çox – düz 50 ildən sonra! Belə ki, ya vəlvələdən, ya vayveladan 2011-ci ildə Suriyada başlamış və Hələbdən də yan keçməmiş müharibə Azərbaycan insanını Nəsiminin qəbrinin taleyi və yenə onun qohumları ilə bağlı suallara köklədi. Bu yerdə “Modern.az” saytının əməkdaşının böyük çətinlik çəkərək, Azərbaycanın Livandakı səfirinin köməyi ilə Nəsiminin qohumu Bəşşar Nəsimi bin Əhməd Cövdət Nəsimi ilə telefonla etdiyi və 28 yanvar 2019-cu ildə sayt vasitəsilə yayımlanmış söhbətin bir hissəsini oxucularımızın diqqətinə çatdıraq:

 

 

- Bəşşar bəy, Azərbaycan Respublikasında 2019-cu il “Nəsimi ili” elan olunub. Ustad Nəsiminin qohumu olaraq, rəsmi sərəncamla bağlı fikirlərinizi bilmək istərdik.

- Bu ideyanın həyata keçdiyini eşidəndə çox sevindik. Mən və bir neçə qohumum 2018-ci ilin 26 sentyabrında Bakıda keçirilən “Nəsimi festivalı”na qatılmışdıq. O qədər böyük qonaqpərvərliklə qarşılaşmışdıq ki, sözlə ifadə edə bilmirəm. Bizə göstərdikləri qonaqpərvərliyə və doğma münasibətə görə, Azərbaycan hökümətinə və ölkə Prezidenti, zati-aliləri, cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Həmçinin, ölkənizə gediş-gəliş prosedurlarını bizim üçün asanlaşdırdıqlarına görə, Azərbaycanın Beyrutdakı səfiri cənab Ağasəlim Şükürova, konsul Şahin bəyə, qonaqpərvərliyinə və böyük yardımlarına görə isə Cavid bəyə də təşəkkür edirik. 
Onu da əlavə edim ki, Bakıda olduğumuz müddətdə - ötən il sentyabrın 30-da anam Qala adlı yerdə rəhmətə getdi. Anamı tabutla təmin edib, nəşinin Hələbə göndərilməsinə və burada dəfn olunmasına yardım göstərildi. Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan olunması barədə rəsmi sərəncamı alqışlayırıq!

- 2011-ci lin martında Suriyada başlanan müharibə zamanı Nəsiminin məqbərəsinin də terrorçular tərəfindən dağıdıldığı deyilir. Hazırda məzarın vəziyyəti necədir?

- Burada müharibədir. Bu, elə bir dəhşətdir ki, özünü hər yerdə göstərir. Ona görə də deyə bilərik ki, bəli, müharibənin dəhşətləri İmadəddin Nəsiminin məzarından da yan keçməyib. Amma biz bütün gücümüzlə Nəsiminin məqbərəsini qoruyuruq. Ümumən nə məqbərə tanınmaz vəziyyətdədir, nə də problem yoxdur demək olmaz. Bir qədər geniş məlumat vermək istərdim. Həmin yerdə təkcə Nəsiminin məzarı yerləşmir. Nəsiminin ən yaxınlarının da məzarı ordadır. Mənim atamın qəbri də Nəsiminin məqbərəsindədir. Müharibənin ən qızğın vaxtlarında görürdük ki, terrorçular Nəsiminin məqbərəsini, onun ətrafındakı qəbirləri dağıtmaq istəyirlər. Hazırda məqbərə və ətrafdakı məzarlarda çatlar, dağıntılar var. Biz Nəsiminin məqbərəsindəki qəbirlərin hamısının qeydinə qalır, onları mühafizə etməyə çalışırıq.

- Dediniz ki, Nəsiminin bütün qohumlarının məzarı ordadır. Konkret olaraq məzarların üzərində qeydlər də varmı?

- Bu bölgədə döyüşlər gedib. Ona görə dəqiq siyahı yoxdur ki, orada kimlərin qəbri var. Amma orada əsasən bizim ailənin, Nəsiminin ailəsinin, mənim atam, babam, əmilərim və digər qohumların qəbirləridir. Əlavə olaraq orada osmanlılar zamanında Hələbin valisi olmuş şəxsin həyat yoldaşının da qəbri var.

- Müharibədən sonrakı Suriya bizə çox qorxulu və təhlükəli görünür. Maraqlıdır, Nəsiminin məzarını ziyarət edənlər olurmu?

- Əlbəttə. Əvvəlki kimi kütləvi olmasa da, məzarı ziyarət edənlər olur. Hətta, ziyarət edənlər arasında azərbaycanlılara da rast gəlmək mümkündür. Şübhəsiz ki, xəbərlərdən də bildiyiniz kimi, müharibə şəhərin ətrafında, digər yerlərdə və şəhərlərdə hələ də davam edir.

- Dağılmış məzarlığın bərpası mümkündürmü?

- Məzarlığın təmir xərcləri çox yüksəkdir. Müharibədən əvvəl Azərbaycanın Suriyada səfirliyi mövcud idi. O zamankı səfir Mahir Əliyev təmir xərclərinin mütləq qarşılanacağını söyləmişdi. Vəziyyət bir qədər sakitləşəndən sonra bunun mümkün olacağını demişdi. Təəssüf ki, hazırda Azərbaycanın burada səfirliyi yoxdur. Nəsiminin qohumları olaraq biz, təmir xərclərini tam qarşılaya bilmirik. Vəziyyətimiz bəllidir. Bu ilin 9 yanvarında qardaşım vəfat edib. Qardaşımın məzara nəzarətetmə öhdəlikləri mənə keçib. Biz öz hesabımıza bu məzarlığı yüngülvari təmir etmək qərarına gəldik və edirik.

- Suriyalılar Nəsimini Azərbaycan şairi kimi qəbul edirlərmi?

- Əlbəttə. Onu Azərbaycanın sufi şairi kimi tanıyırlar. Məlumdur ki, şair İmadəddin Nəsimi Allahın saleh qullarından və övliyalarındandır.

 

Bax belə. Həmin müsahibə virtual ənginliklərdə cövlan edirkən, zaman-zaman digər görkəmli insanlarımızla bağlı səsləndirilmiş fikri yenə eşidəsi olduq: Nəsiminin məzarı Azərbaycana köçürülsün! Niyə? Məgər hələblilər, şairin oradakı qohumları həmin məzara azmı ehtiram bəsləyirlər? Sual ritorik, cavabı da hər kəsə məlumdur. Azərbaycan dühasının daşıyıcıları olan Lütfi Zadə, Cavad Heyət burada dəfn olunmaq istədilər, biz də onları vətən torpağına gömdük. Amma gərdişi-dövrandan ayrı-ayrı məmləkətlərdə uyuyan fikir və əməl nəhənglərimizə toxunmayaq, möhtərəmlər! Qoy Məmməd Əmin Rəsulzadə Ankarada, Fətəli xan Xoyski Tbilisidə, Əlimərdan bəy Topçubaşov Parisdə, Nəriman Nərimanov Moskvada yataraq Azərbaycan siyasi və mədəni düşüncəsinin mənəvi səfirləri kimi qalsınlar, öləndən sonra da canlarından artıq sevdikləri Vətənin xidmətində durmaq fürsətindən məhrum olmasınlar. Elə ruhu həmişə bizimlə olan Nəsiminin qəbri də Hələbdə qalsın. Zira:

 

                                               “Ay ilə Günəş Yerin heyranıdır,

                                               Müşk ilə ənbər saçın tərxanıdır.

                                               Çün Nəsimi aləmin sultanıdır,

                                               Dövr onun, dövran onun dövranıdır!”

 

Şövkət Səlimov Budad

“Shahdagpeoples.az” saytının baş redaktoru, jurnalist

скачать dle 10.4 UTF-8Forex для начинающих