BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim

Əbədi yaşayacaq

 

Vətən müharibəsində qəhrəmanlıq göstərən, taleyinə şəhidlik qisməti yazılan gənclərimizdən biri də milliyətcə ləzgi olan Ulubəyov Nurəhməd Hacıbəy oğludur. Əslən qusarlı olan bu gülərüz, xoşrəftar, qədd-qamətli igid oğlanın yoxluğuna inanmaq olmur. Onun bir vaxtlar dediyi sözləri də unutmaq mümkün deyil: “Gec-tez erməni qəsbkarlarını doğma torpaqlarımızdan qovacağıq. İgid əsgərlərimiz qəhrəmancasına döyüşüb müharibəyə son qoyacaq”.
    Nurəhmədin dediyi məqam yetişdi. Düşmənlə amansız döyüşlərin başlandığı ilk gündən – sentyabrın 27-dən o da yüzlərlə gənclərimiz kimi, silaha sarıldı. Onun cəsurluğu hamını heyran etdi. Döyüş rəşadətini tərifləyir, başqalarına nümunə göstərirdilər.
    Əsgər yoldaşlarının xatırladığı kimi, Nurəhmədin son döyüşü ağır olub. Düşmən xeyli texnika və canlı qüvvə ilə hücuma keçmişdi. Ermənilər onun əsgər yoldaşlarından bir qrupu əsir almaq istəyirdi. “Qoymaram”, – deyib Nurəhməd dərhal yanındakı yoldaşlarına göstəriş verdi: “Biriniz sağ, o biriniz də sol cinaha keçin. Mən ortada vuruşacağam. Atəş aça-aça, tez-tez yerinizi dəyişin. Qoy düşmən elə bilsin ki, arxadan böyük qüvvə ilə ona hücum edirik”. 
    Əsgərlər belə də etdilər. Nurəhmədin ilk atəşindən sonra bir neçə erməni yerə sərildi. Yoldaşları da düşmənə aman vermirdilər. Onlar tez-tez yerlərini dəyişməklə manevr edir, beləliklə də ermənilərin diqqətini əsas istiqamətdən yayındırırdılar. Nurəhmədin növbəti sərrast atəşi də bir neçə düşmən əsgərinin ömrünə son qoydu. Ermənilər əsas hədəfi qoyub onu təqib etməyə başladılar. Amma igid ləzgi yaxasını ələ vermirdi. Bir neçə dəfə güclü atəş selindən yayınmışdı. Arxasında mövqe seçib atəş açdığı iri daş düşmən qumbarasından parçalananda o, bir neçə addım irəli atılıb yerə sərildi. Atışma qızışdıqca Nurəhmədə tərəf daha çox düşmən yeriyirdi. Vəziyyətin belə dəyişdiyini görəndə mühasirəyə düşmək təhlükəsi altında olan əsgərlərimiz hücuma keçdilər. Amma gec idi. Onlarca erməni silahlısını sıradan çıxaran qədd-qamətli igidin ürəyi susdu...
    1995-ci ilin iyunun 2-də dünyaya göz açmış Nurəhməd Ulubəyov 2020-ci ilin oktyabrın 8-də qəhrəmancasına həlak oldu. O, Azərbaycan ordusunun qələbəsini, xalqımızın qələbə sevincini görməsə də, misilsiz rəşadəti ilə erməni işğalçılarının darmadağın edilməsinə, Vətən müharibəsində qalib gəlməyimizə öz töhfəsini verdi. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində ermənilərin hücumlarının qarşısının alınmasında böyük qəhrəmanlıq nümunəsi göstərib şəhidlik zirvəsinə ucaldı. Bakının ikinci Fəxri xiyabanında dəfn edildi. 
    Nurəhməd Ulubəyov torpaqlarımızın işğaldan azad  olunması uğrunda göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Xətai Rayon İcra Hakimiyyəti Nurəhmədin yaşadığı binanın qarşısında Xatirə guşəsi yaradıb. İyunun 2-də, onun ad günündə Xatirə guşəsinin rəsmi açılışı olacaq. Vətənin qəhrəman oğlu Nurəhməd Ulubəyovun adı xalqımızın qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin! 
 
Akif  Hacıyev,
Azərbaycan Memarlıq və 
İnşaat Universitetinin dosenti
скачать dle 10.4 UTF-8Forex для начинающих