BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
Buduqlular

 

 


Buduq və buduqlularla bağlı maraqlı-məzəli söhbətlər
(Vaqif Buduqlu-Piriyevin “Buduq və buduqlular” kitabından)
Buduqda at qəbri
1971-ci ildə 88 yaşlı buduqlu Ağa kişinin söylədiyinə görə, nənəsi ona danışarmış ki, təxminən 275 il bundan əvvəl Buduq kəndinin üç sakini – Dostağa, Məhəmməd (Ağa kişinin ulu babası) və Talıb at ilə Məkkəyə ziyarətə gedirlər. Onlar 4 il yarım səfərdə olurlar və hər üçü sağ-salamat kəndə qayıdır. Atlardan isə yalnız biri – Hacı Dostağanın atı bütün əzablara dözüb kəndə gəlib çatır. Həmin at bir müddətdən sonra ölür. Hacı Dostağa atını yudurdur, kəfənlədir və qəbiristanlığın bir tərəfində basdırır (amma, qəbrin yanında çarguşə oxunmur). Atın dəfnində bütün kənd əhli iştirak edir.
Buduqda “Xilğirda qabır” (At qəbri) adı ilə tanınan həmin qəbrin yeri indi də məlumdur. Bu qəbir İsa Cabbar kişinin evinin yanındakı qəbiristanlıqda öz sahibi Hacı Dostağanın qəbrindən (Xostağa qabır) bir az aralıdadır. Həmin yerdən indi cığır keçsə də, buduqlular buranı yenə də “Xilğirda qabır” (At qəbri) adlandırırlar.

Buduqlu vəzirin xana cavabı
Rəvayətə görə Hacıbəy Buduqlu Quba xanının (bəlkə də, Şeyxəli xanın) vəziri imiş. Günlərin bir günü axşam çağı xan ilə vəzir sarayda gəzirlərmiş. Həyəti narın qar təbəqəsi örtübmüş. Xanın ayağında incə, kiçik ölçülü, bərli-bəzəkli ayaqqabı (çust), vəzirin ayağında isə nisbətən iri ölçülü və az bəzədilmiş ayaqqabı varmış. Onlar söhbət edə-edə həyətdə bir neçə dövrə vurduqdan sonra birdən xan vəzirlə zarafat etmək xəyalına düşür və onun qar üzərindəki ləpirlərini göstərib deyir: “Görürsən, vəzir, deyəsən burda uzunqulaq gəzib axı”. Özünü sındırmayan buduqlu cavabında: - “Doğrudur, xan sağ olsun, görünür supası da yanında imiş” deyir. Vəzirin cavabından pərt olan xan evə gedir və vəziri cəzalandırmaq qərarına gəlir. Bunu hiss edən vəzir gecə ikən saraydan çıxıb Buduğa gedir və xanla düşmən mövqedə durur.

Kişi düşmənçiliyi
Deyilənlərə görə, iki buduqlu – Dostağa nəslindən Mustafa (və ya Əsəd) və qaçaq Seyidəli daima düşmənçilik edərmişlər. Günlərin bir günü onlardan biri Quba bazarında mübahisəyə düşür və rəqibləri tərəfindən əzişdirilir. Huşu başına gələndə görür ki, qabağında dayanan buduqlu düşmənidir. Sən demə, onun başqaları tərəfindən döyüldüyünü görən “düşməni” köməyinə çatmış, onu rəqiblərinin əlindən almış və özünə gələnədək mühafizə etmişdir. İkinci buduqlu döyülən düşməninə ürək-dirək verərək deyir: “Dur ayağa, mən sənin düşməninəm, amma, səni burada qorumalı idim. Get evə, düşmənçiliyimiz isə Buduqda davam edəcək”.
Düşmənlər müəyyən müddətdən sonra Buduq cafına çatmamış meşə başında rastlaşır və döyüşürlər. Quba bazarında döyülmüş buduqlu digərini yıxır və xəncərlə boğazını üzməli olur. Birdən fikirləşir ki, döyüşdükləri yer Buduq torpağı deyil: “Sən mənim düşmənimsən, amma sənin qanını özgə torpağında tökə bilmərəm. Dur get. Düşmənçiliyimiz isə qalsın Buduğa”.

Buduq aşağıdır, ya Rük?
Bəli, bu sual iki qonşu kənd sakinlərinin daimi mübahisəsinə səbəb olmuşdur. Hər bir kənd camaatı öz məskənlərinin coğrafi baxımdan daha yüksəkdə durduğunu, hündürdə yerləşdiyini sübut etməyə çalışmışlar. Bu söz-söhbət əksər hallarda adi xarakter daşısa da, bəzən ciddi mübahisələrə, xoşagəlməz hadisələrə gətirib çıxarmış, son nəticədə isə buduqlularla rüklülər arasında daimi zarafat mövzusuna çevrilmişdir.
Buduq və Rük kəndlərinin coğrafi mövqelərinə gəldikdə, Buduq hündür dağın (yastanın) üstündə, Rük isə Qaraçayın axdığı dərədə, çay axarının yuxarı hissəsində yerləşir. Rükdən axıb gələn Qaraçay Buduq kəndinin yerləşdiyi dağın (yastanın) dibindən keçir və belə təsəvvür yaranır ki, Rükdən gələn çay Buduq ərazisindən keçir və bu da Buduğun daha aşağıda yerləşdiyini göstərir. Əslində isə, çay Buduq kəndindən deyil, onun yerləşdiyi dağın (yastanın) dibindən, təxminən kənddən 2 km. aşağıdan axır.
Buduq ilə Rükün okean səviyyəsindən yüksəkliyini nəzərdən keçirsək, həmin mübahisənin elmi həlli müəyyənləşər. Belə ki, XIX əsrdə rus alimlərinin apardıqları tədqiqatlardan biri Qafqazın uca dağlarının və yaşayış məntəqələrinin hündürlüyünün öyrənilməsinə həsr olunmuşdur. Hər iki kənd camaatının məsələnin mahiyyətini dəqiq müəyyənləşdirə bilmələri məqsədilə həmin məlumatı olduğu kimi veririk:
”Абсолютная высота населенных мест губернии
(Буква перед цифрами обозначает уъезд, цифра – номер списка населенных мест губернии).
К. 1253 – деревня Хиналуг . . . . . . 7165 ф.р.н.у.м.
К. 1259 – --- ” --- Крыз . . . . . . 6681 ---- ” ----
Л. 1016 – --- ” --- Мистен . . . . . . 5796 ---- ” ----
К. 1238 – --- ” --- Будуг . . . . . . 5752 ---- ” ----
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
К. 1107 – --- ” --- Халтан . . . . . . 3624 ---- ” ----
Г о р о д К у б а . . . . . . . . . . . . . . . . . . . . . 1988 ---- ” ----
К. 1252 - Штаб-картира Кара-чай . . . . . . . 1681 ---- ” ----”
(Bax: Списки населенных месть Российской империи по Кавказскому краю. LXV. Бакинская губерния. – Тифлис: 1870, с.32, 1 фут = 0,3 метр).
Məlumatdan göründüyü kimi, Buduq kəndi Quba qəzasında Xınalıq və Qrız kəndlərindən sonra 3-cü yeri tutur və 5752 fut. hündürlükdə yerləşir. 3624 fut. hündürlükdə olan Xaltan kəndi qeydə alındığı halda Rük kəndi barədə məlumat verilmir. Əlbəttə, Rük daha yüksəkdə yerləşsə idi, yəqin ki, qeydiyyata düşərdi. Buduq kəndində Rükə nisbətən atmosfer sıxlığının da az olması onun yüksək coğrafi mövqedə olduğunu göstərir. Bununla belə, həmin kəndlərdən hansının aşağı olması nəinki buduqlularla rüklülərin, demək olar ki, regionun bütün əhalisinin xoşladığı məzəli söz-söhbət kimi indi də öz əhəmiyyətini itirməyib və hətta bəzi kitablarda belə öz əksini tapıb.
Daş məsələsi
Buduq ilə Rük sakinləri həmişə bir-biri ilə zarafat etmişlər. Bəzən elə zarafatlar söz-söhbətə də səbəb olmuşdur. Deyilənlərə görə, Rük kəndinin üst tərəfində böyük bir daş varmış. Buduqlular sözbir edib həmin daşı rüklülərdən satın almağı qərarlaşdırırlar. Buduqluların bu hərəkətini sadəlövhlük, dəlilik hesab edən rüklülər məmnuniyyətlə daşı onlara satırlar. Bir müddətdən sonra buduqlular yığışıb bel, külüng və s. alətlərlə daşın yanına gedirlər və onun ətrafını qazmağa başlayırlar. Bunu görən rüklülər buduqluların nə işlə məşğul olduqlarını, məqsədlərini öyrənirlər. Onlar bildirirlər ki, biz daşı sizdən satın almışıq və bu daş indi buduqlularındır; istəyirik ki, daşımızı sizin torpaqdan götürüb öz torpağımıza aparaq. Daşın durduğu yerin coğrafi mövqeyi isə elə imiş ki, onu balaca tərpətsələr birbaşa Rük kəndinin üzərinə istiqamətlənəcək və kəndə böyük ziyan vuracaqmış. Buduqluların daşı satın almaqda əsl niyyətlərini indi duyan rüklülər onlarla danışıqlar aparır və daşı geri almağa səy göstərirlər. Lakin buduqlular daşın ətrafındakı torpaqların onlara verilməsi şərtilə onu yerindən tərpətməyəcəklərinə söz verirlər; rüklülər də çarəsizlikdən buna razı olurlar (digər varianta görə, rüklülər daşın pulunu bir neçə qat artıq ödəyib geri alırlar).

Buduqlu ağ div
“Buduqlularla rüklülərin heç vaxt araları olmayıb. Rüklü pəhləvan eşidibmiş ki, buduqlu Ağ Div də çox qüvvətli pəhləvandır... İstəyir bir onunla rastlaşıb rüklülərin heyfini çıxsın. Bir gün rüklü pəhləvan dəyirmanın qabağında dayanıb çayın aşıb-daşan selinə baxırmış. Uzaqdan bir nəfərin iki alıqlı öküz sürüb gətirdiyini görür. O, çaya çatan kimi öküzlərin hərəsini bir qoltuğuna vurub seldən keçirir. Rüklü bunun dərhal Ağ Div olduğunu başa düşür. Ağ Div dəyirmana gəlib rüklü pəhləvana deyir: “Tələsirəm, dənini çıxar, mən üyüdüm”. Rüklü: - “Bacarırsan, gəl çıxar,” – deyir. Bunu eşidən Ağ Div əl atıb dəyirmanın daşını saxlayır. Rüklü pəhləvan işi belə görüb cınqırını çıxarmır.”

“And”
Deyilənlərə görə, Güney-Cəg ərazisinə görə buduqlularla cəglilər mübahisə aparırmış . Tərəflər arasında vuruşma baş vermiş, ölənlər olmuşdur. Cəglilər məsələnin sülh yolu ilə həll olunmasını məsləhət bilirlər və deyirlər ki, Molla Ağa Əfəndiyə müraciət edək, o, nə desə, torpağı kimə versə razı olaq. Həmin ərazinin cəglilərə məxsus olduğunu bilən buduqlular əvvəlcədən Əfəndini dilə tuturlar və onların tərəfini saxlamasını xahiş edirlər. Çarəsiz qalan əfəndi, buduqluların sözünü yerə salmamaq üçün fənd işlədir; o, Buduq məscidinin həyətindən bir qədər torpaq götürüb ayaqqabılarının içinə doldurur və ayağına geyib cəglilərin yanına – mübahisəli əraziyə gedir və burada and içib bildirir ki, ay cəglilər, mənim ayağımın altında olan torpaq, inanın ki, mənim öz ana torpağımdır. Cəglilər də Əfəndiyə inanıb öz torpaqlarından əl çəkirlər.

“Aşağı” kəlməsi, ... yox!
(Olmuş əhvalat)
Xaçmazın orta məktəblərindən birində Azərbaycan dilindən dərs deyən buduqlu Hüseyn müəllimin dərsində iştirak edən Maarif nazirliyinin müfəttişi, Hüseyn müəllimlə zarafatı olan müəllimlərin təkidi ilə, ona bir vərəq verir və göstərilən cümlələrin şagirdlər tərəfindən sintaktik təhlil olunmasını xahiş edir. Hüseyn müəllim vərəqə nəzər yetirdikdə görür ki, burada “Aşağıdakı cümlələri sintaktik təhlil edin” sözləri yazılmış və 3 cümlə verilmişdir. “Aşağı” cümləsindən heç xoşu gəlməyən buduqlu, çox fikirləşir, götür-qoy edir ki, bu sözü işlətməsin; çünki onun dilindən “aşağı” kəlməsini eşidən hələ olmayıb. Nəhayət, o, çıxış yolu tapır: əvvəlcə müfəttişin verdiyi cümlələri lövhəyə köçürür, sonra isə yazır: “Yuxarıdakı cümlələri sintaktik təhlil edin”. Beləliklə, o, yenə də “aşağı” kəlməsini dilinə gətirmir.

“Yuxarı gedirəm”
Buduqlu çox soyuq və şaxtalı havada aşağıya tərəf getməli imiş və nəqliyyat gözləyirmiş. Ona rəhmi gələn sürücü maşını saxlayıb soruşur: “Ay kişi, aşağı gedirsən?” “Aşağı” kəlməsini dilinə gətirmək istəməyən buduqlu həmin istiqaməti göstərib cavab verir: “Yuxarı gedirəm”. Sürücü yoluna davam edir və fikirləşir ki, bu adam aşağıya yuxarı niyə dedi, yəqin ki, buduqludur. O, maşını döndərib kişinin yanına gəlir və soruşur: “Ay kişi, yuxarı gedirsən?” Buduqlu getdiyi istiqaməti, yəni aşağını göstərib deyir: “Yuxarı gedirəm”. Sürücü onun buduqlu olduğunu yəqin edir və əlini yuxarı uzadıb: “Heyf ki, mən aşağı gedirəm” deyir və yoluna davam edir. Sürücü buduqlunun dilindən “aşağı” sözünü eşitmək həvəsi ilə bu prosesi bir də təkrar edir; yəni üçüncü dəfə aşağı istiqamətində dördüncü dəfə yuxarı istiqamətində sürüb buduqlunun hara getdiyini soruşur və hər dəfə eyni “yuxarı gedirəm” cavabını alır. Nəhayət, o, beşinci dəfə maşınını aşağı istiqamətində sürüb onun yanında saxlayır və həmin sualını verir. Yenə də “yuxarı gedirəm” cavabını alan sürücü buduqlunun dönməzliyini yəqin edib onu maşınına oturdur və istədiyi yerə aparır.

Buduq dilində “Yasin”
(Olmuş əhvalat)
Buduqlu Cabbar kişi (Harunov) cavan çağlarında bir neçə qadınla Qubadan Buduğa gedir. Axşam çağı onlar Tüləkəran kəndinə çatırlar və qaranlıq düşdüyündən burada gecələmək məcburiyyətində qalırlar. Lakin müharibənin yaratdığı acınacaqlı vəziyyət çoxlarının qonaq saxlamaqdan imtina etməsinə səbəb olmuşdu. Bunu yaxşı bilən Cabbar kişi “Allah kərimdir” deyib bir qapını döyür. Məlum olur ki, bu evdə hüzr məclisi var və ev sahibəsi cüməaxşamına molla gəlmədiyi üçün çox pərişandır. O, sağa-sola vurnuxur, mərhumun ruhuna Quran oxutdurmaq üçün nə əlac edəcəyini bilmir. Həmin dəstədə olmuş Gülcamal Əlişanovanın dediyinə görə, Cabbar kişi yoldaşlarını buduq dilində başa salır ki, gülməsinlər, sakit dayansınlar və o, nə desə, səslərini çıxarmasınlar; əks halda ev yiyəsi onlara yer verməyəcək. Cabbar kişi ev sahibəsinə bildirir ki, o, molladır və icazə versə mərhumun ruhuna Yasin oxuya bilər. Ev sahibəsi hədsiz dərəcədə sevinir və razılıq edir. Cabbar kişi Qurandan bildiyi tək-tək kəlmələrdən istifadə etməklə buduq dilində uzun-uzadı danışır və öz adamlarına deyir: “Məbadə güləsiniz, özünüzü möhkəm saxlayın, arvada him-cim edin, “mollaya” çay-çörək hazırlasın, taxçada yaxşı mürəbbə görünür, deyin onu da versin, qax-qoz gətirsin və s. və i.a.” Nəhayət, o, Yasini “tamamlayır”. “Molla”nın oxumasından şübhələnən ev sahibəsi utana-utana soruşur: “Ay qardaş, mən heç belə Yasin eşitməmişəm, sən hansı dildə oxuyurdun”. Özünü itirməyən “Molla Cabbar” cavab verir ki, buduq dilində. Arvad onun sözünə inanır və qonaqlarını yedirib səhərə kimi evində saxlayır.
Cabbar kişi sonralar həqiqətən mollalıq edərdi və deyilənlərə görə öz keçmiş günahını yumaq naminə həmin mərhumun ruhuna dəfələrlə Yasin oxuyub.

Ordan-burdan
Ləzginin evində işləyən buduqlu Ağa dayının (Cəmiyev) günorta yeməyinə xingal gəlir. Evin qadını süfrə başında sarımsağı dişi ilə əzib qatığa qatır. Əri nə qədər him-cim edirsə də, arvad başa düşmür. Kişinin pərt olduğunu görən Ağa dayı onu vəziyyətdən çıxarmaq üçün sözə başlayır və deyir: Ay kişi, narahat olma, Sizin adətiniz bizimkindən çox yaxşıdır. Bizim arvadlar xingal bişirmək istəyəndə bir gün əvvəlcədən sarımsaq yeyirlər və sabahısı qatığa tüpürürlər ki, ləzzətli olsun.
* * *
Buduqlu Ağa dayı günorta yeməyinə çıxır və işlədiyi həyətin evinə daxil olur. Otaqda oturan nisbətən cavan qadınlardan biri ona məhəl qoymur və ayağa durmur. Bunun səbəbini öyrənməyə çalışan Ağa dayı bir azdan qadını sorğu-suala tutur: “Bacı, sənin dindən, Qurandan xəbərin varmı, namaz qılırsanmı?” Cavab alır ki, yox. “Mən isə namaz qılıram, az-çox Qurandan da xəbərim var”. Ağa dayı daha sonra soruşur: “Bəs, sənin Marksdan, Lenindən, “Kapital”dan xəbərin varmı, onları oxuyursanmı?” “Yox, ay qardaş, mən hara, belə şeylər hara” cavabını alan Ağa dayı bildirir ki, mənim onlardan da xəbərim var. Nəhayət, o, qadına sual verir ki, bəs niyə mən içəri girəndə ayağa durmadın? Qadın öz hərəkətindən utanır.
* * *
Oğlunun məktəbdəki təhsili ilə maraqlanan buduqlu qadını ondan soruşur: “Ay bala, dərslərindən nə alırsan?” Oğlan cavab verir ki, nə alacağam, dörd, beş. Qarı elə bilir ki, onun oğlu heç bir şey bilmir və deyir: “Can bala, camaatın uşağı 200-300 alır, sən nə üçün pis oxuyursan, elə 4-5 alırsan”.
* * *
Kolxozda taxıl bölgüsü zamanı buduqlu qadına 32 kq buğda düşür. Qadın buna narazılığını bildirir və xahiş edir ki, ona 32 kq yox, heç olmasa 2 pud taxıl versinlər.
* * *
Buduqlu qadın kəndə qonaq gələn qızın valideynləri ilə maraqlanır: ona bildirirlər ki, qızın atası Qubada “oxrandır” (qarovulçudur). “Oxran” sözünün mənasını bilməyən qadın elə güman edir ki, qız böyük vəzifəli şəxsin qızıdır və rastlaşdığı hər bir adama bu barədə danışır. Nəhayət, bundan xəbər tutan oğlu onu başa salır ki, oxran - qarovulçu deməkdir.
* * *
Buduqlu qadın Qubaya corab satmağa gedir. Bir nəfər yolda corabı ondan ondan alıb deyir ki, aparım evdə göstərim, bəyənsələr səhər bazarda pulunu gətirim verim. Arvad ona inanıb corabı verir. Səhər bazarda çox gözləyir, amma həmin adam gəlib çıxmır. Əsəbiləşən qarı nə edəcəyini bilmir, nəhayət, bazardakı su kranını açıb suyu buraxır və - “o, mənim corabımı apardı, mən də onların suyunu açıb gəldim” – deyərək özünə təsəlli tapır.
* * *
Buduqlu tənbəl öküzünü satmaq üçün Quba bazarına aparır və onu çox təriflədikdən sonra müştəri tapır. Öküzə qiymət qoyulur, razılıq əldə edilir. Müştəri pulu vermək istəyəndə buduqlunun, tənbəl öküzdən yaxa qurtardıqlarına sevinən anası sözə qarışaraq müştəriyə deyir: “Can bala, bu öküz bizi boğaza yığıb, tənbəlin biridir. Yoxsa heç həyətin heyvanını satardıq”. Bunu eşidən müştəri pulunu geri alıb gedir.

Buduqlu və qarğa
Deyilənlərə görə, bir buduqlu cütlə yer şumlayırmış. Bir qarğa ona imkan vermir, müxtəlif hərəkətləri ilə onu əsəbiləşdirirmiş: buduqlunun heybəsindəki çörəyini, pendirini çıxarıb yeməyə çalışır, onun başı üstündə halay vurub qarıldayır və s. Qarğanın bu hərəkətindən cana doyan buduqlu hiylə işlədir: papağını çıxarıb cütün üstünə qoyur, özü isə heybənin yanında gizlənir, qarğa heybəyə yaxınlaşıb çörəyi çıxarmaq istəyəndə onu tutur. Qarğanın əlindən əsəbiləşən buduqlu ona hər cür əziyyyət verir... Bu rəvayətdən sonra qarğa buduqlulara söz atmaq, sataşmaq, əsəbiləşdirmək üçün vasitəyə çevrilir. İndinin özündə də “qarğa” sözündən və ya “qar-qar”, “qığ-qığ” sədalarından əsəbiləşən “həssas” buduqlulara təsadüf olunur.

“Sülh quşu”
(Olmuş əhvalat)
İki buduqlu – Quba rayon texniki-təmir stansiyasının müdiri və sürücü həmişə bir-birinə sataşar, zarafatla qarğa “əhvalatını” yada salarlarmış. Müdir ilə “mübahisə aparmaq istəməyən” sürücü barışıq elan edir və qarğanı tutub RTC-in darvazasından asır ki, qoy bu bizim hər ikimiz üçün “sülh quşu” olsun.