BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
Buduqlular

 


Əl-Buduqi – Bəzi məlumatlara görə, Orta əsrlər Şərqinin böyük ali təhsil müəssisələrindən biri olan Bağdad universitetində dərs demiş buduqlu alim və pedaqoq.

Baba Buduqi – XIX əsr Buduq şairi. Baba Buduqinin zəmanəmizə yalnız kiçik bir şeiri gəlib çatıb. Yeganə nümunə kimi həmin şeiri diqqətinizə çatdırmaq maraqsız olmazdı:
Səhər-səhər acı yellər əsəndə,
Tökülür gözündən yaşı qocanın.
Çastiyə (səhərə) qayğanaq, günorta bozbaş,
Axşam üçün gərək aşı qocanın.,

Yoxuşu çıxanda tutmaz dizləri,
Enişi düşəndə görməz gözləri.
Ləl-cəvahirdir, dürrdür sözləri
Cəm olsa bir yerə beşi qocanın.

Baba deyər sevdiciyim yar ola,
Piyalələr ya boş ola, ya dola.
Oğul söz tutmaya, övrət bəd ola,
Onda müşkül olur işi qocanın.
(Cüng parçası. Azərbaycan MEA Əlyazmalar institutu, şifrə: B-1762/10552, 17 vərəq, Azərbaycan dilində).

Qaçaq Mayıl – Öz zamanında Quba və ətraf ərazilərdə çox məşhur olmuş, XIX əsrin ikinci yarısı və XX əsrin ilk onilliklərində Azərbaycan istiqlal mübarizəsində öz düzgün, vətənpərvər mövqeyi ilə silinməz izlər qoymuş Mayıl Zahir oğlu Zahirovun – Qaçaq Mayılın əslən Buduq kəndindən olduğunu indinin özündə də az adam bilir. Professor Vaqif Piriyevin “Buduq və buduqlular” kitabından (Vaqif Buduqlu-Piriyev. “Buduq və buduqlular”, Bakı, “Sabah”, 1994, səh. 135-137):
Qaçaq Mayl kimdir? Bəli, bu sual indi də çoxlarını maraqlandırır. Son illərdə həmin ad altında dərc olunmuş qəzet məqalələrində (Tofiq Nurəli. Qaçaq Mayıl kimdir? – “Şəfqət” qəzeti, 21-27.01.92, s.3; “Şəfqət” qəzeti, 22.04.92, s.4; Nazim Əlixanov. Qaçaq Mayıl kimdir? - “Xalq qəzeti”, 17.03.92, s.4) Qaçaq Mayılın şəxsiyyəti, fəaliyyəti, əlaqələri və onun başçılıq etdiyi hərəkatın mahiyyəti barədə qısa xəbərlər verilir. “Qaçaq Mayıl” söhbəti el arasında da geniş yayılmışdır. Bu sətirlərin müəllifi (prof.Vaqif Piriyev-Buduqlu) hər dəfə buduqluların əhatəsinə düşəndə Mayıl haqqında müxtəlif söhbətlərin şahidi olmuş, mülahizələr, rəvayətlər dinləmişdir. Ən çox diqqəti cəlb edən isə Mayılın ata nəslinin Buduq kəndindən olması barədə ağsaqqalların israrla dedikləri idi. Onlar hətta Mayılın nəslinin kimlərdən olduğunu da bildirirdilər. Məhz bu məsələni dəqiqləşdirmək məqsədilə Mayılın nəvələri ilə ünsiyyət saxlamaq qərarına gəldim və Şamaxıda yaşayan nəvəsi Sabir Zahirovun görüşünə getdim. Sabir kişinin ilk sözü “Bəli, bizim nəslimiz Buduqdandır və ulu babamız bu kənddən köçmüşdür” oldu. Mayılın nəticəsi Vəfadar isə Aişə nənəsinin söhbətlərini yada salaraq ata nəsillərinin “Xəlfəli”lərdən olduğunu xatırladı. Mayılın buduqlu olmasını nəzərə alaraq Buduğa həsr olunmuş kitaba onun nəsli və özü barədə qısa məlumat daxil etməyi məqsədəuyğun saydıq və kitab artıq mətbəədə tam şəkildə yığılıb qurtardığından həmin məlumatı “Əlavə” kimi verməli olduq.
Tarixi faktlar göstərir ki, Buduqdan getmiş ailələrdən biri də əsrimizin 20-ci illərində fəaliyyət göstərmiş və xalq arasında məşhurlaşmış Qaçaq Mayılın nəsli olmuşdur. Mayılın atası Zahirin, babası Tahirin və atasının babası Xəlfənin adları Buduq kəndinə dair 1831-ci il kameral siyahıda mövcuddur. Xəlfənin Tahir (?), Məhəmməd (1806), Əli (1816) və Cəfər (1819) adlı dörd oğlu var idi. Tahirin Xəlfə (1825) və Zahir (1828), Məhəmmədin isə Oruc (1829) adlı oğlanları olmuşdur. Siyahıdan məlum olur ki, Tahir 1831-ci ilədək vəfat etmiş və onun oğlanları Xəlfə və Zahir əmiləri Məhəmmədin himayəsində yaşamışdır (Bax: Azərbaycan Dövlət Mərkəzi Tarix arxivi, Fond 24, Siyahı 1, iş 344, v.373-410).
Məhəmmədin başçılıq etdiyi ailə güman ki, 30-cu illərdə Buduqdan köçməli olmuşdur. Buduğa dair 1839, 1849, 1863 və 1873-cü il siyahılarında bu ailədən heç bir adamın adına təsadüf olunmaması bunu söyləməyə əsas verir. Sabir kişinin dediyinə görə, onların nəsli Buduqdan Xaşı kəndinə köçmüş, oradan isə Qonaqkəndə gəlmişlər. Zahirin sonralar Tahir, Mayıl və İsmayıl adlı 3 oğlu və bir qızı olmuşdur. Bu nəslin nümayəndələri hazırda Azərbaycanın bir çox ərazilərində yaşayırlar.
Mətbuatda dərc olunmuş xəbərlərdən bəlli olur ki, el arasında Zail-Mayıl kimi tanınan Mayıl Zahirov Qonaqkənddə (bəlkə də kəndxuda) işləmişdir. O, iri bədənli, hündürboylu adam olmuş, “quşu gözündən vurarmış”, yoxsulların tərəfdarları, “mənəm-mənəm” deyənlərin qənimi idi.
Mayıl hərəkatı öz xarakteri etibarilə 1837-ci ildə Hacı Məhəmmədin (Hacı Məhəmməd, bəzi mülahizələrə görə, Buduq kəndinin kəndxudası olmuş, 1837-ci ilin avqust ayının ortalarında üsyançılar onu xan elan etmişlər və 1841-ci ildə Bakıda Hərbi səhra məhkəməsinin hökmü ilə asılmışdır (Bax: Azərbaycan tarixi üzrə qaynaqlar. – Bakı, 1989) başçılığı ilə Qubada və təxminən həmin vaxtlarda Mama Osmanın başçılığı ilə Qonaqkənddə baş vermiş kəndli üsyanları ilə səsləşir. 1920-ci ildə XI orduya qarşı ilk müqavimət Mayılın başçılıq etdiyi dəstə (qalagahlı Həmdulla Əfəndi ilə birlikdə) tərəfindən göstərilmişdir. XI ordunun qatarı Dəvəçinin (indi Şabran) Sarvan stansiyasında məcburən saxlanılmış və qeyri-bərabər tərəflər arasında inadlı vuruşma getmişdir. Daha sonra əsgərlərin Qonaqkəndə tərəf hərəkətinə imkan verilməmişdir. Təngədə “Qaçaq Mayılın nişangahı”, yazud “mağarası” kimi tanınan yerdə Mayıl XI ordunun əsgərlərinə ciddi müqavimət göstərmişdir. Mayılın o dövr üçün müasir silahları da varmış. Təngədən keçməyə can atan rus əsgəri oyuqdan açılan güclü atəşə məruz qalırdı. Hətta, milliyyətcə erməni olan bir polkovnik müharibə təcrübəsinə inanıb Mayılın dəstəsini tutmağı boynuna götürür və xeyli əsgərlə Qonaqkəndə yollanır. Mayıl elə yolda ikən onu gəbərdir və əsgərlərinin çoxunu məhv edir, bir hissəsi isə çətinliklə canlarını qurtara bilirlər.
Mayıl Zahirovun “Müsavat” partiyası və onun lideri ilə yaxın əlaqəsi olub. O, M.Ə.Rəsulzadənin Lahıc həyatından xəbərdar olmuş və Məşədi Qasım vasitəsilə Lahıcla gündəlik əlaqə saxlamışdır. Onun F.X.Xoyski, M.C.Bağırov və s. şəxslərlə əlaqələri barədə də rəvayət mövcuddur. Mayıl M.C.Bağırovun təkidinə baxmayaraq, vətənini tərk etməmiş, qaçaqlıq həyatı keçirməyi və vətəndə ölməyi üstün tutmuşdur. Qaçaq Mayıl tez-tez Gürcüstana səfər edərmiş və görünür, bunun ciddi cəbəbləri vardı. Deyilənlərə görə, Qaçaq Mayıl 1924-cü ildə arxadan atılan güllə ilə öldürülmüşdür. Gələcək araşdırmaların Qaçaq Mayıl və onun başçılıq etdiyi hərəkat barədə daha dəqiq və ətraflı fatkların üzə çıxarılmasına kömək edəcəyi şübhə doğurmur.

Buduq bəyləri – Arxiv sənədlərindən göründüyü kimi, Quba qəzasında olan bəylərin yalnız Quba xanlarının nəslindən olanları, Alpan və Buduq bəyləri və bir də qazı Həsən Əfəndinin xələfləri rəsmi bəylik hüququna malik idilər və əsl irsi bəylər hesab olunurdular. İrsi bəylər xanlıqlar dövründə bəylik rütbəsi alanlara nisbətən daha yüksək imtiyazlara malik idilər. Buduq bəylərinin bəylik hüquqlarını təsbit edən yazılı sənədləri var idi. Professor Vaqif Piriyev-Buduqluya görə Buduq bəylərinin hamısı bəylik hüququ almış bir şəxsin, ailənin, nəslin xələfləridirlər. 1818-ci ildə Saqinovun Ağa bəy, Şeyda bəy, İlyas bəy, Əli bəy, Hüseynxan bəy, Əhmədxan bəy və s. bəyləri Buduq mahalının başçısı Məmməd bəyin qohumları kimi bu fikrin sübutuna kömək edir (Bax: Azərbaycan Dövlət Mərkəzi Tarix arxivi, Fond 75, Siyahı 1, iş 2, v. 12). Həmin bəylər 1831-ci ilin kameral siyahısında isə Məmməd bəyin ailə üzvləri kimi deyil, hər biri müstəqil bəy ailəsinin başçısı kimi qeyd olunmuşdur. Görünür, ilk dəfə bəylik rütbəsinə layiq görülmüş buduqlunun ailəsi zaman keçdikcə çoxalmış, nəsli şaxələnmiş və sonralar hər bir qol bəylik hüququnu öz üzərində mühafizə etmişdir. Lakin Buduq bəylərinin bu rütbəyə nə vaxt layiq görüldüklərini dəqiq müəyyən etmək çətindir. Bunu I Şah Abbasla və ya “Budad” qəbiləsi ilə əlaqələndirmək olar: belə ki, I Şah Abbasın buduqlu Məlik Adiyə soyurqal kimi kənd verdiyi bəllidir və ola bilsin ki, bu dövrdə ona “bəy” rütbəsi də verilmişdir.
Buduq bəyləri bəylik rütbəsinə məxsus bütün imtiyazlara malik olmuşlar: məhsulun onda biri onlara çatır, hər bir ev ildə bəyə iki araba odun bir araba ələf verir, hər 10 ev bəyin tələbi ilə ona bir işçi ayırır, rəiyyət onun tədbirlərində iştirak edir, biyara gedir, ona qoşqu və minik heyvanları verir, kənddən bəyə bir xidmətçi, bir əkinçi və bir mehtər xidmət edir və s.
Buduq bəyləri hələ Səfəvilər dövründə müxtəlif kəndlərə başçı təyin olunmuşlar. I Şah Abbasın, daha sonra qubalı Həsənəli xanın fərmanları bunu sübut edir. Quba xanlarının sonrakı fərmanlarına əsasən Zərqava, Sədan, Quşçi, Çıraq, Ügah və Çalqan kəndləri Məlik Hacı bəy Buduqluya, Nüdün kəndi isə Eldar bəy İlyas bəy oğlu Buduqluya tiyul kimi verilmişdir. Xanlıqlar dövründə Buduq bəylərindən Şeyda bəy və Mustafa bəyin cəmiyyətdəki mövqeləri daha üstün olmuşdur. Çar hökuməti də Buduq bəylərinin xidmətlərini qiymətləndirərək Padar kəndini Rüstəm bəy Buduqluya, Sərkər qışlağını Şeyda bəy Buduqluya, Qazaqlını Ağa Yüzbaşı Buduqluya verir. Məmməd bəy Buduq mahalının naibi təyin olunur, oğlu Rüstəm bəy Dövlət divanına üzv seçilir. Talış, Baş və Aşağı kəndləri də Rüstəm bəyin və onun xələflərinin sərəncamına verilir. Bu nəsildən olan bəylər 1917-ci il inqilabına kimi Zərqava, Nüdün, Padar, Sədan, Çiraq, Talabı, Talış və s. kəndlərin gəlirlərindən faydalanmaq hüququnu itirməyiblər.
Buduq bəyləri Buduqdan əlavə ətraf ərazilərdə də geniş əkin yerlərinə, otlaqlara və az da olsa bağ sahələrinə malik olmuşlar. Keçən əsrin sonlarında (1898-1900) tərtib edilmiş Quba qəzasının şəxsi torpaq sahiblərini əks etdirən siyahıda 12 kənddə (Buduq da daxil olmaqla) 80-ə qədər buduqlu bəyə məxsus 1737,5 desyatin yararlı torpağın olduğu göstərilir. Bunun 904 desyatini əkin, 832,5 desyatini otlaq və 3,75 desyatini isə bağ sahələri idi.
XX əsrin əvvəllərində baş vermiş təlatümlü hadisələr Buduq bəylərinin öz torpaq sahələrindən məhrum olmalarına gətirib çıxarmışdır. Buduqluların ailələri isə həmin torpaqlarda qalmış və tədricən əhali arasında əriyib getmişlər və getməkdədirlər. Hazırda onların nəslindən olan nümayəndələrin çox çətinliklə müəyyənləşdirilməsi buna sübutdur.
Buduq bəyləri Hacı Hüseyn, Çərəkə, Qoşa Kəmrə, Qızılburun, Qaradərə, Sultan Külanı və s. qışlaqlarda öz sürülərini otara bilərdilər və bu barədə Quba xanlarından və çar hökumətindən təsbitedici sənədlərə malik idilər.
Buduq bəyləri, digər bəylər kimi, 1934-cü ildə bəylik rütbəsi ləğv edildikdə öz hüquqlarını tam şəkildə itirmişlər.
Çoxsaylı Buduq bəylərindən indiyədək adları məlum olanları əsasən bunlardır: Məlik Adi bəy, Rüstəm bəy, Abadan bəy, Əli bəy, Mürsəli bəy, Aslan bəy, Ağa bəy, Şeyda bəy, Hüseynxan bəy, Əhmədxan bəy, Məlik Hacı bəy Buduqlu, Mustafa bəy, Ağa Yüzbaşı Buduqlu, Abdal bəy, İbrahim bəy, Abdulla bəy, Xəlil bəy, Osman bəy, Paşa bəy, Hümmət bəy, Harun bəy, Məstan bəy, İlyas bəy, Eldar bəy, Ağabala bəy, podporuçik Məmməd bəy, Rəsul bəy, Şahbaz bəy, Eyvaz bəy Buduqlu, İsmayıl bəy, Həsən bəy, Məmmədrza bəy, Heydər bəy, İbadulla bəy, Zal bəy, Məhəmməd bəy, Məcid bəy, Camaləddin bəy, Xanbutay bəy, İsgəndər bəy, Sədrəddin bəy, Bədirxan bəy, Əbdülsəlim bəy, Əziz bəy, Əlipənah bəy, İsaq bəy, Məmmədqulu bəy, Azay bəy, Yusif bəy, Şükür bəy, Mahmud bəy, Qədir bəy, Hüseyn bəy, Nəcəf bəy, Ömər bəy, Fərzəli bəy.



Vaqif Piriyev
– Vaqif Ziyəddin oğlu Piriyev (Buduqlu) 13 sentyabr 1938-ci ildə Quba rayonunun Buduq kəndində anadan olmuş, 1947-ci ilədək Qonaqkənddə, 1960-cı ilə qədər Qubanın Bağbanlı kəndində yaşamışdır. Quba kənd təsərrüfat texnikumunu (1959), ADU-nun (indi BDU) Şərqşünaslıq fakültəsini və Azərbaycan EA (indi MEA) Tarix institutunun əyani aspiranturasını bitirib. Azərbaycan, fars, buduq və rus dillərini sərbəst bilirdi. Əsas tədqiqatları Azərbaycanın monqol dövrü tarixinə aiddir. 1972-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 7 dekabr 2009-cu ildə prezident İlham Əliyev tərəfindən ona Əməkdar elm xadimi adı verilmişdir.
Professor Vaqif Piriyev 25 avqust 2010-cu ildə vəfat edib.
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 130, 11 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərin sayı: 20
Əsas elmi nailiyyətləri: Hülakular və Cəlaililər dövlətinin tədqiqi sahəsində 2 kitab və 80-dən artıq elmi məqaləsi nəşr edilmişdir; XIII-XIV əsrlərə dair fars dilli mənbələrin Azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuş və 5 tərcümə əsəri nəşr olunmuşdur; Azərbaycanın orta əsrlər tarixi-coğrafiyası üzrə tədqiqatlar aparmış və bu fənnin tədrisi ilə məşğul olmuşdur; Ömrünün son illərində əsas diqqətini Naxçıvanın orta əsrlər tarixinin öyrənilməsinə yönəltmiş və bu sahədə 1 kitabça, 10-dan artıq elmi məqalə və "Naxçıvan Ensiklopediyası" üçün 40-a qədər məqələ yazmışdır. Azərbaycan şəhərləri tarixinin tədqiqi ilə məşğul olmuşdur.
Əsas elmi əsərləri: Azərbaycan Hülakular dövlətinin tənəzzülü dövrundə. Bakı, "Elm", 1978, 25 ç.v.; Buduq və buduqlular. Bakı, Sabah, 1994, 6,5 ç.v.; Azərbaycanın tarixi. 7 cilddə. III cild, Bakı, "Elm", 1999, 49 ç.v. (şərikli); Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı, ADN, 1994, 49 ç.v. (şərikli); Azərbaycanın tarixi coğrafiyası. Dərs vəsaiti, Bakı, “Araz”, 2002, 10 ç.v.; Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, “Sabah”, 2003, 30 ç.v.; Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, "Müəllim", 2006.

Şahin Fazil - Şahin Fazil oğlu Fərzəliyev (Şahin Fazil) 1940-cı ildə Quba şəhərində anadan olmuşdur. Burada orta məktəbi (1959), ADU-nun (indi BDU) Şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir (1964). Ədəbi fəaliyyətə 50-ci illərdə başlamışdır. İlk mətbu şeiri olan "Qız bənövşə" "Qızıl Quba" qəzetində dərc edilmişdir (1958). 1960-cı illərdən dövri mətbuatda şeir və publisistik məqalələrlə müntəzəm çıxış edir. Orta əsrlər Azərbaycan feodal dövlətlərinin tədqiqi üzrə çoxillik elmi fəaliyyətini davam etdirir. Əmək fəaliyyətinə Əfqanıstanda mütərcim kimi başlamışdır. 1963-1988-ci illərdə fasilələrlə on üç il həmin ölkənin müxtəlif şəhərlərində işləmiş (burada Əfqanıstanın 3 medalı və Fəxri fərmanları ilə təltif olunmuşdur), Azərbaycan EA (indi MEA) Tarix İnstitutunun aspiranturasında təhsilini davam etdirmışdir (1970-1973). Həmin institutda kiçik elmi işçi (1973-1983), böyük elmi işçi (1983-1996) olmuşdur. Hazırda aparıcı elmi işçidir (1996-cı ildən).
Şair, şərqşünas, tərcüməçi Şahin Fazil Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997); tarix elmləri namizədi (1974); Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix doktoru (1993); tarix elmləri doktorudur (1996). "Sədaqət" dövlət medalına layiq görülmüşdür. Hazırda Azərbaycan MEA Tarix institutunun Qarabağ tarixi şöbəsində aparıcı elmi işçidir.
Əsərləri: Qəzəllər. Bakı: Yazıçı, 1978, 43 səh. (şərikli); Qəzəllər. Bakı: Yazıçı, 1986, 223 səh. (şərikli); Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri üzrə), Bakı: “Elm”,1983,151səh.; Yenə görüşərik. Bakı: “Yazıçı”, 1989, 101 səh.; Qəzəllər. Bakı: “Elm”, 1990, 573 səh.; Qəzəllər (I cild). Bakı: “Azərnəşr”, 1994, 197 səh.; Divan. Bakı: “Azərnəşr”, 1996, 465 səh.; Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə (I nəşr). Bakı: “Azərnəşr”, 1994, 200 səh.; Əllərini ver mənə. Bakı: “Gənclik”, 1998, 202 səh.; Azərbaycan və Osmanlı imperiyası (II nəşr). Bakı: “Elm”, 1999, 200 səh.; Quba tarixi. Bakı: “Əbilov və qardaşları”, 2000, 456 səh.; Qırxnamə, yaxud qırx şeirdən ibarət elegiya. Bakı: “Əbilov və qardaşları”, 2001, 55 səh.; İlnamə, yaxud səndən ayrı səninlə. Bakı: “Elnur-P”, 2002, 232 səh.; XV əsr Azərbaycan dövlətlərinin quruluşu. Bakı: “Elnur-P”, 2003, 120 səh.; İran səfərnamələri. Bakı: “Elnur-P”, 2003, 220 səh.; İkinci Divan. Bakı: “Elnur-P”, 2004, 162 səh.; Üçüncü Divan. Bakı: “Nurlar”, 2008; Dördüncü Divan, Bakı: “Təhsil”, 2014; Şahin Fazil. Yaponiya səfərnaməsi. Bakı, “Elm və təhsil”, 2011, 232 səh.
Tərcümələri (ərəb, fars, türk dillərindən): Zəfər təranələri (əfqan şeir və hekayələri). Bakı: “Yazıçı”, 1984, 176 səh. (şərikli); Jozef Tiflisi, Vaqiati-Mir Veys və Şah Hüseyn (orta əsr). Bakı: “Azərnəşr”, 1992, 57 səh.; Y.T.Kruşinski. Xristian səyyahın tarixi. Bakı: “Azərnəşr”, 1993, 103 səh.; Məryəm Mirəhmədi. Səfəvilər dövründə din və dövlət. Bakı: “Azərnəşr”, 1997.
Şahin Fazil
QƏZƏL
Dostum Vaqif Buduqluya
Bir də tərifləməyin köhnə Səmərqəndi mənə,
Çox şəhərdən daha üstündü Buduq kəndi mənə.

Mən cavanlıqda yad ellərdə əziyyət çəkdim,
Kəsdilər bir neçə yerdən bərəni, bəndi mənə.

O qədər heyfini çəkdim vətənin qürbətdə,
Hələ Kabulda ikən Şahdağı görsəndi mənə.

O qəriblikdə deyərdim həmişə: “Yad yurdun
Yurdumun istiotundan acıdır qəndi mənə”.

Elimin qoşması var, var qəzəli, maşallah,
Bəxş edir dünya qədər həzz qıfılbəndi mənə.

Körpəlik vaxtı edərlər cocuğa peyvəndi,
Sanki şeir ilə ediblər neçə peyvəndi mənə.

Vermədim mən yaxa heç vədə Ərəbzəngilərə,
Öyrədiblər uzun illər nə qədər fəndi mənə.

Atamın kəndi o Qəçreş, anamın kəndi Buduq,
Versələr istəmərəm Gəncəni, Dərbəndi mənə.

Gəzmişəm çox yeri dərviş sayağı, ey Şahin,
Ən nəhayətdə Buduq torpağı məskəndi mənə!

Zavər Qafarov – Əslən Qubanın Buduq kəndindən olan tanınmış hüquqşünas Zavər Murad oğlu Qafarov III dərəcəli dövlət ədliyyə müşaviridir, 2015-ci ilin mart ayınadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi vəzifəsində çalışıb. Hazırda Ədliyyə Akademiyasında dekandır. 20 noyabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

 

 

 


Adil Əsədov - Adil İsgəndər oğlu Əsədov 1 oktyabr 1958-cı ildə Quba şəhərində anadan olmuşdur. 1975-ci ildə Quba İnternat Məktəbini, 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu (indi Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirib.
1986-1989-cü illərdə fəlsəfə ixtisası üzrə Azərbaycan SSR Elmlər Akademiyası (indi Azərbaycan Milli Elmlər Akademiyası) Fəlsəfə və Hüquq İnstitutunun aspirantu-rasında təhsil almışdır. "Təfəkkürün tarixi tipləri və mühəndis fəaliyyə¬ti" mövzusunda dissertasiyasını vaxtından əvvəl, aspirantura müddəti başa çatmamış müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. 1994-cü ildə "Təfəkkür tipləri dina-mikası "cəmiyyət və təbiət" sistemi kontekstində" mövzusunda dissertasiyanı müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alıb. Aspiranturanı bitirdikdən sonra Elmlər Akademiyasında işə qəbul olunmuş və burada elmi karyeranın bütün mərhələlərindən keçmişdir: əvvəlcə kiçik elmi işçi, sonra isə elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, qrup rəhbəri və şöbə müdiri vəzifələrində çalışıb.
Azərbaycan Milli Elmlər Akademiyasında 1986-cı ildən fasiləsiz olaraq çalışmaqla yanaşı, 1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Bakı Dövlət Universitetində dərs deyib.
2005-ci ildə Fəlsəfi Maarifçilik Assosiasiyasını təsis etmişdir. Assosiasiyanın xətti ilə dünya fəlsəfi irsinin Azərbaycan dilinə tərcümə olunmasında və təbliğində iştirak edib.


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının himayəsi altında həyata keçirilən "Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesində milli mədəniyyətin inkişaf perspektivləri" (2009), "Azərbaycan mədəniyyəti dünya sivilizasiyası kontekstində" (2011), "Azərbaycan mədəniyyətinin inkişafinda regional resurslarin əhəmiyyəti" (2012) layihələrinin rəhbəri olmuş, hazırda isə "Azərbaycan mədəniyyətinin inkişaf perspektivləri modernləşmə kontekstin-də" layihəsinin rəhbəridir.
Dünya Azərbaycanlılarının III Qurultayının (2011) nümayəndəsi olmuşdur.
2011-ci ilin yanvarından Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. İnstitutun Elmi Şurasının, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən İnstitutun nəzdində yaradılan Dissertasiya Şurasının və Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası nəzdində Fəlsəfə, Sosiologiya, Hüquq və Siyasi elmlər üzrə Problem Şurasının üzvüdür.
Elmi fəaliyyəti: Azərbaycan, rus, ingilis və alman dillərində çap olunan 170-dən artıq elmi məqalənin müəllifidir.
Bir çox beynəlxalq konfransların iştirakçisı və məruzəçisi olub. Bakı, Moskva, Minsk, Tbilisi, Belqorod, Bratislava, Afinada və Sankt-Pe¬ter-burqda, Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində keçirilən beynəlxalq elmi konfranslarda çıxışlar etmişdir. Sosial elmlər üzrə İkinci Ümumavropa Konfransında (13-18 iyun, 1998) Azərbaycanı təmsil etmişdir. "Moslem World and Europe" adlı məruzəsi 1999-cü ildə Parisdə çap olunub.
Postsovet məkanının ən nüfuzlu fəlsəfi nəşri olan «Вопросы фило-софии» jurnalında 20 illik fasilədən sonra (2011) çap olunan ilk Azərbaycan müəllifidir.
Dünya fəlsəfi irsindən iri həcmli tərcümələri vardır. Alman filosofu Artur Şopenhauerin “Dünya iradə və təsəvvür kimi” adlı şah əsərini, Norveç filosofları Gunnar Skirbekkin və Nils Gilyenin "Fəlsəfə tarixi" əsərini və Amerika filosofu Uill Dürantın "Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları" əsərini Azərbaycan dilinə tərcümə edib.
Elmi fəaliyyətinin əsas qayəsini isə Fəlsəfi Pentalogiyanın – beş hissədən ibarət fəlsəfi sistemin yaradılması təşkil edir. Forması etibarı ilə Fəlsəfi Pentalogiya formatında olan, məzmunu etibarı ilə müəllif tərəfindən spiritualist aristokratizm fəlsəfəsi adlandırılan həmin sistemin tərkib hissələri bunlardır: Gözəlliyin fəlsəfəsi, Varlığın fəlsəfəsi, Təfəkkürün fəlsəfəsi, Əxlaqın fəlsəfəsi və Siyasətin fəlsəfəsi.
Adil Əsədovun fikrincə, “Mən necə olmalıyam?” və “Dünya necə olmalıdır?” suallarına müfəssəl cavab vermək öhdəliyindən Gözəllik fəlsəfəsi çıxış etməli, “Mən nəyə güvənə bilərəm?” sualına nəticə etibarı ilə Varlıq fəlsəfəsi cavab verməli, “Mənim nə etmək imkanım var?” sualını son nəticədə Təfəkkür fəlsəfəsi cavablandırmalı, “Nəyi etmək mənə yasaqdır?” sualına Əxlaq fəlsəfəsi cavab tapmalı, “Mən nə etməliyəm?” sualına cavab isə Siyasət fəlsəfəsinin və bütövlükdə fəlsəfənin son sözü olmalıdır.
Bu suallar mənalandırıldıqca və fəlsəfi rakursda cavablandırıldıqca alimin Fəlsəfi Pentalogiya sisteminin ayrı-ayrı bölmələri də çap olunub.
Adil Əsədovun irəli sürdüyü və Fəlsəfi Pentalogiya formatında təqdim etdiyi spiri-tua¬list aristokratizm fəlsəfəsinin müxtəlif aspektləri müəllifin Bakıda, Moskvada, Tbilisidə, Parisdə çap etdirdiyi əsərlərində əks olunub.

Cəlaləddin Budadoğlu - Cəlaləddin Mirzağa oğlu Məmmədov (Cəlaləddin Budadoğlu) 25 iyul 1953-cü ildə Quba rayonunun Buduq kəndində anadan olub. İlk mətbu şeirləri hələ orta məktəbin son siniflərində oxuyarkən işıq üzü görüb. Belə ki, “Dağlar” adlı şeiri məhz həmin dövrdə Qubada çıxan “Şəfəq” qəzetində dərc olunub. Sonradan “Səs”, “Gedirəm” şeirləri və bir neçə adsız şeiri xalq şairi Məmməd Arazın redaktoru olduğu “Azərbaycan təbiəti” jurnalında və “Vaxt” qəzetində qərc edilib.
1971-1976-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakultəsində təhsil alıb. 1990-cı ildən Azərbaycan Aşıqlar, 1999-cu ildən isə Yazıçılar birliklərinin üzvüdür. 2000-ci ildə "Mən kiməm" adlı şeirlər kitabı çap olunub. Bundan başqa şeirləri Qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisinin almanaxlarında, eləcə də paytaxtda çıxan “Azərbaycan”, “Ulduz” ədəbi jurnallarında, “Ədəbiyyat”, “Ekspres”, “525-ci qəzet”, “Vaxt”, “Azad Azərbaycan”, “Palitra” və digər qəzetlərdə dərc olunub.
1981-2008-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində çalışıb, istefada olan polis mayorudur.
C.Budadoğlu hazırda buduqluların tarixi, həyat tərzi və adət-ənənələri ilə bağlı araşdırmalarını və ədəbi yaradıcılığını davam etdirir.