BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
Buduqlular

 

 

 

Buduqluların tarixən formalaşmış özünəməxsus zəngin mədəniyyəti, zaman-zaman müxtəlif fəaliyyət sahələrində, mədəniyyət və elmdə iz qoymuş tanınmış şəxsiyyətləri olmuşdur ki, məqalədə onların bəziləri haqqında məlumat verilir. Buduqluların mədəniyyəti, ilk növbədə bu azsaylı xalqın maddi mədəniyyətində və zəngin etnoqrafik özəlliklərində özünü büruzə verməkdədir.
Buduqlular, digər dağ əhlisi kimi, oturaq həyat tərzi keçirmişlər. Buduq evləri tarixən 2 otaqlı evlərdən ibarət olmuş və alt mərtəbələrdən adətən heyvan saxlanılması üçün istifadə edilmişdir. Otaqlardan biri qonaq otağı hesab olunurdu. Bununla belə Buduq evləri, Quba Dağıstanının digər evləri kimi, xarici baxımdan gözəgəlimli olmamışdır. Dağ əhalisi, eləcə də buduqlular, var-dövləti gözəl tikililərdə deyil, xalça, palaz, yorğan-döşək, silah və s. varlığında görürdülər. Qeyd etmək lazımdır ki, bu əhval-ruhiyyə bəzi buduqlularda son vaxtlaradək qorunmuşdur.
Buduqluların əsas məşğuliyyəti heyvandarlıqla bağlı olmuşdur. Onlar süd məhsulları, yun emal edir, mahud parça, xalça, gəbə, palaz, yəhər, xurcun, corab, şal və s. toxuyur, bunların müəyyən qismini satış üçün hazırlayırdılar.
Heç sağılan südün başqa kənddən digər yerə kəmərlər vasitəsilə göndərildiyini eşitmizinizmi? Buduqda belə bir kəmər olub. Çoxlu sayda iribuynuzlu ve xırdabuynuzlu heyvanların bəsləndiyi Qabqazma və Dağüstü kimi yaşayış məntəqələrində olan heyvandarlar sağılan südü mərkəzə, yəni Buduq kəndinə saxsı kəmərlər vasitəsilə ötürərdilər. Süd kəmərini zamanında, XIX əsrdən xeyli əvvəl Buduq bəylərinin çəkdirdiyi söylənilir. Kənd əhalisi 3-4 km-lik məsafədən keçib gələn tonlarla südü kəndin mərkəzindəki kəmər bulağından götürürmüşlər. Buduqda indi də qədim süd kəmərinin qalıqları mövcuddur.
Tarixən maldarlıq, əkinçilik və toxuculuqla məşğul olan bu kənddə eyni zamanda taxılçılıq, quşçuluq, kustar sənətkarlıqla da inkişaf etmişdir. Hələ XIX əsrdə Buduqda cib qiblənüması, xəncər tiyəsi və qını düzəldildiyi, tüfəng qundağı bağlandığı, tikinti üçün material hazırlayan emalatxananın, at zavodunun mövcud olduğu barədə faktlara təsadüf olunur. Böyük Vətən müharibəsinin doğurduğu məhrumiyyətlərə məruz qalan buduqluların kütləvi şəkildə aran ərazilərinə axını onların əsas məşğuliyyətlərini də dəyişdirdi. Müasir buduqluların əksəriyyəti artıq maldar deyil, bağban, tərəvəzçi, əkinçidir. Buduqun özündə isə müharibədən əvvəlki 500-ə yaxın təsərrüfat əvəzinə yüzə yaxın təsərrüfat qalmışdır. Onlar öz ata-babalarının məşğuliyyətini davam etdirirlər.
Dediyimiz kimi, bu yerlərin təbii-iqlim şəraiti ilə əlaqədar heyvandarlıq, ilk növbədə də qoyunçuluq əsrlərdən bəri Buduq kəndində aparıcı təsərrüfat sahəsi olmuşdur. Əkinə yararlı torpaq sahələrinin azlığı səbəbindən buduqlular öz heyvandarlıq məhsullarını Müşkür və Şabran düzənliklərində çörəyə dəyişirdilər.
Ev heyvanları, xüsusən də qoyunlar buduqluların əsas sərvəti idi. Qoyunçuluq paltar, ayaqqabı, yataq ləvazimatı, örkən, sicim hazırlamaq, məfrəş, xurcun, çuval, xalça, palaz və digər bu kimi ev məmulatı toxumaq üçün yun və dəri, eləcə də ət, süd, yağ, pendir, işıqlandırma üçün piy verirdi.
Qış otlaqlarının yoxluğu ona gətirib çıxardı ki, Şahdağ xalqları qrupunda, o cümlədən buduqlularda hələ çox-çox əvvəllərdən köçürmə heyvandarlıq sistemi yarandı. Bu zaman sürülər Azərbaycanın sahilyanı düzənliklərinə, başlıca olaraq Müşkür və Şabrana köçürülürdü. Bir çox kasıb təsərrüfatları öz kiçik sürülərini təcrübəli çobanların – sərkərlərin “qoşma” sürülərinə qatırdılar.
Buduqluların maddi mədəniyyəti və məişəti azərbaycanlılar və Qafqazın digər xalqları ilə çoxlu ümumi cəhətlərə malikdir.
Buduqluların əsas qida məhsulu qoyun və keçi əti idi. Həmçinin, mal, camış, vəhşi keçi (tur) və dovşan əti də yeyirdilər. Azərbaycanın digər müsəlman əhalisi kimi buduqlular donuz və at ətindən istifadə etmirdilər. Təzə və qurudulmuş qoyun əti onların sevimli yeməyi idi. Azərbaycanlıların təsiri altında onlar da qış üçün “basdırma” hazırlayırdılar. Bunun üçün tikə-tikə doğranmış əti duzlayır, xırda-xırda doğranmış ətirli çöl otları ilə qarışdırır, böyük saxsı küplərə doldurur və sərində qalması üçün torpağa basdırırdılar. Azərbaycan mətbəxinin təsiri ilə buduqlularda da dolma, şişlik, lüləkabab, plov və başqa yeməklər geniş yayılmışdı. Varlı qoyunçular bayram günlərində bütöv qoyun cəmdəyi bişirirdilər. Bunun üçün cəmdəyi təmizləyir, içərisini düyü və turş meyvələrlə, piylə doldurur, sonra isə dəriyə bükərək tikir, tonqalda qızardırdılar.
Buduq sakinləri süd məhsullarından geniş istifadə edirdilər. Südün əksər hissəsi turş süd (qatıq), pendir və yağ hazırlanmasına sərf edilirdi. Buduğun qoyun pendiri təkcə bu dağ mahalında deyil, həm də bütün Quba bölgəsində məşhur idi. Qoyun pendirini adətən yaylaqlarda hazırlayır və tuluqlarda saxlayırdılar.
Süddən həmçinin, “qatıq” (turş süd), yağ və xama (“qaymaq”) hazırlayırdılar. Bunların hazırlanma qaydası azərbaycanlılarınkı ilə demək olar ki, eyni idi. Həmin oxşarlıq buduqluların digər ənənəvi maddi mədəniyyətlərində: məskunlaşma, yaşayış və geyimində də görünməkdədir.
Buduq kəndi, digər dağ kəndləri kimi, bir neçə kvartaldan – məhəllədən ibarət idi. Bunların hər biri eyni “toxum”, yəni nəsil mənsubiyyətli qohum ailələr qrupundan ibarətdi. Hər bir toxum öz məhəlləsi hüdudunda yığcam yerləşirdi. Qohum ailələrin evləri bəzən elə yaxın yerləşirdi ki, bir evin damından o biri evin damına adlamaq mümkün idi. Məhəllələr toxumun banisinin adı ilə adlanırdı. Ona görə də “məhəllə” və “toxum” terminləri çox vaxt ərazi-nəsil qruplarını bildirirdi. Buduğun özündən fərqli olaraq onun “oba” adlanan yeni yaşayış məskənlərində qohum ailələrin yanaşı yerləşmə prinsipi çox vaxt pozulurdu.
Buduq sakinlərinin ənənəvi geyimi Azərbaycanın digər dağ xalqlarının geyimləri ilə çox oxşardır. 1917-ci il inqilabına qədər paltar tikilməsi üçün material kimi əldə toxunma qaba parçadan – “şaldan”, eləcə də gətirilmə kətan, pambıq və ipək parçalardan istifadə olunurdu. Varlılar bahalı gətirilmə mahud, məxmər, atlas, daray, qanavuz, ipək və s. parçalardan tikilən paltarlar geyirdilər. Kasıblar əl toxulu parçalarla yanaşı satın alınmış çit və bez də geyinirdilər. Yerli və gətirilmə parçalarla yanaşı buduqlular qoyun xəzi və dərisindən də istifadə edirdilər. Qoyun xəzindən olan xəz palto (“kaval”), “kürk”, papaqlar tikilirdi; qoyun yunundan isə “yapıncı” hazırlanır, şallar, naxışlı “corablar” toxunur, toxunma naxışlı ayaqqabı ərsəyə gətirilirdi. İribuynuzlu heyvanların dərisindən çarıqlar (“çalam”) tikirdilər.
Buduqluların ənənəvi kişi geyimi alt və üst paltardan, şalvar, arxalıq, çuxa, yapıncı, papaq, adi və yalançı dekorativ qollu xəz paltodan (“kaval”) ibarət idi. Ayaqlarına başlıca olaraq çarıq geyinirdilər. “Kəməçar” və “şatal” adlanan naxışlı yun ayaqqabılar da maraq kəsb edirdi. İmkanlı kişilər vəznəli çuxa və papağa xüsusi diqqət yetirirdilər. Çuxanı imkan daxilində alınma mahuddan, papağı isə - quzu dərisindən tikirdilər. Çuxa və arxalıq üzərindən kəmər geyirdilər. Kəmərin ön tərəfindən mütləq xəncər asılırdı.
Qadınların ənənəvi geyimi biçiminə və tipinə görə Qafqazın dağ xalqlarının, xüsusən də Azərbaycanın Quba bölgəsinin əhalisinin geyimindən fərqlənmirdi. O alt köynəyi (“pərəm”), şalvar və dondan (“bulaşa”), üst geyimi isə arxalıqdan (“valçaq”) ibarət idi. Buduq qadınları ayaqlarına dəri (“şalmar”), toxuma (“kəməçar”) ayaqqabılar, eləcə də naxışlı toxunma corablar, çüvək, başmaq və çəkmələr geyinirdilər. Arxalığın üstündən qışda qadınlar kürk geyirdilər. Varlı ailələr kürkü aşılanmış bahalı dəridən tikdirirdilər. Qadınların üst paltarında gümüş bəzəklər və sikkələr olurdu. Boyunlarında muncuq, biləklərində bilərzik, barmaqlarında gümüş (varlılarda qızıl) üzüklər gəzdirirdilər. Gümüş qadın kəmərləri dəbdə idi.
İstər kişilərin, istərsə də qadınların bayram geyimləri gündəlik paltarlardan həm materialının keyfiyyəti, həm də bəzəklərinin bolluğu ilə seçilirdi.
Buduqlular İslamın sünni məzhəbinə mənsubdurlar. Kənddə məscid və mədrəsə mövcud olmuşdur. Bəzi buduqlular dini təhsil almış, din xadimi kimi tanınmışlar. XIX əsrin ortalarında Budiq kəndinin əfəndisi Allahverdi Babaverdi oğlu idi. Kəndin mollalarından Xəlfə Fəttah (Allahverdi əfəndinin qardaşı), Molla Mahmud axund Molla İsmayıl axund oğlu, Molla Mahmud Məhəmməd əfəndi oğlu daha çox tanınmışdılar. Allahverdi əfəndinin oğlanları atalarının işini davam etdirmiş və ikinci oğlu Molla Əhməd Buduqi daha çox tanınmışdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunda bu nəslə məxsus dini mövzuda yazılmış bir kitab mühafizə olunur. “Din fəttahı” adlanan bu əlyazma Molla Əhməd Buduqinin oğlu Vəliyullah tərəfindən köçürülmüş və 1898-ci ildə Çuxurobada Yusif adlı şəxsin evində tamamlanmışdır. Əlyazma 2 hissədən ibarətdir: birinci hissədə (1-159a vərəqləri) dinə aid mənsur hekayələr, ikinci hissədə isə (160b-173a vərəqləri) dinə həsr olunmuş mənzum parçalar verilir. Əlyazmanın son vərəqində Vəliyullah öz nəsli barədə qısa qeydlər edir (Fəttahi-Din. Azərbaycan MEA Əlyazmalar institutu, şifrə: B-1591/20462, 173 vərəq, Azərbaycan dilində).
Hazırda buduqlular Azərbaycandakı digər xalqlarla güclü şəkildə qarışmışlar, onlarla çoxsaylı qohumluq əlaqələri vardır. Buduqluların həyat ukladı azərbaycanlıların həyat tərzindən cüzi fərqlənir, yaşayış yerləri, geyimləri, yeməkləri, adət və ənənələri isə əsas etibarilə yaşadıqları ərazinin xarakterindən asılıdır. Buduqluların fərqləndirici xüsusiyyətləri arasında ailələrin çoxuşaqlı olmasını, qonaqpərvərliyi, ciddi və bəzən də tərs xasiyyəti, öz sözünə sadiqliyi göstərmək mümkündür.