BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim

Tarix yazan igidlər

44 günlük Vətən müharıbəsi Azərbaycanın hərb  tarixinə qəhrəmanlıqlar və igidliklər dolu şanlı səhifələr yazdı. Doğma torpaqlarımızın yağı tapdağından azad olunması uğrunda gedən qanlı döyüşlərdə Azərbaycanın bütün bölgələrindən olan əsgər və zabitlər qəhrəmancasına döyüşdülər. Vətən sevgisi, yurd təəssübkeşliyi, düşmənə qarşı intiqam hissi kimi  ali hisslərin birləşdirdiyi bu oğulların hər biri müharibədə öz  zəfərli imzasını qoydu. Tarixi ədalətin bərqərar olması, dədə-baba torpaqlarından didərgin salınmış insanların öz yurdlarına qayıtması üçün haqq savaşına respublikamızın bütün xalqlarının nümayəndələri  qalxdılar. Qusar, Quba, Xaçmaz, Oğuz, Qəbələ, İsmayıllı rayonlarından olan ləzgilərin göstərdiyi qəhrəmanlıqlar dildən-dilə düşdü. Heyf ki, heç bir müharıbə qurbansız olmur. Təkcə Qusar rayonundan 38 gənc vətən uğrunda qəhrəmancasına həlak oldu. Allah rəhmət eləsin! Onları unutmağa haqqımız yoxdur! “Samur” qəzeti Vətən müharıbəsində şəhid olmuş igidlərimiz haqqında yazıları oxuculara müntəzəm təqdim edir. Bu dəfə 4 qusarlı şəhid haqqında danışacağıq.
 
ŞIXMİR AĞAMİROV
 
    Qusar şəhərində 1990-cı ilin aprelin 5-də anadan olmuş Şıxmir Qabil oğlu Ağamirov 6 saylı orta məktəbi bitirib. Hərbi xidmətini başa vurandan sonra  2011-ci ildə Təlim Tədris Mərkəzinin gizirlər kursuna daxil olub. Masallı, Füzuli, Ağcabədi və Beyləqan rayonlarında xidmət edib.
    Əsl hərbçilərə xas keyfiyyətləri ilə seçilən Şıxmir aprel döyüşlərinin iştirakçısı olub, igidlikləri ilə komandanlığın rəğbətini qazanıb. Döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə bir neçə dəfə fəxri fərmana layiq görülüb. Müdafiə nazirinin əmri ilə Ş.Ağamirov 2020-ci il iyunun 26-da “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub. 
    İkinci Qarabağ müharibəsinin ilk günlərindən şücaətlə döyüşən baş gizir Şixmir Ağamirov noyabrın 7-də Şuşada həlak olub.  Ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.Şıxmir ailəli idi, qızı yaş yarımlıqdır. 
 
İLYAS NİFTƏLİYEV
 
    Niftəliyev İlyas Güloğlan oğlu Qusar rayonunun Bədirqala kəndində 1999-cu ilin aprelin 12-də anadan olub. Doğma kəndlərində 9-cu sinfi, qonşu Balaqusar kəndində isə orta məktəbi bitirən bu gəncin ürəyi böyük arzularla döyünürdü.
    Tankçı kimi Birinci Qarabağ müharibəsinin qanlı döyüşlərində iştirak etmiş atası Güloğlan Niftəliyev həyatda onun üçün əsl nümunə idi.  İlyas uşaqlıqdan hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. Bu arzu ilə Ali Hərbi Akademiyaya daxil olmuş, oranı müvəffəqiyyətlə bitirmişdi. 
    İkinci Qarabağ müharibəsi başlananda İlyas döyüşlərə xüsusi təyinatlılar dəstəsində qatıldı. Bir çox yaşayış məntəqələrimizin düşmən işğalından azad olunmasında qəhrəmanlıqlar göstərdi. Murov yüksəkliyinin, Cəbrayılın, Hadrutun alınmasında onun müstəsna xidmətləri olub. İgid leytenant ötən ilin oktyabrın 14-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
    Ölümündən sonra İlyas Niftəliyev “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”  və “Hərbi xidmətlərə görə” medallarına layiq görülüb.
 
RUSLAN CƏFƏROV 
 
    2000-ci ilin avqustun 2-də Qusar şəhərində anadan olmuş Ruslan Mövlan oğlu Cəfərov 2 saylı orta məktəbin məzunudur. Hərbi xidmətini başa vuran gənc tərbiyəsi, təhsili, döyüş hazırlığı ilə komandanlığın diqqətini cəlb etmişdi. əsl hərbçi keyfiyyətləri iıə seçilən bu qorxubilməz gənc MAXE-yə yazılmışdı. 2020-ci ilin aprelindən Naxçıvanda xidmət edirdi. Valideynləri ilə uzun illərdən bəri kirayədə yaşayan Ruslanın ən böyük arzusu işləyib ev almaq,  II qrup əlil olan atasını və xidmətçi işləyən anasına maddi cəhətdən dəstək olmaq idi.
    Müharibənin ilk günlərindən döyüşlərə kəşfiyyatçı kimi atılan Ruslan öz qorxmazlığı ilə çoxlarına nümunə idi. Bu igid kəşfiyyatçı oktyabrın 21-də Xocavənd ətrafında gedən döyüşlərdə həlak oldu. 
    Ruslanla bərabər İkinci Qarabağ müharibəsində onun böyük qardaşı Nurlan da vuruşmuş, hünər göstərmişdir. Şəhid qardaşının arzularını həyata keçirmək sağ-salamat evə qayıtmış Nurlan üçün indi həyat amalına çevrilmişdir.
    Ruslan Cəfərov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
 
RƏSUL QAZIMƏTOV
 
    Qusar rayonunun Qayakənd kəndində 2001-ci ilin iyunun 14-də  anadan olmuş Rəsul Kəmaləddin oğlu Qazımətov şəhər 6 saylı orta məktəbinin məzunudur. Qızıl kimi əlləri olan, ustalıq işlərindən xoşu gələn bu gənc evin dirəyi idi. Atası ilə çiyin-çiyinə çalışmaq ona qürur verirdi. Təəssübkeşliyi və  qayğıkeşliyi ilə doğmalarının sevgisini qazanmış bu gənc hərbi xidmətə yollanmazdan əvvəl  atası ilə bərabər evlərini başdan-başa təmir etmişdi. 
    Rəsulun hərbi xidmətdən tərxis olunmasına bir neçə ay qalmış İkinci Qarabağ müharibəsi başlandı. Çoxları kimi o da döyüşlərə qatıldı.  Pulemyotçu kimi Xocavəndin və Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə vuruşan bu cəsur gənc göstərdiyi qəhrəmanlıqlarla döyüş yoldaşlarının yaddaşına həkk olundu. O, oktyabrın 9-da torpaqlarımızın azad olunması uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına həlak oldu.
    Ölümündən sonra “Vətən uğrunda”,   “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
"Samur" qəzeti, 1(346), yanvar, 2021
скачать dle 10.4 UTF-8Forex для начинающих