Buduqlular
Azərbaycanın aborigen az saylı xalqları içərisində özlərinə məxsus etnoqrafik xüsusiyyətləri ilə seçilən və Qafqaz dilləri ailəsinə daxil olan, Şahdağ ətrafında yerləşmələrinə görə tarixi-etnoqrafik ədəbiyyatda “Şahdağ xalqları” adlandırılan buduqlular, xınalıqlılar, qrızlar, haputlular, ceklilər, əliklilər və yergüclülərin öz yeri vardır. Bu azsaylı xalqların hər biri kimi buduqlular da Azərbaycanın ən qədim sakinlərindən sayılırlar.
Buduqluların əsas yaşayış məskəni Quba şəhərindən 64 km cənub-qərbdə Qaraçayın sol sahilindən 2 km aralı Böyük Qafqazın Yan silsiləsinin yamacında yerləşən Buduq kəndidir. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Buduqda, ətraf Yalavanc və Dağüstü kəndlərində toplam min nəfərədək əhali yaşayır. Buduq və ətraf kəndlərin əsas təsərrüfat fəaliyyəti maldarlıq (əsasən qoyunçuluq), əkinçilik və toxuculuqdan (palaz, xalça, şal və s.) ibarətdir.
Buduqluların özlərinə məxsus dili vardır. Yazısız olan Buduq dili Qafqaz dil ailəsinin ləzgi qrupunun Şahdağ yarımqrupuna aiddir. Qrammatik quruluşca qrız dilinə çox yaxındır. Buduq dilində dörd qrammatik cins (kişi, qadın, şüursuz canlılar, cansızlar) var. Hallanma inkişaf etmişdir (təqribən 18 hal). Fellər şəxsə görə deyil, cinsə görə təsrif edilir. Buduq dilinin səs sistemi, qrammatik quruluşu, xüsusilə lüğət tərkibi Azərbaycan dilinin güclü təsirinə məruz qalmışdır.
XIX əsrin 30-40-cı illərindən etibarən buduqlular müxtəlif ictimai-iqtisadi səbəblər üzündən öz tarixi kəndlərindən köçərək, Quba qəzasının Müşkür və qismən də Şabran mahallarında məskunlaşmağa başlamışlar. Məsələn, XIX əsrin ortalarında Buduq kəndindən çıxaraq Müşkür mahalında (Azərbaycanın indiki Xaçmaz rayonu) məskunlaşan buduqlular burada Buduqlu, Qaradağ Buduq, Buduqlu Vəlioba, Ağyaz Buduq və yaxud Əziz oba, Qırxlar oba, Ramazan qışlağı, Qasımtala qışlağı, keçmiş Qonaqkənd (indiki Quba) rayonunda isə Güney Buduq (Qarabulaq), Dalıqaya və Qaraqız kəndlərinin əsasını qoymuşlar. XIX əsrdə ayrı-ayrı şəxslərin adı ilə məlum olan kəndlərin yaranması faktı da məlumdur. Həm də tarixi mənbələrdə çox vaxt bu kəndlərin Buduqdan çıxması və ya onun məhz buduqlulara məxsus olmasına görə onlar Buduqlu Əzizoba, Buduqlu Qasımtala kimi toponimlərlə adlandırılmış və daha sonralar sözün birinci komponenti, yəni “Buduq”, “Buduqlu” hissəsi atılsa da, lakin istər yerli əhali və istərsə də onların qonşuları həmin kəndlərin buduqlulardan ibarət olmasını indi də yaxşı xatırlayırlar.